Məhkəmə qərarları › İş №2(023)-1171/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1171/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1171/2025 07.07.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc pulun qaytarılması» tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13000 (on üç min) manat pulun və ödənilmiş dövlət rüsumunun birdəfəlik tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Məhəmməd qızı həmkəndlisidir, Qazax rayonu Aslanbəyli kəndində yaşayır. Onun cavabdehlə qonşuluqda onların həyətə bitşik, yaşayış evi vardır. Həmin ev 20 (iyirmi) sot torpaq sahəsinin daxilində yerləşir. Onlar həmin evi almaq istədilər. İki qardaş olduğundan, həmçinin, o birinci qrup əlil olduğu üçün bir-birinə yaxınlıq məqsədi ilə ərazinin onlara münasib olduğu üçün atası ilə də razılaşdıqdan sonra almaq qərarına gəlmişələr. Buna görə də atası ilə birgə Cavabdeh ilə 2024-cü ilin avqust ayının əvvəlində danışdılar. İş üzrə Cavabdeh onlarla razlaşdı evi və ərazini onlara 16000 (on altı min) manata satmağa razılaşdı. Cavabdeh beh istəyəndə hazırda pulların olmadığını və 2024-ci ilin dekabrına kimi ödəyəcəyini bildirmişdir. Cavabdeh də sənədlərinin qaydasda olduğunu, pulu verən kimi adlarına keçirəcəyini bildirmişdir. 2024-cü ilin avqust ayının sonu o birinci qrup əlil olduğu üçün (yerinə əngəli) atası Dilqəm Pirməmmədov cavabdehin yaşadığı evə gedib soncunun anasının və oğlunun yanında 5000 (beş manat, 01 dekabr 2024-cü ildə isə aparıb 8000 (səkkiz min) manat pulu cavabdehə vermişdir. Qalan pulu isə alqı satqıdan sonra verəcəyini bildirmişdir. Onlar birlikdə yerdə qalan pulun qalan hissəsini də, düzəldərək xx.xx.2024-cü il tarixdə alqı-satqı üçün cavabdeh ilə birlikdə atası ilə Qazax rayon Notarisuna getmişlər. Orada evin və 2 (iki) sot torpaq sahəsinin cavabdehə qalan 18 (on səkiz) sot torpaq sahəsinin isə cavabdehin qaynı X2 məxsus olduğunu bilnişlər. Bu barədə cavabdehə evin sənədlərini düzəldib tez bir zamanada onun adına keçirməsini bildirmişdir. Lakin xeyli vaxt keçməsinə baxmıyaraq cavabdeh sənədləri düzəltməmişdir. Hətta sonradan evin qazının olmadığı da məlum olmuşdur. O cavabdehdən iş uzandığı üçün pulunu tələb etmişdir. Bununla bağlı cavabdehlə aralarında mübahisə yaranmışdır. Lakin cavabdeh pulunu qaytarmaqdan imtina edəndə, oda bununla bağlı məhkəməyə şikayət etməli olmuşdur. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, iddia tələbində cavabdehi səhv qeyd etmişdir. Odur ki, cavabdehin Cavabdeh kimi qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bildirdi ki, o mübahisəli torpaq sahəsini və evi almaq istəmir. Odur ki, onun pulunun qaytarılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh çıxışında bildirdi ki, iddiaçı və atası ilə torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin alqı-satqısı üçün aralarında şifahı razılaşma olmuşdur. O torpaq sahəsinin və onun üzərində olan fərdi yaşayış evinin 16000 manata iddiaçının atası Dilqəmə satmış və onlar ona ümumilikdə 13000 manat pul vermişlər, qalan pul isə qalmışdır. Sonradan onlar evi sənədləşmək üçün notariusa gedən zaman ona məlum oldu ki, torpaq sahəsi onun qaynının adınadır. İddiaçı tərəf şifahi razılaşma üçün nəzərdə tutulan pulun yerdə qalan hissəsini verəcəyi təqdirdə müəyyən vaxt ərzində torpaq sahəsini onların adına sənədləşdirə bilər. Cavabdeh 13000 manat pulu iddiaçının atasından alsada xərclədiyi üçün geri qaytara bilməyəcəyini qeyd etdi. Məhkəmə baxış iclasında verilən suallara cavab olaraq İddiaçı bildirdi ki, cavabdehə avans kimi verilən 13000 manat pul vəsaiti ona məxsusdur, sadəcə əlilliyi ilə bağlı yeriyə bilmədiyi üçün həmin pulu cavabdehə atasının vasitəsi ilə çatdırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı 16000 manata satmaq qərarına gəlmişdir. İddiaçı ona 5000 manat bir, 8000 manat pulu bir vermişdir. Belə ki, mülki iş materiallarından, habelə Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Cavabdeh şifahi alqı-satqı üzrə 16.000 manat məbləğində pul vəsaitinin 13000 manat məbləğində hissəsini almasını etiraf etmişdir. Bununla da İddiaçı həmin pul vəsaitini Cavabdeh verməsini sübut etmək vəzifəsindən azad olunmuş, Cavabdeh isə 13000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmasını sübut etmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh izahatında bildirmiş ki, 13000 manatdan başqa qalan pulu versələr evi iddiaçının adına sənədləşdirəcəkdir. İddiaçı tərəf isə daşınmaz əmlakı istəmədiyini və pulunun qaytarılmasını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslardığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. «Elektron məhkəmə» informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunarsa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında Qazax rayonu Aslanbəyli kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin İddiaçı Cavabdeh 16000 manat məbləğində pul vəsaitini ödəməyi, Cavabdeh isə Aslanbəyli kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı atası Dilqəm vasitəsi ilə özünə məxsus olan 13000 manat məbləğində pul vəsaitini Cavabdeh ödəmiş, bundan sonra tərəflər arasındakı razılaşma pozulsa da, Cavabdeh 13000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 491.1-ci maddəsinə görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.3-cü maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi Göründüyü kimi, MM behin hansı hallarda geri qaytarıldığını, hansı hallarda geri qaytarılmadığını konkret müəyyən etmişdir. Bundan fərqli olaraq mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını MM-in 491.3-cü maddəsinin məzmunundan da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2-2(102)-573/2023 nömrəli qərarında da ifadə olunmuşdur. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh avans qismində ödənilmiş 13000 manat məbləğində pul vəsaiti alınıb, İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 129 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilmiş pul vəsaitinin əvəzi qismində 13000 manat və 129 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar