Məhkəmə qərarları › İş №2(023)-100/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-100/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-100/2024 15.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı X2 oğlunun, Cavabdeh nümayəndəsi, Vəkil Fəxrəddin oğlunun iştirakları ilə İddiaçı X2 oğlunun Cavabdeh qarşı kredit müqavilələrinin ləğvi və borcun tutulması tələbinə dair mülki işə 14 mart 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 oğlu Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlə Bakı şəhəri 43 saylı notariat ofisində 25 noyabr 2021-ci il tarixdə 3M-3368 reyestr nömrəsi ilə qeyd edilmiş, Ağstafa rayon notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə 3M-149 və 3M-153 reyestr nömrələri ilə qeyd edilmiş kredit müqavilələrinin ləğv edilməsi, Cavabdeh 165.000 (yüz altmış beş min) manat məbləğində ödənilməmiş borcun və iddia ərizəsi verilməsi üçün ödədiyi 455 (dörd yüz əlli beş) manat dövlət rüsumunun, ümumilikdə 165.455 (yüz altmış beş min dörd yiz əlli beş) manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onla yaxın qohumdur. Aralarında olan razılaşmaya əsasən cavabdeh ondan pul alaraq həmin pulla “TİR” markalı yük avtomobili almalı və cavabdeh “TİR” markalı yük avtomobilini idarə edərək əldə etdiyi gəlirdən hər ay ona 4700 manat pul verməyi öhdəsinə götürmüşdür. Cavabdehlə olan razılaşmaları notariat qaydada notarius tərəfindən təsdiq edilmiş müqavilələr bağlamaq yolu ilə rəsmiləşdirmişlər. Həmin müqavilələrdən əlavə cavabdehin yaxın qohumuna cavabdehə çatdırması üçün 12000 manat pulu KapitalBanka məxsus 416973++++1731 nömrəli kart vasitəsilə göndərmişdir. Daha sonra 3000 manat da şəxsən özü vermişdir. Həmin pulların alınmasını və ona ümumilikdə 165.000 (yüz altmış beş min) manat borcunun olmasını cavabdehin özü də etiraf edir. Cavabdehlə aralarında olan müqavilə ilə öhdəliklər onun tərəfindən icra edilsədə, cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınmışdır. Cavabdehə borcunu ödəməsi üçün notariat ofisi tərəfindən xəbərdalıq göndərilsədə, cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Belə ki, cavabdeh üzərinə götürdüyü hər ay ona 4700 manat ödəmək barədə öhdəliyi pozaraq onun pulları ilə alınmış “TİR” markalı yük avtomobillərini idarə edərək onun hesabına gəlir əldə etmişdir. Lakin öhdəliyi pozaraq əldə etdiyi gəlirdən ona ödəniş etməmişdir. Bunun üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Onunla cavabdeh arasında kredit və borc müqavilələri üzrə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və onun tələbi məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etmədiyinə görə onun qarşısında mülki məsuliyyət və cavabdehlik daşıyır, onun isə məhkəmə qaydasında cavabdehdən 165.000 manat pulu məcburi qaydada tutulmasını tələb etmək hüququ vardır. Cavabdeh müqavilə öhdəliyini pozduğundan, cavabdehlə onun arasında bağlanmış kredit müqavilələri də ləğv edilməlidir. Cavabdehin təqsiri ucbatından məhkəməyə müraciət etmək üçün əlavə olaraq 455 manat dövlət rüsumu ödəmişdir. Hesab edir ki, həmin pul da cavabdehdən tutulmalıdır. Məhkəmə iclasında X2 oğlu iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh onun qohumudur. O Rusiyada olanda cavabdeh ona iş qurmağı təklif etmişdir. Belə ki, 4 ədəd “TİR” markalı avtomobil almışlar, cavabdeh həmin maşınları işlədib gəlirindən hər ay ona 760 manat pul verməli idi. Lakin cavabdeh maşınlardan gələn gəlirdən ona pul verməmişdir. Bununla bağlı, yəni maşınların alınması üçün lazım olan məbləği cavabdehə verərkən Notarial qaydada müqavilələr bağlamışlar. Müqaviləyə əsasən cavabdehə 150.000 manat pul vermişdir. Cavabdehin polisdə işi olan vaxt 12.000 manat kartına pul köçürmüşdür. Cavabdehin 12000 manat pulu əmisi oğlunun kartına göndərmişdir. O həmin pulları cavabdehə faizlə verməmişdir. Cavabdeh 1 dəfə 760 manat pul vermişdir. 3 dəfə 3200 manat və təxmini 480 manat pulu isə hissə-hissə ona məxsus kartda göndərmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehlə aralarındakı razılaşmaya əsasən kredit müqavilələrinə əsasən ümumilikdə cavabdehə verdiyi 150.000 manat məbləğində pullara görə guya cavabdeh hər ay ona 4.700 manat məbləğində faiz ödəməsi barədə öhdəlik götürmüşdür. Bundan əlavə iddiaçının əsaslandığı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin 2-ci bəndindən müəyən olunur ki, borc alan Cavabdeh qeyd olunan müqavilələrə əsasən borc verən X2 oğluna krediti qaytarmağı barədə öhdəlik götürmüş olduğu müddətlər hələ başa çatmamışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2024-cü ildə, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2025-ci ildə, xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin müddəti isə xx.xx.2026-cı ildə başa çatır. İddiaçının əsaslandığı xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin müddəti başa çatmadığı halda, iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı, bunun səbəbini cavabdehlə aralarındakı razılaşmaya görə kredit müqavilələrinə əsasən ümumilikdə cavabdehə verdiyi 150.000 manat məbləğində pullara görə cavabdehin hər ay ona 4.700 manat məbləğində faiz ödəməsi barədə öhdəlik götürməsi, lakin həmin öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığından hazırkı iddia ilə məhkəməyə müraciət etməli olduğu kimi izah etmişdir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli kredit müqavilələrinin 3-cü bəndlərindən də açıq-aydın görünür ki, tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Bir sözlə, iddiaçının bu dəlilləri əsassızdır və heç bir mötəbər sübuta söykənmir. Eyni zamanda Cavabdeh sözügedən kredit müqavillərinə əsasən iddiaçı X2 oğluna borclu olduğu 150.000 manat puldan 2021-ci ilin sonundan başlayaraq 2023-cü ilin sonunadək həm özünə məxsus "xxxx"ın plastik kartlar hesabından (4169 7413 7769 4540 və 4169 7388 2076 3955 nömrəli kartlar), həm də MİLLİÖN elektron ödəmə sistemi vasitəsi ilə təxminən 70.000 (yetmiş min) manata qədər pulları hissə-hissə iddiaçının adına olan "xxxx"ın plastik kart hesabına (kart nömrəsi 4169 7413 1776 2225) ödəmişdir. MİLLİÖN və digər elektron ödəmə sistemi vasitəsi ilə köçürülən ödənişlərdən birini təsdiq edən (3.200 manata dair) qəbzin yalnız 1 ədədi cavabdehdə qalmış olsa da, qalan qəbzləri tapmaq mümkün olmamışdır. Cavabdeh hazırda iddiaçıya 70000 manat qaytarmışdır. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Bakı şəhər 43 saylı notariat ofisində 25 noyabr 2021-ci il tarixdə 3M-3368 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Vəliyev X1 Rauf Seyfəddin oğlundan borc aldığı 25000 manat pulu 25 noyabr 2024-cü il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. Ağstafa rayon notariat ofisində 10 iyun 2022-ci il tarixdə 3M-118 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Vəliyev X1 Rauf Seyfəddin oğlundan borc aldığı 40000 manat pulu xx.xx.2025-ci il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. Ağstafa rayon notariat ofisində 05 iyul 2023-cü il tarixdə 3M-153 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Vəliyev X1 Rauf Seyfəddin oğlundan borc aldığı 47000 manat pulu xx.xx.2026-cı il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. Ağstafa rayon notariat ofisində 05 iyul 2023-cü il tarixdə 3M-149 reyestr nömrə ilə təsdiq edilmiş müqavilədən görünür ki, Vəliyev X1 Rauf Seyfəddin oğlundan borc aldığı 38000 manat pulu xx.xx.2026-cı il tarixədək qaytaracağı barədə kredit müqaviləsinə öhdəlik götürmüşdür. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, idda tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Rauf İsmaılov Cavabdeh 25 noyabr 2021-ci il tarixdə 25000 manat, 10 iyun 2022-ci il tarixdə 40000 manat, 05 iyul 2023-cü il tarixdə 47000 manat, 05 iyul 2023-cü il tarixdə 38000 manat pulu kredit müqaviləsinə əsasən almış və qaytaracağına öhdəlik götürmüşdür. Bu fakt Bakı şəhər 43 saylı notariat ofisində və Ağstafa şəhər notariat ofisində təsdiq edilmiş müqavilələrlə və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iddiaçı etiraf etmişdir ki, Cavabdeh tərəfindən ona məxsus plastik karta ümumilikdə cəmi 12.902 manat pul köçmüşdür. Cavabdeh ona olan borcundan ümumilikdə cəmi 12902 manat pul ödəmişdir. "xxxx"ASC-yə məxsus plastik kartdan çıxarışdan da görünür ki, həqiqətən də Cavabdeh tərəfindən iddiaçı Raud İsmaılova məxsus plastik karta 12.902 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa iddiaçının iddia tələbinin 12000 manat hissəsinə hüquqi qiymət verərək hesab edir ki, sözügedən 12.000 manat pulla bağlı qəbzdən də göründüyü kimi həmin qəbzdəki ad, soyad və plastik kart cavabdehə məxsus deyil. İddiaçı iddia tələbinin həmin hissəsində 12.000 manat pulun cavabdehə verməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 43 saylı notariat ofisində 2021-ci il tarixdə bağlanılmış 3M-3368 reyestr nömrəsi ilə qeyd edilmiş, Ağstafa rayon notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixdə bağlanılmış 3M-118 reyestr nömrəsi ilə qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə bağlanılmış 3M-149 və 3M-153 reyestr nömrələri ilə qeyd edilmiş kredit müqavilələri ləğv edilməli, Cavabdeh 140.553 (yüz qırx min beş yüz əlli üç) manat məbləğində borc alınaraq X2 oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdəın iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 455 manat dövlət rüsumunun 430.55 manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri 43 saylı notariat ofisində 25 noyabr 2021-ci il tarixdə 3M-3368 reyestr nömrəsi ilə qeyd edilmiş, Ağstafa rayon notariat ofisində bağlanılmış xx.xx.2022-ci il tarixdə 3M-118 reyestr nömrəsi ilə qeyd edilmiş, xx.xx.2023-cü il tarixdə 3M-149 və 3M- 153 reyestr nömrələri ilə qeyd edilmiş kredit müqavilələri ləğv edilsin. Cavabdeh 140.553 (bir yüz qırx min beş yüz əlli üç) manat məbləğində pul və 430.55 (dörd yüz otuz manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq X2 oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar