Məhkəmə qərarları › İş №2(023)-1334/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1334/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1334/2024 30.10.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 30 oktyabr 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1500 manat pul və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi işləri üçün 2022-ci ilin fevral ayında 1500 manat borc pul almışdır. Cavabdeh aldığı pulu 2022-ci ilin mart-aprel aylarında qaytaracağına söz vermişdir. Bundan başqa cavabdehin anası da oğlunun borcunu qaytarmayacağı təqdirdə pulu özü qaytaracağı barədə iltizam yazmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu ödəmir. Cavabdehə ona olan borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirərək qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini dəqiqləşməsi barədə ərizə verərək, İddiaçı iddia ərizəsində tələb etdiyi məbləği səhv qeyd etdiyini bildirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1535 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclaslarına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 18 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh1 İddiaçılə müqavilə bağlayaraq təmənnasız olaraq ona verdiyi 1500 manat borc pulu 2022-ci ilin mart-aprel aylarında ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Həmin müqavilədə Cavabdeh2 oğlunun aldığı 1500 manat pulun ödənilməsinə zamin olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 1500 (bir min beş yüz) manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş müqaviləni məhkəməyə təqdim etmişdir. Belə ki, həmin müqavilə ilə müəyyən olunur ki, 1500 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə verilmişdir. Lakin, cavabdeh borc kimi alınmış həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı iltizamla müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan yazılı iltizam əsasında aldığı 1500 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh 1500 manat pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən yazılı iltizam əsasında cavabdehə verdiyi 1500 (bir min beş yüz) manat pul məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə, eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, borc müqaviləsi üzrə zamin olduğundan, qeyd edilən borcun ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1500 (bir min beş yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X1 ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1500 (bir min beş yüz) manat məbləğində pul və 35 (otuz beş) manat dövlət rüsumu olmaqla, cəmi 1535 (bir min beş yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar