Məhkəmə qərarları › İş №2(023)-1172/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1172/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1172/2025 14.08.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun məcburi qaydada alınması tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus-qanunsuz saxladığı 1000 manat pulun və dövlət rüsumu üçün ödədiyi 30,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xaiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 mart 2025-ci il tarixdə Ağstafa rayonu Dağkəsəmən kəndində Qaz sayğaclarının nəzarətini həyata keçirən Ağstafa QİSnin işçisi olan Cavabdeh ona 2-3 günlüyünə 1000 ( min ) manat təcili pul lazım olduğunu bildirmişdir. O da cavabdehin qaz işçisi kimi tanıdığı və etibar etdiyi üçün ona 1000 manat pul verdi və cavabdehdə öz şəxsiyyət vəsiqəsini ona verərək çıxıb getmişdir. Həmin 2-3 gün 2 aya yaxınlaşır ki, cavabdehdən pulunu geri ala bilmir. Cavabdeh onu aldadır ki, verəcək və sonradan telefonlarına zəng çatmırdı. Müraciətləri nəticəsiz qalmışdır. Hazırda cavabdehdən ona məxsus qanunsuz saxlanılan pulun məcburi qaydada qaytarılması zərurəti yaranmışdır. Dəfələrlə cavabdehdən 1000 manat pulun qaytarılmasını bildirsə də nəticəsiz qalmışdır. Ona görədə hazırda məcbur qalıb məhkəməyə müraciət edir. Çünki məhkəmə qaydasında olmadan aralarındaki mübahisənin həlli mümkün deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə pulu vermiş, lakin cavabdeh onun pulunu qaytarmır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarında olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni tərəflər arasında borc müqaviləsinin bağlanmasını, Cavabdeh İddiaçı 1000 manat məbləğində pul vəsaitini borc almasını və geri qaytarmamasını, yaxud bu və ya digər səbəbdən cavabdehə hər hansı məbləğdə pul vəsaiti verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçı əlavə sübutlarının olmadığını və mülki işin məhkəmə baxışına təyin olunmasını bildirmişdir. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə tərəflər arasında öhdəliklərin yaranma əsaslarını və daha sonra cavabdehin öz öhdəliklərini icra etməməsini, eləcə də ona zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pulun məcburi qaydada alınması” tələbi barədə iddiası təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar