Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1178/2024 26.12.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil Müşafiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-da qeydiyyatda olan X1 ona borclu olduğu 1873 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022-ci ilin yaz aylarından başlayaraq 20 Yanvar Metrosu yaxınlığında “Azərlotereya” satışı ilə məşğul olmağa başlamışdır. Adını sonradan bildiyi Cavabdeh ilə də həmin vaxtlarda tanış olmuşdur. Cavabdeh əslən Qazax rayonundan olduğunu, lakin Bakı şəhərində, Bakı şəhəri Nəsimi rayonu X3 1061, mənzil 50-də yaşadığını ona bildirmişdir. Orxan Qazaxlı olduğuna onu inandırmaq üçün Qazax rayonundan onun ən yaxın tanıdığı adamların adını çəkmişdir. Bundan sonra Orxan ona istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini də vermiş və həmin nömrə ilə əlaqə saxlamasını bildirmişdir. Bundan sonra Orxan hər gün onun işlədiyi köşkə gəlib lotereya pozmuşdur. Bir gün lotereyada 10000 manat qazandığını və ona da 500 manat hörmət edəcəyini bildirmişdir. Orxan onun etibarını qazandığından, artıq heç fikirləşmədən ona pulsuz lotoreya və borc pul vermişdir. Qısa müddət ərzində Orxanın ona 1873 manat borcu yığılmışdır. Artıq məbləğin çoxaldığını görüb ona lotereya vermək istəmədikdə, Orxan “mənim qarşıma qara çəkmə”, 100000 (yüz min) manat udub daha oynamayacağını bildirmişdir. O Orxana 1873 manat borcu yığıldığını, borcunu qaytarmasını tələb etdikdə, Orxan maaşını alıb, borcunu bağlayacağını bildirmişdir. Hər gün Orxanın ***-***-**-** mobil telefonuna zəng edərək, borcunu qaytarmağı tələb etsədə, Orxan müxtəlif bəhanələr uyduraraq, lotereyada uduşu alıb hamısını qaytaracağına söz vermişdir. Təxminən 2 ay sonra zənglərimə cavab verməmiş, ondan gizlənmişdir. Bundan sonra onun yaşadığı evə getmiş, orada belə bir adam yaşamadığını ona bildirmişlər. Uzun müddət onu tapa bilməmiş, aradan 2-3 ay keçdikdən sonra 20 Yanvar Metrosu yaxınlığında “Azərlotereya” satışı ilə məşğul olduğu yerdə Orxan təsadüfən ona rast gəlmişdir. O Orxandan pulu nə vaxt verəcəyini, borcunu bağlayacağını soruşduqda, sonuncu tez bir vaxtda verəcəyini deyib, getmişdir. Qazax rayonunda olarkən, Cavabdeh ünvan 1 ünvanda qeyyatda olduğunu öyrənmişdir. Aldanıldını görüb bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bakı şəhəri Yasamal rayon RPİ-nin 27-ci PB-si tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahat verərək ona 1873 manat borclu olduğunu təsdiq etmiş və həmin pulu 20 gün ərzində qaytaracağını bildirmişdir. 27-ci PB-dən ona məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşam. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun İddiaçı cəmi 465 manat borcu vardır. Belə ki, o iddiaçıdan mütəmadi lotereya almışdır. İddiaçı özü ona 2 paçka lotereya vermiş və demişdir ki, onlarda uduş yoxdur. Bir müddət keçmiş və iddiaçı ona 2000 manat borcu olduğunu bildirmişdir. Həmin vaxt ona etiraz etmiş və cəmi 465 manat borcu olduğunu bildirmişdir. O, polisdə izahat verərkən təsir altında olduğundan iddiaçıya 1873 manat borcu olması barədə izahat vermişdir. Belə ki, həmin vaxt ona fiziki təsir olmuşdur. Sonradan şikayət etsədə, nəticəsi olmamışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil Müşafiq oğlu iddia tələbini qismən qəbul edərək bildirdi ki, cavabdehin yalnız 465 manat borcu vardır. Cavabdeh polis şöbəsində izahat verərkən təhdid altında olmuşdur. İddia tələbi yalnız 465 manat hissədə təmin olunmaldır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsi (vəkilinin) izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh Yasamal RPİ-nin 27-ci PŞ-də verdiyi izahatının surətindən görünür ki, Gümrah adlı şəxslə lotoreya satan zaman tanış olmuşdur. O, İddiaçı lotoreya alırdı. Onun İddiaçı 1873 manat borcu vardır və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh müraciəti əsasında Baş Prokurorluğun xidməti araşdırmalar idarəsində sonuncunun polis idarəsində fiziki zorakılığa qalması ilə bağlı müraciəti araşdırılmış və toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd olunmuşdur. İş materiallarında olan etiraz ərizəsindən görünür ki, Cavabdeh iddia tələbini qismən qəbul edir, belə ki, iddiaçının iddia ərizəsində göstərmiş olduğu 1873 manat miqdarında olan borc 465 manat təşkil etmişdir. İddiaçıya olan 465 manat borcu iddiaçının işlətmiş olduğu lotereya satışından yəni Nəsimi rayonu Velatrek ticarət mərkəzinin yanında olmuşdur. İddiaçının işlədiyi yerdən hər gün çox saylı lotareyalar alırdı, bir dəfə pulu çatmayanda özü də bildirmişdir ki, borca götürsün sonra verər. O da borca almış və həmin 465 manatlıq lotareyadan uduş çıxmamışdır. O dəfələrlə ona olan borcunu yəni 465 manat qaytarmaq istəyəndə iddiaçı ona bildirirdi ki, faizi ilə birlikdə qaytarsın. Həmçinin Bakı şəhəri Yasamal rayonu Pİ-nin 27-ci PB-də ondan qanunsuz izahat alınmışdır. Belə ki, o izahat verərkən ona zor tətbiq etməklə, onu döyməklə və narkotiklə şərləcəyi ilə bağlı olaraq qorxutmaqla izahatı vermişdir. İddia tələbini 465 manat miqdarında qəbul edir. İddia qalan hissədə əsasızdır. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçıdan lotoreya almış və onun 1873 manat məbləğində pul öhədiliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh ümumilikdə 1873 manat dəyərində lotoreya satmışdır. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə görə bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 1873 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 39 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 1873 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 39 manat, cəmi 1912 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1178/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1178/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver