Məhkəmə qərarları › İş №2(023)-1107/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1107/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1107/2024 29.08.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(023)- 915/2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində pul vəsaitinin və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 16 avqust 2014-cü il tarixdə el adətiylə ailə qurmuşlar. Birgə nikahlarından 13 sentyabr 2016-cı il tarixdə X2 doğulmuşdur. Nikahlarının ilk dövrlərində münasibətləri yaxşı olsa da, müəyyən vaxt keçdikdən sonra münasibətləri pisləşməyə başladı. 2018-ci il tarixdən ayrılmışlar. Qazax rayon məhkəməsinin 2(023)-1373/2018 nömrəli, 11 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə uşağın atalığı müəyyən edilməklə uşağın saxlanılması üçün cavabdehin aylıq qazancının və başqa gəlirlərinin dörddə bir hissəsədə aliment müəyyən edilmişdir. Bundan sonra müraciəti əsasında Qazax rayon məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(023)-915/2019-cu il saylı qətnaməsi ilə cavabdehdən uşaqlarının saxlanılması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məğləğində aliment tutulması müəyyən edilmişdir. Cavabdeh uşaqlarının saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödəyə bilər. O, alimentin artırılması tələbi ilə bağlı borcluya könüllü olaraq mediasiya prosessinin tətbiqi barədə təklif göndərmişdir. Mediator təyin edildikdən sonra cavabdeh medisiyada iştirak etməmişdir. 05 iyul 2024-cü il tarixdə mediator müvafiq arayış vermişdir. Mediasiya xərci olan 50 (əlli) manatı tam olaraq o ödəyib. Məlumdur ki, hər il uşağın ehtiyacları artır və o, tək olaraq bu ehtiyacları ödəməkdə çətinlik çəkir. 2019cu il uşağın ehtiyacları ilə bu il ehtiyaclar fərqlidir. Belə ki, Azərbaycan Respublikasında 2024-cü il üzrə yaşayış minumumu haqqında Azərbaycan Respublikası qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Bu qeyd edilən məbləğdə uşağın təminatlarını maksimal olaraq saxlamaq olmur. Buna görə də, o, alimentin artırılaraq uşağın saxlanılması üçün cavabdehdən hər ay 300 (üç yüz) manat müəyyən edilməsini tələb edir.Sonda İddiaçı iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair iddiasının tam təmin olunmasına etirazının olduğunu və alimentin 160 manat məbləğində təmin edilməsini xahiş etmişdir. Cavabdeh teleqram vasitəsilə məhkəməyə müraciət edərək imkanının olmadığını və işə iştirakı olmadan baxıb iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(023)-1373/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, 13 sentyabr 2016-cı ildə anadan olmuş Ömər adlı uşağın atasının Cavabdeh olması müəyyən edilmiş, və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh aylıq və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment 06 avqust 2018-ci ildən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. Belə ki, iş materiallarında olan Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(023)-915/2019-cu il saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-ci ildə anadan olmuş Ömər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 130 manat məbləğində sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZEMİS sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyir və aylıq 750.0 manat əməkhaqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan başqa, həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli sərəncamının 1-ci bəndinə görə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2022-ci il tarixdən 345 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü ildə yaşayış minimumu haqqında» 5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa görə 2024-cü ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2017-ci ildə yaşayış minimumu haqqında» 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununa görə 2017-ci ildə ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 136 manat 60 qəpik məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.3-cü bəndinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, tərəflərin birgə nikahlarından doğulmuş uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, həmin uşağın mənafeyini və aliment qət edildikdən sonra ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artmasını, valideynlərin uşağı saxlamaq vəzifələrini, eləcə də cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını və cavabdehin başqa uşaqlara görə də aliment ödədiyini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin olunmalı, Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(023)-915/2019 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə görə «Mediasiya prosesinin tətbiqi barədə müqavilə»də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya «mediasiya prosesinin tətbiqi barədə müqavilə»nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(023)-915/2019 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 13 sentyabr 2016-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar