Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(022)-983/2025 28.07.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ona məxsus fərdi həyət evi və torpaq sahəsinə altı ay müddətinə çıxarış düzəltmək üçün iddiaçıdan 2023-cü ili yanvar ayında 700 (yeddi yüz) manat, 24 yanvar 2023-cü il tarixdə 200 (iki yüz) manat, 30 yanvar 2023-cü il tarixdə 350 (üç yüz əlli) manat, 02 fevral 2023-cü il tarixdə 450 (dörd yüz əlli) manat, ümumilikdə 1700 (min yeddi yüz) manat pul alaraq altı ay müddətinə işləri həll edə bilməyəcəyi halda pulunu qaytaracağını bildirdi. Hər gün sabah qaytaracağını bildirməsinə baxmayaraq iki ildən artıq müddətdir ki, onu aldadaraq pulu qaytarmamışdır. Bütün bunlarla bağlı Sabunçu Rayon Məhkəməsinin cinayət təqibinə xitam verilməsi haqqında 14 aprel 2025- ci il tarixli 1(008)-291/2025 saylı Qərarı mövcuddur. Bununla bağlı polisə, məhkəməyə və dəfələrlə Mükafatın arxasınca getməsindən dolayı ona maddi və mənəvi olaraq 500 (beş yüz) manat əlavə ziyan dəymişdir deyə İddiaçı qeyd etmişdir. İddiaçının tələbi: Cavabdeh verdiyi 1700 (min yeddi yüz) manat pulu və 500 (beş yüz) manat bu günə kimi əldən çıxmış fayda və cavabdehin ona vurduğu zərər üçün, ümumilikdə 2200 (iki min iki yüz) manat hesablanaraq cavabdehdən alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı iddia tələbinə qarşı hər hansı etiraz və ya yazılı sənəd daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat iddiasını müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı cavabdehdən çəkilmiş xərclər ilə bağlı tələb etdiyi 500 (beş yüz) manat məbləğə və əldən çıxmış faydaya dair heç bir sübutunun olmadığını bildirmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 1(008)- 291/2025 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maadəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Qərarın təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Cavabdeh etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı İddiaçı özünü vətəndaşlara məxsus fərdi həyət evi və torpaq sahəsinə çıxarış düzəldəcəyinə malik olan nüfuzlu şəxs kimi qələmə verib inamını qazanaraq 1700 (min yeddi yüz) manat pul müqabilində sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən fərdi həyət vinə çıxarış düzəldəcəyinə dair yalan vəd verib aldatmaqla, bu adla İddiaçı istintaqa dəqiq günü məlum olmayan 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində yerləşən nömrəsiz fərdi həyət evində 700 (yeddi yüz) manat, bundan sonra isə təqdim etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid 4169*********6065 nömrəli və 4169 7388 5972 4688 nömrəli plastic kart hesabları vasitəsi ilə 24 yanvar 2023-cü il tarixdə 200 (iki yüz) manat, 30 yanvar 2023-cü il tarixdə 350 (üç yüz əlli) manat, sonuncu dəfə 02 fevral 2023-cü il tarixdə isə ünvan 1 ünvanında yerləşən “OBA” marketdə olan ödəmə terminalı vasitəsi ilə göndərdiyi 450 (dörd yüz əlli) manat məbləğində pulu alıb, ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş İddiaçı ümumilikdə 1700 (min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 179.3-cü mаddəsinə görə mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsindən irəli gələn öhdəlik münasibətləri üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırılması zamanı müəyyən edilən hallar ondan ibarətdir ki, cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2025-ci il tarixli, 1(008)-291/2025 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maadəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Qərarın təsviri əsaslandırıcı hissəsində göstərilmişdir ki, Cavabdeh İddiaçı 1700 (min yeddi yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən çəkilmiş xərclər ilə bağlı tələb olunan 500 (beş yüz) manat məbləğə və əldən çıxmış faydaya münasibətdə hissəsi barədə qeyd etməyi zəruri hesab edir ki, tələb bu hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehdən çəkilmiş xərclər ilə bağlı tələb etdiyi 500 (beş yüz) manat məbləğə və əldən çıxmış faydaya dair heç bir sübutunun olmadığını bildirərək, iddia tələbinin bu hissəsinə münasibətdə istinad etdiyi halları sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına əsaəsən sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək, eləcə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərini, həmçinin, məhkəmə qərarının preyudisiallığını nəzərə alaraq belə nəticəyə gəlir ki, hazırki iş üzrə iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı tələb olmadığından iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 1700 (min yeddi yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №2(022)-983/2025
Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(022)-983/2025
28.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver