Məhkəmə qərarları › İş №2(023)-1108/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1108/2024

24.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1108/2024 24.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh, Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki işə 24 oktyabr 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli 2(023)-176/2019 saylı qətnaməsi ilə azyaşlı uşaqları 21 iyul 2011-ci ildə doğulmuş X10, 15 may 2012-ci ildə doğulmuş X8 və 14 mart 2017-ci ildə doğulmuş X1 üçün Cavabdeh hər ay qazancının və digər gəlirlərinin əlli faizi miqdarında alimentin tutulması barədə qətnaməsini dəyişdirərək, uşaqlar üçün müəyyən edilmiş minumum yaşayış meyarı həcmində, yəni hər ay hər bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 oktyabr 2008-ci il tarixdə Qazax rayonunun Kosalar kənd sakini Cavabdeh ilə ailə quraraq 11 iyul 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 21 iyul 2011-ci ildə Aysu, 15 may 2012-ci ildə Yetər və 14 mart 2017-ci ildə Yağmur adlı uşaqları doğulmuşdur. O cavabdehlə ailə qurduqdan sonra onun valideyinləri ilə birlikdə Qazax rayonunun Kosalar kəndində Əmrah Abbasova məxsus fərdi yaşayış evində yaşiamışlar. İlk zamanlar münasibətləri normal olsada sonradan münasibətlərində soyuqluq yaranmışdır. Belə ki, cavabdeh əmək haqqını evə gətirməmiş, uşaqların maddi təminatını ödəmək üçün heç bir vəsait xərcləməmişdir. O məcbur qalıb aliment təyin edilməsi ilə bağlı Qazax Rayon Məhkəməsinə müraciət etmişdir və Məhkəmənin 04 yanvar 2019-cu il tarixli 2(023)- 176/2019 saylı qətnaməsi ilə cavabdehdən qazancının başqa gəlirlərinin əlli faizi miqdarında aliment tutulması qət edilmişdir. Artıq qızları böyümüşdür, onların maddi təminatını təyin edimiş aliment məbləği ilə təmin etmək qeyri-mümkündür. O müntəzəm olaraq müəyyən işlərdə işləsə də uşaqlarının zəruri tələbatını ödəyəcək məbləğdə pul qazana bilmir. O hazırda da onlarla bir yerdə yaşayan cavabdehdən dəfələrlə verdiyi aliment məbləğini bir qədər artırmasını, yaxud uşaqlar üçün müəyyən geyim və ərzaq malları alınmasını xahiş etsə də, cavabdeh ona heç bir məhəl qoymayaraq, ona qarşı nəlayiq ifadələr işlətməkdən çəkinmir və onu təhqir edərək birgə nikah dövründə inşa etdirdikləri evdən onu çıxaracağı ilə hədələyir. Cavabdeh onlarla birlikdə yaşamasına baxmayaraq, heç bir komunal xərci ödəmir və aliment məbləğindən kommunal xərcləri ödəməyə onu məcbur edir. Bu da qızlarının maddi sıxıntı içində yaşamasına səbəb olur. O hazırda azyaşlı qızları ilə birlikdə Qazax rayonunun Kosalar kəndində nikah dövründə inşa etdirdikləri bir otaqdan ibarət fərdi yaşayış evində yaşayır. Hazırki dövrdə 13, 12 və 7 yaşında olan 3 qız övladının normal səviyyədə təminatını 6 il əvvəl təyin edilmiş aliment məbləği ilə ödəmək qeyri-mümkündür. Cavabdeh hərbiçidir, daimi iş yeri var. O əmək haqqı və digər qazancı ilə qızlarının hazırkı dövrdə mövcud tələbatlarını, daha doğrusu bir üşaq üçün müəyyən edilmiş ehtiyac meyyarı həcmində, yəni 235 manat sabit pul məbləğində alimenti, üç uşaq üçün 705 manat sabit pul məbləğində alimenti ödəyə bilər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və verdiyi izahatında əlavə olaraq göstərmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, fəhləlik edir, bu səbəbdən uşaqlarının saxlanılmasında çətinlik çəkir. Uşaqlarının hər üçünün himayəsində qalmasını istəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin buna baxmayaraq Yetər adlı uşağı atasının himayəsində qalmasına etiraz etmir. Aysu və Yağmur adlı uşaqların himayəsində qalması və həmin uşaqların saxlanması üçün sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul emiş və göstərmişdir ki, iddiaçı ilə birgə nikahından üç övladı vardır. Hazırda iddiaçı ilə faktiki olaraq ayrılsalar da, nikahı rəsmi qaydada pozulmamışdır. Yetər adlı uşaq hazırda onun yanında, Aysu və Yağmur isə iddiaçının yanındadır. Yetər adlı uşağın onun yanında saxlanılmasını istəyir. Uşaqlardan birinin onun, digər ikisinin anasının yanında qalmasını nəzərə alaraq, Yağmur adlı uşağın saxlanılması üçün 235 manat aliment ödənilməsinə etiraz etmir və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 bildirdi ki, komissiyanın verdiyi rəyi müdafiə etdiyini, 21 iyul 2011-ci il təvəllüdlü X10 və 14 mart 2017-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsinə, 15 may 2012-ci il təvəllüdlü X6 isə atası Cavabdeh himayəsinə verilməsinin məqsədəmüvafiq hesab edildiyini bildirərək, qanunamüvafiq qaydada qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında Kosalar kənd tam orta məktəbin müəllimi X2 iştirakı ilə dindirilmiş, xx.xx.2011-ci il təvəllüdlü X10 bildirdi ki, 13 yaşı var. Orta məktəbin 8-ci sinfini bitirib. Valideynləri aralarında narazılıq olduğuna görə ayrılmışlar. O hər iki valideynini çox istəyir. O, hazırda anasının yanında yaşayır və anasının himayəsində saxlanılmasını istəyir. Məhkəmə iclasında Kosalar kənd tam orta məktəbin müəllimi X2 iştirakı ilə dindirilmiş, xx.xx.2012-ci il təvəllüdlü X8 bildirdi ki, 12 yaşı var. Orta məktəbin 6-ci sinfində oxuyur. O, hazırda atasının yanında yaşayır və atasının himayəsində saxlanılmasını istəyir. Məhkəmə iclasında Kosalar kənd tam orta məktəbin müəllimi X2 iştirakı ilə dindirilmiş, xx.xx.2017-ci il təvəllüdlü X7 bildirdi ki, O, hazırda anasının yanında yaşayır və anası ilə qalmaq istəyir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X3 nikahı 14 iyul 2011-ci il tarixdə Qazax rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 362 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından 21 iyul 2011ci il təvəllüdlü X10, 15 may 2012-ci il təvəllüdlü X8 və 14 mart 2017-ci il təvəllüdlü X7 doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Qazax Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(023)-176/2019 saylı qətnamənin surətindən görünür ki, 21 iyul 2011-ci il təvəllüdlü X10, 15 may 2012-ci il təvəllüdlü X8 və 14 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh qazancının və digər gəlirlərinin yarısı miqdarında aliment 20 noyabr 2018-ci il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının 04 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyasının üzvləri tərəflərin hansının uşaqların təlim-tərbiyəsi ilə məşğul olmağa daha yaxşı qadir olması, uşaqların maddi təminat məsələsi, yaşadığı şərait və s. bu kimi hallarla tanış olmuşlar. Həmin rəyə əlavə olunmuş, X6 izahatından görünür ki, o, atası Cavabdeh yanında qalmaq istədiyini bildirmişdir. Qazax rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci, 58.2-ci, 60.2-ci, 60.3-cü, 60.4-cü, 61.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, 14 mart 2017-ci il təvəllüdlü X4 azyaşlı olduğunu və yetkinlik yaşına çatmayanların izahatlarını nəzərə alaraq, 21 iyul 2011-ci il təvəllüdlü X10 və 14 mart 2017-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsinə, 15 may 2012-ci il təvəllüdlü X6 isə atası Cavabdeh himayəsinə verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Beləliklə, məhkəmə iclasında dindirilərkən 15 may 2012-ci il təvəllüdlü X6 atasına və 21 iyul 2011-ci il təvəllüdlü X10 və 14 mart 2017-ci il təvəllüdlü X4 isə anasına bağlılığının daha çox olmasını, 14 mart 2017-ci il təvəllüdlü X4 azyaşlı olmaqla ana qayğısına daha çox ehtiyacının olmasını, həmin uşaqların lazımi qaydada saxlanılması üçün hər iki valideynin qənaətbəxş həyat şəraitinə malik olmasını və digər mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş 21 iyul 2011-ci il təvəllüdlü X10 və 14 mart 2017-ci il təvəllüdlü X4 anası İddiaçı, 15 may 2012ci il təvəllüdlü X6 atası Cavabdeh yanında yaşaması onların maraqlarının təmin olunması, hərtərəfli inkişafı və digər mənafeləri baxımından daha məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağı fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 7.6-cı bəndində məhkəmələrə tövsiyə etmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, İddiaçı himayəsində olan yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin də uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını, bununla belə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Cavabdeh Yağmur adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2820 manat məbləğində təşkil etdiyindən 30+18.20 manat, cəmi 48.20 (qırx səkkiz manat 20 qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından doğulmuş 21 iyul 2011-ci il təvəllüdlü X10 və 14 mart 2017-ci il təvəllüdlü X7 anası İddiaçı, 15 may 2012-ci il təvəllüdlü X8 atası Cavabdeh himayəsində saxlanılsın. Qazax Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(023)-176/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin tutulma qaydası dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 14 mart 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu və mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 48.20 (qırx səkkiz manat 20 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar