Məhkəmə qərarları › İş №2(023)-1/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1/2025 29.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 vərəsələri X9, X5, X6 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair mülki işə 29 aprel 2025ci il tarixdə, Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh2 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10724,64 manat əsas, 18,19 manat faiz borcu, 302,26 manat cərimə borcu, cəmi 11045,09 manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ipoteka qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 1797 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 6% olmaq şərtilə xx.xx.2017-ci il tarixinədək 15000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 ilə 1797/38 saylı, 10 iyul 2014-cü il tarixli ipoteka müqaviləsi bağlamış və Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında 0.055 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 215.7 kvm, yaşayış sahəsi 132.4 kvm, yardımçı sahəsi 83.3 kvm olan, 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtlı-vaxtında əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə Bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, ekspetlər tərəfindən onun mülkiyyətində olan və ipoteka predmeti olan ev düzgün qiymətləndirilməmişdir. Ekspertizanın rəyi ilə razı deyil, evin qiyməti dəyərindən çox aşağı qiymətləndirilmişdir. Yenidən ekspertiza təyin olunmasını, Bankın tələb etdiyi kredit məbləğinin yenidən hesablanmasını və evin dəyərinin yenidən qiymətləndirilməsini istəyir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 05 noyabr 2017-ci il tarixdə ölmüşdür. Qazax RİHB-nin Qazax şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 11-21/576 saylı arayışından görünür ki, Cavabdeh2 ölümündən sonra sağ olan vərəsələri X9, X5 və X7r. Ölüm haqqında arayışdan görünür ki, X5 07 sentyabr 2023-cü il tarixdə ölmüşdür. Cavabdeh2 hüquqi varisləri X9 və X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 1797 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Qazax filialı Cavabdeh2 36 ay müddətinə illik 6% ödəməklə 15000 manat məbləğində kredit vermişdir. 10 iyul 2014-cü il tarixli 1797/38 saylı ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmeti tərəflərin razılığı ilə 120.000 manat məbləğində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.055 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2017-ci il tarixə əsas borcu 10724.64 manat, faiz borcu 18.19 manat, 302.26 manat cərimə olmaqla, cəmi 11045.09 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.7-ci maddəsinə əssasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli 1797 saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik faiz dərəcəsi 6% olmaq şərtilə xx.xx.2017-ci il tarixinədək 15000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtlı-vaxtında əməl etməmiş, nəticədə Cavabdeh2 iddiaçı banka 10724.64 manat, faiz borcu 18.19 manat, 302.26 manat cərimə olmaqla, cəmi 11045.09 manat kredit borcu yaranmışdır. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh2 05 noyabr 2017-ci ildə vəfat etmişdir. X9 və X1 Fərman Həsən oğlunun vərəsələridir. Məhkəmə tələbin cərimə ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın 302.26 manat məbləğində cərimənin cavabdehdən tutulması hissəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə cərimənin məbləğinin 360,91 manat manatdan azaldılaraq 100 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Məhkəmə, eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satışı yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında mübahisə olduğundan, ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ekspert rəyinin alınmasına zərurət yaranmışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə ekspert rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertiza haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli 10/4667 nömrəli rəyindən görünür ki, Qazax şəhəri F.Qayıbov küçəsində yerləşən Cavabdeh1 məxsus olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78000 manat, likvid dəyəri isə təqribən 70000 manat müəyyən edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-291/2022 saylı qətnaməsindən görünür ki, AB Consulting MMC-nin xx.xx.2022ci il tarixli, 069/713/22 saylı rəyi ilə ünvan 1 ünvanında mülkiyyətdə olan 0,055 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bazar qiymətilə likvid dəyəri 142.000 manat təşkil edir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti qanuni qüvvəyə minmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 291/2022 saylı qətnaməsi ilə müəyyən edildiyindən, bu hissədə həmin məhkəmə aktı hazırkı mülki iş üçün predyusial əhəmiyyət daşıyır. Bu səbəbdən ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-291/2022 saylı qətnaməsi ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni şəxslərin iştirak etdiyi mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin şəxslər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Q.Məmmədova və digərlərinin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli Qərarında göstərilir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixi qərarında isə göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10724.64 manat, faiz borcu 18.19 manat, 100 manat cərimə olmaqla, cəmi 10842.83 manat pul Cavabdeh2 vərəsələri X9 və X3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 142000 (bir yüz qırx iki min) manat müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hərrac yolu ilə satılmalı və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər X9 və X3 müştərək qaydada alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, 92,53 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehlər X9 və X3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X9 və X3 10 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 10724,64 manat əsas, 18,19 manat faiz, 100 manat cərimə borcu, cəmi 10842,83 (on min səkkiz yüz qırx iki manat 83 qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. X9 və X3 müştərək qaydada 92,53 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın və satışdan əldə olunan vəsait hesabına borc ödənilsin. İpoteka predmetinin dəyəri 142000 (bir yüz qırx iki min) manat məbləğində müəyyən edilsin. X9 və X3 müştərək qaydada iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 100 (bir yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar