Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-115/2024 24.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızının iştirakları ilə, İddiaçı cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızına qarşı qanunsuz saxlanılan pul tələbinə dair mülki işə 24 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızının ondan qanunsuz alıb saxladığı 1402,00 (bir min dörd yüz iki) manat pulun və ödədiyi 35 (otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1437,00 (bir min dörd yüz otuz yeddi) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Məmmədova (Yusifova) Təhminə Elşad qızı “OCOS” adlı şirkətə pul qoyub guya əlavə gəlir gətirəcəyini təklif edərək onun Kapital Bank kart hesabına pul ödəməyini bildirmişdir. O, cavabdehə etibar edərək və inanaraq xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 172 manat və bir neçə gün sonra yenidən 200 manat olmaqla, cavabdehin kartına cəmi 1402 manat pul göndərmişdir. Bir müddət sonra cavabdehin onu aldatdığını ondan pullarını geri tələb etmişdir. Cavabdeh onunla danışmaqdan və görüşməkdən yayınmışdır. Hətta cavabdehin yaşadığı evə getmiş, cavabdeh onu kameradan görüb onunla görüşməmişdir. Bundan sonra məcbur olub Ağstafa rayon polis şöbəsinə şikayət etmişdir, orada araşdırma aparılarkən cavabdeh verdiyi izahatında ondan pul almasını, həmin pulu şirkətə yatırmasını vəı guya şirkətin də həmin pulu mənimsəməsini qeyd etmişdir. Bu barədə onun cavabdehlə “WhatsApp” sosial şəbəkəsində yazışması da olmuşdur. Cavabdeh ona məxsus qanunsuz saxladığı pulu könüllü vermək istəmədiyinə görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o cavabdehi yaxın qohumunun vasitəsi ilə tanımışdır. Həmin vaxt uşağının müalicəsi üçün ona pul lazım olmuşdur. O həmin pulları əlavə gəlir götürmək üçün cavabdehin ona verdiyi kart hesabına göndərmişdir. Lakin sonradan heç bir gəlir götürə bilmədiyindən və cavabdehin onu aldatdığını hiss etdiyindən pulları geri tələb etsə də, cavabdeh onunla danışmaqdan və görüşməkdən yayınmışdır. Qeyd olunan pulları cavabdehin kartına ödəməsi barədə qəbzləri vardır. Odur ki, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilk dəfədir görür. O Pərişan adlı qadınla danışmışdır və sonuncu ona göndərdiyi pulları başqa məqsədlə göndərmişdir. O İddiaçı “OCOS” adlı şirkətə qeydiyyata salmışdır və iddiaçının qeyd etdiyi pullar onda deyil, şirkətin hesabına yatırmışdır. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Ağstafa RPŞ-nin HK-1/515 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı Cavabdeh verdiyi izahatında göstərmişdir ki, “OCOS” adlı şirkətinə əlavə gəlir əldə etmək üçün 35000 (otuz beş min) manat pul yatırmışdır. Həmin pulları terminal vasitəsi ilə şirkətin rəhbərləri Xəyal və Gülarə vasitəsi ilə yatırmışdır. Həmin vaxt bu sahədən anlayışı olduğu üçün tanışı Pərişan da onun üçün yatırım etməsini xahiş etmişdir və o Pərişana kömək etmiş, kartına göndərdiyi pulları əvvəldən tanıdığı Səbinə və onun əri Firdovsiyə vermişdir. Pərişan ondan yatırım etmək üçün xahiş etdiyi pulun qohumu Rəşad adlı şəxsin olduğunu bildirmişdir. “OCOS” şirkəti dələduzluq etdiyi üçün cinayət məsulliyyətinə cəlb edilmişdir və o zərərçəkmiş şəxs kimi tanınmışdır. Onun və digər şəxslərin şirkətin hesabına yatırdığı pullar qaytarılmamışdır. O heç kimi aldatmamışdır, sadəcə həmin pulu göndərmə sistemini bildiyi üçün Pərişanın xahişini qəbul etmişdir. Onun pulu “OCOS” şirkəti tərəfindən geri qaytarılacağı halda Rəşadın pulu da qayıdacaqdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, İddiaçı ödəmə terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 172 manat və həmin tarixdə yenidən 172 manat olmaqla, cəmi 1374 manat pulu Təhminə Yusifovanın adına açılmış Bank kartına göndərmişdir. Beləliklə, Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə, eləcə də xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarda əks olunmuş cavabdehin izahatı ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh guya əlavə gəlir gətirəcəyi barədə təklifinə inanaraq onun Kapital Bank kart hesabına xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 515 manat, xx.xx.2021-ci il tarixdə 172 manat və sonra yenidən 172 manat olmaqla, cavabdehin kartına cəmi 1374 manat pul göndərmişdir. Bir müddət sonra cavabdehdən pullarını geri tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı oğlu iddia tələbində cavabdehə ümumilikdə 1402 (min dörd yüz iki) manat məbləğində pul verdiyini qeyd etsə də, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh Təhminə Yusifova isə Ağstafa RPŞ-də verdiyi izahatında iddiaçının göndərdiyi pulları “OCOS” şirkətinin hesabına göndərdiyini bildirmişdir. Beləliklə, Cavabdeh iddiaçıya ümumilikdə 1374 manat borcunun olması məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən, yəni Cavabdeh 1374 manat pul alınaraq İddiaçı verilməsi hissəsində təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1374 (bir min üç yüz yetmiş dörd) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu olmaqla, cəmi 1409 (bir min dörd yüz doqquz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-115/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-115/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver