Məhkəmə qərarları › İş №2(023)-1182/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1182/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1182/2025 05.09.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qızıl-zinət əşyası və ya onun dəyəri tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabadeh Cavabdeh 32 qram 583 əyyarlı 4760 manat olan qolbağı və 20 qramlıq 583 əyyarlı 2788 manat olan sırğa-üzük dəsti olan qızıl- zinət əşyasının özləri özləri olmadıqda isə dəyəri olan 7548 (yeddi min beş yüz qırx səkkiz) manat pul və iddia ərizəsi üçün ödədiyi 96 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Mərkəzi Bazarda qızılzinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh xx.xx.2021-ci il tarixdə mağazaya gələrək onda nisyə alqı-satqı ilə 32 qram 583 əyyarlı 4760 manat olan, qolbağı və 20 qramlıq 583 əyyarlı 2788 manat olan sırğa-üzük dəsti olan qızıl-zinət əşyası almışdır. Həmin qızıl-zinət əşyasını sataraq ona olan borcunu müəyyən müddətə qaytaracağını bildirmişdir. Cavabdehin ona olan 7548 manat borcunu ödəməsini bildirsə də borcunu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh göstərilən pulları bu günə kimi də ona qaytarmamışdır. Dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməyinə baxmayaraq o, hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, göstərilən məbləğdə pulu ona verməkdən boyun qaçırmışdır. Halbuki, cavabdehin həmin məbləğdə pulu ona qaytarmaq üçün kifayət qədər əmlakı və vəsaiti vardır. Ona görə də məcbur olub məhkərməyə müraciət etməli olmuşdur. İddiaçı dəqiqləşdirmə ərizə ilə məhkəməyə müraciət edərək, cavabadeh Cavabdeh 32 qram 583 əyyarlı 4766 manat olan qolbağı və 20 qramlıq 583 əyyarlı 2788 manat olan sırğa-üzük dəsti olan qızıl- zinət əşyasının özləri, özləri olmadıqda isə dəyəri olan 7554 manat pul və iddia ərizəsi üçün ödədiyi 96 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehə qızılı verən zaman onlar arasında belə razılaşma olmuşdur ki, onlar qızılın qiymətini artıq hesablamışlar. Belə ki, cavabdeh özü demişdir ki, qızılın dəyərini gec ödəyəcəyi üçün qiymət artıq yazılsın. Lakin cavabdeh ona olan borcu qaytarmamışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 32 qramlıq qolbağı 4766 manata almış və onun dəyərini hər ayın 20-25 arası ödəyəcəkdir. Əlavə olaraq 20 qramlıq sırğa üzük 2788 manat almışdır. İşdə olan “Tural” adına qiymətli daş-qaşların və qızıl-zinət əşyalarının alqı-satqısı maqazasının direktoru X1 rəyindən görünür ki, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 32 qram olan mafyoz formalı qolbağı, qiyməti 4480 manatdır. 2 kompilekt 585 əyyarlı, ümumi çəkisi 20 qram olan, sırğa və üzük dəstlərinin bazar qiyməti 2800 manatdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı razılaşması olmuş, İddiaçı Cavabdeh 32 qram olan, 583 əyyarlı dəyəri 4766 manat olan qolbağı və 20 qramlıq 583 əyyarlı, dəyəri 2788 manat olan sırğa-üzük dəsti satmış və Cavabdeh onların dəyərini müəyyən müddətə ödəyəcəkdir. Lakin Cavabdeh aldığı malın dəyərinin hazırki tarixədək ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə 32 qram olan, 583 əyyarlı dəyəri 4766 manat olan qolbağı və 20 qramlıq 583 əyyarlı, dəyəri 2788 manat olan sırğa-üzük dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 7554 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 96 manat vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 32 qram olan, 583 əyyarlı dəyəri 4766 manat olan qolbağı və 20 qramlıq 583 əyyarlı, dəyəri 2788 manat olan sırğa-üzük dəsti, həmin əşyalar olmadıqda isə onların dəyəri olan 7554 manat pul və ödənilmiş 96 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar