Məhkəmə qərarları › İş №2(023)-1373/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1373/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1373/2023 23.11.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 noyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pulun və ödənilmiş 45 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Mərkəzi bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2021-ci ilin sonlarında mağazaya gələrək 3100 manat dəyərində qızıl-zinət əşyasını ondan nisyə almışdır. Cavabdeh həmin puldan 280 manat ödəniş etdikdən sonra 2500 manat borcu qalmışdır. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, o borcunu qaytarmaqdan boyun qaçırmışdır. Halbuki cavabdehin həmin məbləğdə pulu ona qaytarmaq üçün kifayət qədər əmlakı və vəsaiti vardır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, cavabdehin ondan aldığı qızıl-zinət əşyalarına görə olan 2765 manat borcundan Rəşad adlı şəxsin vasitəsi ilə 27 iyul 2022-ci il tarixdə 100 manat, 27 avqust 2022-ci il tarixdə 100 manat 28 sentyabr 2022-ci il tarixdə isə 80 manat olmaqla cəmi 280 manat məbləğində ödəniş etmişdir. Rəşadın Cavabdeh ona olan borcunu ödəyən vaxt özü xətti imzası ilə imza etmişdir. Hazırda cavabdehin ona 2485 manat borcu qalmışdır, cavabdehdən həmin borcu dəfələrlə tələb etmiş, cavabdeh həmin pulu qaytaracağı barədə ona vəd versə də, indiyədək borcunu qaytarmamışdır. Cavabdeh 2485 manat borcu qalmış olsa da, o 2500 manat pulun alınıb ona verilməsini istəyir. Odur ki, Cavabdeh 2500 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə göndərdiyi ərizədə iddianı qəbul etmədiyini, iddiaçı ilə onun arasında heç bir borc mübahisəsinin olmadığını qeyd edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş iddiaçının təqdim etdiyi nisyə dəftərindən Cavabdeh aid səhifədən görünür ki, Səkinə - Minayə xaladan cəmi 2765 manat aldım. İmza. Həmin borcdan xx.xx.2022 - 100 manat, 27.08.22 - 100 manat, xx.xx.2022 – 80 manat Rəşad adlı şəxs tərəfindən ödəniş edildiyi qeyd edilmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər nisyə alqı-satqı münasibətləri ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün borcor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı olan borcundan xx.xx.2022-ci il tarixdə 100 manat, 27.08.22-ci il tarixdə 100 manat, 28.09 tarixdə 80 manat olmaqla, 280 manat ödəniş etmişdir. 2765 manat puldan 280 manat ödənildikdən sonra 2485 manat borc qalmışdır. Odur ki, Cavabdeh 2485 (iki min dörd yüz səksən beş) manat və 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləəsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2485 (iki min dörd yüz səksən beş) manat və 45 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar