Məhkəmə qərarları › İş №2(023)-1372/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1372/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1372/2023 07.12.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 07 noyabr 2023-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 430 (dörd yüz otuz) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh mağazaya gəlib qızıl-zinət əşyası satdığını bildirmiş, qarşılıqlı razılaşmaya əsasən həmin qızıl-zinət əşyasını 430 manata almağa razılaşmışdır. Həmin vaxt pulu olmadığı üçün qonşu mağazada işləyən tanışı Bayramov Akifdən borc alıb cavabdehə vermişdir. Bir neçə saatdan sonra Cavabdeh təkrar mağazaya gələrək, qızılı ondan ucuz qiymətə aldığını, lakin ünversam adlı yerdə Azad adlı şəxsə həmin qızılı baha qiymətə satacağını bildirib, həmin qızılı ondan istəmişdir. O da pulunu qaytaracağı halda qızılı qaytaracağını bildirmişdir. Cavabdeh isə qızılı verməsini, satdıqdan sonra pulunu qaytaracağını bildirmiş, hətta özünə məxsus avtomobilin açarınıda girov qoymuş və başqa mağazada baha qiymətə satıb onun pulunu qaytaracağını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, girov qoyulan açar həmin avtomobilə aid deyil, ümumiyyətlə işləmir. O, qızılı verdikdən sonra cavabdeh mağazaya qayıtmamış lakin sonradan başqa bir şəxs gəlib maşını aparan zaman həmin şəxsin avtomobili aparmasına mane olduqda Cavabdeh gəlmiş, səs-küy salmış, həmin vaxt bazar qarşısında xidmət aparan polislər gəlmiş, buna baxmayaraq cavabdeh onlara da məhəl qoymayaraq avtomobilini sürüb ordan uzaqlaşmışdır. Cavabdeh nə pulu, nə də qızılı ona qaytarmamışdır. Bununla bağlı o polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində Cavabdeh izahatı alınmışdır. Ona isə müraciəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsini səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, isə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X1 izahat verərək bildirmişdir ki, o, təqaüddə olan polis polkovnik-leytenantıdır. İddiaçı işlədiyi mağaza ilə onun mağazası yanaşıdır. Cavabdeh tanımır. İddiaçı (tarixi dəqiq yadında deyil) səhər saatlarında ona yaxınlaşıb 430 manat borc pul istəmişdir. Sonra onunla birlikdə həmin pulu Jaləyə verib qızılı götürmüşlər. Sonradan Jalə qızılı ucuz qiymətə aldığını bildirib, həmin qızılı Universamda baha qiymətə satıb pulu gətirəcəyini bildirmişdir. O səs-küy salaraq qızılı İddiaçı alaraq aparmışdır. O həmin vaxt Jalənin İddiaçı aldatdığını bilmişdir. Həmin şəxsin əməllərində cinayətin tərkibi vardır. O həmin vaxt Minayənin etibarında istifadə edərək onu aldatmışdır. Bir qədər sonra tanımadığı bir nəfər şəxs Jalənin maşınını aparmağa gəldiyini bildirmişdir. Həmin vaxt oraya polis əməkdaşı gəlsə də, Cavabdeh İddiaçı söyüb təhqir edərək nə qızılı, nədəki pulu qaytarmamış, maşını götürüb getmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, şahid ifadəsini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş İddiaçı müraciəti əsasında Qazax RPŞ-də toplanmış materialda olan Cavabdeh izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09:30 radələrində Qazax şəhəri mərkəzi bazarının yaxınlığında əvvəldən qızıl satan kimi tanıdığı Minayə adlı qadının yanına getmiş, ona ümumi çəkisi 16 qram olan klonla bir yerdə türk qızılından olan boyunbağı vermişdir. İddiaçı türk qızılından olan boyunbağıya görə ona 430 manat pul vermişdir. Sonradan o, İddiaçı ilə telefon əlaqəsi yaradıb qızıla 430 manat verdiyinə görə ona etirazını bildirmişdir. O avtomaşınını girov qoymamışdır. İddiaçı onun haqqında dedikləri şər-böhtandır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı qızıl-zinət əşyasını satmış, sonradan həmin qızıl əşyasını başqa mağazada baha qiymətə satıb onun pulunu qaytaracağını bildirmişdir. Lakin Cavabdeh vədinə əməl etməmiş, qızıl-zinət əşyasını və həmin qızıl-zinət əşyasına görə iddiaçıdan aldığı pulu qaytarmamışdır. İddiaçı dəfələrlə pulu tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İddiaçının izahatından və şahid ifadəsindən göründüyü kimi iddiaçı qızıl əşyasının alqısatqı ilə əlaqədar olaraq cavabdehə 430 manat pul vermişdir. Cavabdeh 430 manat məbləğində pulu iddiaçıdan aldıqdan sonra, qızıl əşyasını başqa mağazada baha qiymətə satıb onun pulunu qaytaracağını bildirmişdir. Lakin sonradan cavabdeh nə qızıl-zinət əşyasını, nə də həmin əşyanın satışı ilə bağlı ona verilmiş 430 manat pulu iddiaçıya geri qaytarmamışdır. Cavabdeh isə Qazax rayon PŞ-də verdiyi izahatında qızıl alqı-satqısı nəticəsində iddiaçıdan 430 manat pul aldığını, iddiaçının ərizəsində göstərdiklərinin şər-böhtan olduğunu bildirmişdir. Məhkəmə cavabdehin izahatına tənqidi yanaşır və qeyd edir ki, cavabdehin hadisənin necə baş verməsi barədə izahatı ağlabatan olmamaqla yanaşı, iddianın təkzib edilməsi üçün əsas təşkil edə bilməz. Belə ki, hazırkı iddia tələbi ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə düşür və cavabdeh bununka bağlı hər hansı bir sübütü məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı əmlakı hesabına əsassız varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin məcəllənin 1092.2-ci maddəsinə əsasən isə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə göstərilən qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, 430 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 430 (dörd yüz otuz) manat pul və 30 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar