Məhkəmə qərarları › İş №2(023)-118/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-118/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-118/2024 07.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işə 07 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın əvəzi olaraq 1600 manat pul və ödənilmiş 36 manat dövlət rüsumu olmaqla, cəmi 1636 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonunun Yuxarı Salahlı kəndində onun ailə təsərrüfatında iki baş yanı balalı inəyi olmuşdur. İnəklərin otarılması aylıq pul müqabilində iş üzrə cavabdehə həvalə olunmuşdur (hər inək üçün aylıq 6 manat). Belə ki, cavabdeh çoban olaraq aylıq pul müqabilində kəndin iri mal-qarasını otarmaqla məşğul olur. O da, özünə məxsus iki inəyi mal-qaraya qataraq aylıq pul müqabilində (şifahi tapşırıq müqaviləsi əsasında) otarılmasını cavabdehə tapşırmışdır. Heyvanlar Qazax rayonu Yuxarı Salahlı kəndinin ərazisində örüş yerində otarılırdı. xx.xx.2023-cü il tarixdə ona məxsus iki baş inək gündəlik naxıra göndərilmişdir və otarılımasını cavabdeh həyata keçirirdi. Həmin gün axşam inəklərdən biri evə qayıtmamışdır. Bunun səbəbini öyrənmək üçün, həmin gün atası Osman Mustafayev cavabdehin evinə getmiş, cavabdeh atasına “narahat olma, yəgin ki, harda olsa heyvan özü evə gələr” demişdir. Heyvan gəlməsədə, özü axtarışını həyata keçirəcəyini və onlara məlumat verəcəyini bildirmişdir. Lakin, səhəri gün tezdən heyvanlar naxıra getməmişdən öncə, atası bir daha cavabdehin evinə gedərək inəyin axşam evə gəlmədiyini bildirmişdir. Cavabdeh bu barədə gün ərzində atasına məlumat verəcəyini bildirmişdir. Lakin, bir həftə keçməsinə baxmayaraq, cavabdeh ona otarılması üçün həvalə etdiyikləri heyvan barədə maraqlanmamış, heyvanın nə ölüsü, nədəki, dirisi barədə onlara hər hansı-məlumat verməmişdir, heyvanın axtarışını belə həyata keçirməmişdir. Cavabdeh tərəfindən bu istiqamətdə heç bir əməli addım atılmadığından, özü və iki nəfər kənd sakinləri ilə birlikdə kənd örüş yeri ərazisində və meşədə heyvanın axtarışına başlamışlar. xx.xx.2023-cü il tarixdə Yuxarı Salahlı kəndinin örüş yerində inəyin cəsədini tapmışlar. Heyvanın leşi parçalanmış vəziyyətdə olmuşdur. Bununla bağlı, şikayət ərizəsi ilə Qazax rayon Polis Şöbəsinə də müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mülki xarakterli olması barədə ona məktub göndərilmişdir. Beləliklə, cavabdeh üzərinə düşən müqavilə öhdəliyini layiqincə icra etməmiş və ona otarılması həvalə olunan bir baş iri buynuzlu heyvanı ona qaytarmamaqla, ona maddi ziyan vurulmasına gətirib çıxaran hərəkətlərə yol vermişdir. Onda olan məlumata görə heyvanın itkin düşdüyü gün, cavabdeh iş başında olmamış, otarılması həvalə edilmiş kənd heyvanlarını nəzarətsiz vəziyyətdə örüşə buraxıb, öz şəxsi işləri ilə bağlı Qazax şəhərində olmuşdur. Onun itkin düşən həmin inəyinin 6 aylıq balası hazırda evdədir. Həmin inəkdən gün ərizində orta hesabla 5-6 litrə yaxın süd sağılmış və bu da orta hesabla hər ay 150 manat gəlir deməkdir. Cavabdehin səhlənkarlığı nəticəsində inəyin itkin düşdüyü son 2 ay ərzində ailəsi 300 manat gəlirdən məhrum olmuşdur. Belə ki, son iki aydır ki, süd və süd məhsullaırna olan ailə təlabatlarını bazardan həmin məhsulları satın almaqla ödəyirlər. Bununla da, maddi ziyana uğramışlar. Ona görə son iki ay ərzində əldən çıxmış fayda kimi həmin məbləği tələb edir. Bundan əlavə, məhz cavabehin səhlənkarlığı nəticəsində itkin düşərək çöldə qalıb ölmüş inəyin bazar dəyəri orta hesabla 1300 manat təşkil edir. Beləliklə cavabdeh tərəfindən ona maddi ziyan və əldə çıxmış fayda qismində ümumilikdə 1600 manat ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin səhlənkarlığı nəticəsində çöldə qalan inəyin heç bir xəstəliyi olmamışdır. Nə də cavabdeh heyvanın xəstə olması barədə ona xəbərdarlıq etməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, bütün kənd sakinləri ilə aralarında onlara məxsus iribuynuzlu heyvanları müəyyən pul müqabilində otarmağa dair şifahi razılaşma olmuşdur. İddiaçıya məxsus inəkləri də o otarmışdır. O iddiaçıya məxsus bir baş inəyin xəstə olması və axsaması barədə ona məlumat vermişdir. Hadisədən üç gün əvvəl də iddiaçıya məxsus inək xəstə olduğundan çöldə qalmışdır, onu tapıb iddiaçıya təhvil vermişdir. Həmin vaxt İddiaçı inəyin xəstə olmasını və çölə göndərməməsini bildirmişdir. Lakin buna baxmayaraq səhəri gün İddiaçı yenə də inəyi naxıra göndərmişdir. Həmin gün yenə də inək çöldə qalmış, sonradan inəyin öldüyünü bilmişdir. O, iddiaçı ilə aralarında əldə olunmuş razılaşmaya tam şəkildə əməl etdiyindən iddiaçının hazırki tələbini əsassız hesab edir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Qazax Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Yuxarı Salahlı kənd sakini İddiaçı məxsus 4 baş iribuynuzlu heyvan özəl baytar həkimi X5 tərəfindən xx.xx.2023-cü il tarixində Qarayara xəstəliyinə qarşı, xx.xx.2023-cü il tarixində Dabaq xəstəliyinə qarşı, xx.xx.2023-cü il tarixində Nodulyar Dermatit xəstəliyinə qarşı peyvənd edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı tərəflər arasında olan razılaşmaya əsasən iribuynuzlu heyvanların otarılması hər inək üçün aylıq 6 manat olmaqla aylıq pul müqabilində iş üzrə cavabdehə həvalə olunmuşdur. Cavabdehin səhlənkarlığı nəticəsində inəyi itkin düşərək çöldə qalıb ölmüşdür. Bu səbəbdən iddiaçının ailəsi ayda 300 manat gəlirdən məhrum olmuşdur. Həmçinin inəyin bazar qiymətinin orta hesabla 1300 manat təşkil etdiyini, ümumilikdə 1600 manat ziyan vurulduğunu qeyd edərək həmin məbləğin cavabdehdən tutulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər tapşırıq münasibətləri ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin tapşırıq münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikası MM–nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iclasında dindirilmiş tərəflərin izahatlarından görünür ki, tərəflər arasında yaranmış şifahi tapşırıq müqaviləsinə əsasən iribuynuzlu heyvanların müəyyən pul müqabilində otarılması iş üzrə cavabdehə həvalə edilmişdir. Cavabdeh isə həmin tapşırıq əsasında kənd sakinlərinə məxsus iribuynuzlu mal-qaranın otarmasını bildirmişdir. İddiaçı ona məxsus bir baş inəyin cavabdehin təqsiri ucbatından ölməsini iddia etsə də, iş materiallarına iddiaçıya məxsus bir baş inəyin hansı şəraitdə və hansı səbəbdən ölməsi barədə baytar həkimin rəyi əlavə olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlə iddiaçı arasında müqavilə bağlanarkən cavabdeh yalnız heyvanları otarmağı öhdəsinə götürmüşdür, onun heyvanların hər hansı bir xəstəlik halında onları müayinə və müalicə edəcəyi barədə öhdəlik götürməmişdir. Belə olan halda cavabdeh tərəflər arasında olan razılaşmanın şərtlərinə əməl etmişdir və bu da cavabdehin üzərinə düşən öhdəliyini yerinə yetirməməsinə dəlalət etmir. Odur ki, iddiaçının tapşırıq müqaviləsinin şərtlərinə əməl edilməməsinə isnad edərək cavabdehdən pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Mülki Prosess ual Məcəllənin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar