Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1027/2024 06.09.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2.000 (iki min) manatın və iddianın verilməsi ilə bağlı ödədiyi 40.40 (qırx manat qırx qəpik) manatın alınıb, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək, bildirdi ki, cavabdehlər onun qonşularıdır və qohumluq münasibətləri də vardır.xx.xx.2023-cü il tarixdə Gürcüstan Respublikasına ərə verdikləri qızlarına etdikləri toydan borclu qaldıqlarına görə onlara müraciət ediblər və qohum kimi onlara 2000 (iki min) manat borc pul istəyib 3-5 aya qaytaracaqlarını bildiriblər.O, isə bildirib ki, pul qardaşı qızının təhsil haqqının puludur, ləngitməsinlər tez qaytarsınlar. Ondan pulu aldıqdan sonra müxtəlif bəhanələrlə qaytarmaqdan imtina ediblər. Hətta pulu götürərkən Cavabdeh1 özü öz xətti ilə yazılı qəbz yazmış və imzası ilə də təsdiq etmişdir. Pulunu tələb etdikdən sonra onlar pulu qaytarmamaq üçün gedib onun barəsində şər-böhtan xarakterli ərizə ilə Qazax RPŞ-nə şikayət ediblər ki, ondan 4.000 manat sələmə pul götürmüşlər və onun məsuliyyətə cəlb etsinlər.O bundan qorxuya düşsün və halal pulunu istəsin. O, isə Qazax RPŞ-də TB-də təhqiatçı Elsevər müəllimə izahat verib. Həmin pulları indiyə kimi cavabdehlərdən istəməkdən yorulub. Hər dəfə onu aldadırlar. Bildirirlər ki, ödəyəcəklər. Alacaqları var alıb verəcəklər, ancaq ödəmirlər. Bu barədə watsapp mesajlaşm tətbiqində də, yazışmaları və səslər də vardır. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməklərinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, İddiaçı sələmə pul götürüb. Amma götürdüyü pulu İddiaçı qaytarmışdır. O, İddiaçı hər ay 400 manat pul ödəmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı üç-dörd il olar ki, sələmə 4000 manat pul götürüb. Amma götürdüyü pulu İddiaçı qaytarmışdır. O, İddiaçı 2023-cü ildə pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı onun baldızıdır. Belə ki, Cavabdeh1 04 oktyabr 2024-cü il tarixdə onlara gəlmişdir. İddiaçı onun və qızı Pəri Şərifovanın yanında Cavabdeh1 2000 manat məbləğində pul vermişdir. Lakin, Cavabdeh1 indiyədək İddiaçı olan 2000 manat məbləğində borcunu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirmişdir ki, tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. İddiaçı onun bibisidir. Belə ki, Cavabdeh1 04 oktyabr 2024-cü il tarixdə onlara gəlmişdir. İddiaçı onun və anası Ramilə Şərifovanın yanında Cavabdeh1 2000 manat məbləğində pul vermişdir. Lakin, Cavabdeh1 indiyədək İddiaçı olan 2000 manat məbləğində borcunu qaytarmamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli yazılı sənəddən görünür ki, Cavabdeh1 İddiaçı 2000 manat məbləğində pul vəsaitini sənədə imza etməklə götürmüşdür. İddiaçı tərəfindən həmçinin məhkəməyə təqdim edilmiş diskdə olan səs yazısında cavabdeh İddiaçı 2000,0 manat borcunun olduğu və qısa vaxt ərzində həmin pulu qaytaracağını aydın şəkildə görünür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 İddiaçı 2000 manat məbləğində pul vəsaitini 04 oktyabr 2023-cü il tarixdə almış hazırki tarixədək qaytarmamışdır. Cavabdehlər İddiaçı sələmə götürdükləri pulu ona qaytarmalarını desələrdə buna dair heç bir sübut məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh1 ümumilikdə 2000 manat məbləğində borc pul vermişdir. Məhkəmə iddia tələbinin Cavabdeh2 oğluna aid hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzdə olan imza Cavabdeh1 məxsus olduğundan yəni 2000 manat borc pul sonuncuya verildiyindən əsl Cavabdeh1 hesab edilməli və Cavabdeh2 aid hissədə iddia təmin edilməməlidir. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 2000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 40 manat 40 qəpik məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 2.000 (iki min) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 40 (qırx) manat 40 (qırx) qəpik manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1027/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1027/2024
06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver