Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1240/2023 16.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə2 Məmməd oğlunun iştiraklı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə 16 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli, 2070***-*******02 nömrəli kredit müqaviləsi üzrə 8000 manat əsas kredit borcu, 1632,50 manat faiz borcu, 200 manat mediasiya xərci və 16,33 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Asel Kredit» BOKT ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 2070***-*******02 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh X2 dövriyyə vəsaitlərinin artırılması və cari xərclər üçün 24 ay müddətinə xx.xx.2023-cü il tarixədək qaytarmaq və illik 24 % ödəmək şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Tələbin güzəştinə dair xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən «Asel Kredit» BOKT həmin kredit müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı Açıq Səhmdar Cəmiyyətinə güzəşt etmişdir və borcalan bu barədə məlumatlandırılmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə kreditləri və onun faizlərini hissə–hissə ödəməsi öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8000 manat, faizlər üzrə 1632,50 manat borcu qalmaqdadır. Cavabdeh X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Cavabdeh əri Müşfiq Qatraxanovdan miras qalmış Qazax rayonunun Çaylı kəndində yerləşən pay torpağını onun vərəsəsi kimi faktiki qəbul etmişdir. Mübahisənin məhkəməyə qədər həlli üçün cavabdehə pretenziya göndərilmiş, lakin borc ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclası zamanı iddianı etiraf edərək verdiyi izahatında göstərdi ki, «Asel Kredit» BOKT ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 2070***-*******02 nömrəli kredit müqaviləsinə əsasən X2 8.000 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Hazırda Bank həmin kredit müqaviləsi üzrə borcu Cavabdeh tələb edir. Qeyd etmək istəyir ki, cavabdeh maddi imkanı olmadığı üçün borcunu qaytara bilmir. Belə ki, cavabdeh İİ qrup əlildir və himayəsində azyaşlı uşaqları var. Kredit borcunun hissə-hissə ödənilməsi üçün vaxt verilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçı Bankla cavabdeh X3 arasında bağlanmış xx.xx.2021ci il tarixli, 2070***-*******02 nömrəli kredit müqaviləsindən görünür ki, kreditverən borcalana 24 ay müddətinə xx.xx.2023-cü il tarixədək qaytarmaq və illik 24 % ödəmək şərtilə 8000 manat müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi, cavabdeh isə kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialı tərəfindən xx.xx.2021-ci il tarixdə 7840 manat X1 hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 xx.xx.2022-ci il tarixə İddiaçı ASCyə xx.xx.2021-ci il tarixli, 2070***-*******02 nömrəli kredit müqaviləsi üzrə 8000 manat əsas, 1632,88 manat faiz borcu mövcuddur. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Qazax RİHB-nin Çaylı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx-xx/1858 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qazax rayonu, Çaylı kəndində X1 təsərrüfatını hal-hazırda həyat yoldaşı Cavabdeh idarə edir. İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 23 yanvar 2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı bank cavabdehə xəbərdarlıq edərək, X1 vərəsəsi kimi kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum X3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Lakin, X3 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 9632,50 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. X3 xx.xx.2021ci il tarixdə ölmüşdür. Müşfiq Qaraxanov öldükdən sonra hazırki iş üzrə cavabdeh onun ailə üzvü – Cavabdeh miras qoyanın qanun üzrə vərəsəsi kimi ondan miras qalmış əmlakı faktiki qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum X1 ölümündən sonra ondan qalmış mirası onun vərəsəsi – həyat yoldaşı Cavabdeh qəbul etdiyindən, cavabdeh mərhumun öhdəliklərinə görə cavabdehlik daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8000 manat əsas kredit borcu, 1632,50 manat faiz borcu olmaqla, cəmi 9632,5 (doqquz min altı yüz otuz iki manat əlli qəpik) manat borc alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin 200 manat mediasiya xərcinə aid hissəsinə qiymət verərərk hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə bağlı iddianın Kommersiya Məhkəməsinin aidiyyatı olması əsası ilə tərəflərin mediasiya prosesində iştirakı zəruri olduğundan Mediasiya Şurasına müraciət etmişdir və Mediasiya xərci olaraq 200 manat rüsumu ödəmişdir. Mülki iş Gəncə Kommerdsiya Məhkəməsinin icraatında olduğu müddətdə iddia tələbinin aidiyyatı üzrə ümumi məhkəmədə baxılmalı olduğu müəyyən edildiyindən mülki iş aidiyyatı üzrə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, ümumi məhkəmədə pul tələbinə dair iddialar üzrə mediasiya prosesi keçirilməsi tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 16,33 (on altı manat otuz üç qəpik) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat əsas kredit borcu, 1632,50 manat faiz borcu olmaqla, cəmi 9632,5 (doqquz min altı yüz otuz iki manat əlli qəpik) manat və 16,33 (on altı manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1240/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1240/2023
16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver