Məhkəmə qərarları › İş №2(023)-1375/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1375/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1375/2023 26.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 26 oktyabr 2023-cü il tarixdə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 900 (doqquz yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax rayonu Mərkəzi bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2022-ci ilin avqust ayında mağazaya gələrək 900 manat dəyərində qızıl-zinət əşyasını ondan nisyə almışdır. Cavabdeh həmin pulu ayda 500 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan müəyyən müddət keçsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçırır. Cavabdehin ona borcunun olması barədə öz imzası ilə yazılı formada qəbzi də vardır. Dəfələrlə cavabdehdən pulu tələb etsə də, o hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmış, ona olan borclarını qaytarmaqdan boyun qaçırmışdır. Halbuki cavabdehin həmin məbləğdə pulu ona qaytarmaq üçün kifayət qədər əmlakı və vəsaiti vardır. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Qazax rayonu Mərkəzi bazarda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh onun yanına gələrək, tanışı Nəzakət adlı şəxsin göndərdiyini bildirib, ondan nisyə qızıl-zinət əşyasını istəmişdir. O, da 15 qram çəkidə 1350 manat dəyərində qızıl-zinət əşyasını nisyə Cavabdeh satmışdır. Cavabdeh həmin borcundan 200 manat, 100 manat,100 manatda bir ödəniş etdikdən sonra onun 900 manat borcu qalmışdır. Cavabdeh Uşaq bağçasında işlədiyini deyib qızılın pulunu ödəmək üçün ona əmək haqqı kartı vermişdir. Sonradan kartı yoxlayarkən kartda pul olmamışdır. O cavabdehdən aldığı qızılın pulunu tələb etdikdə, qızılın onda olmadığını, həmin qızılı hansısa tanışına verdiyini, sonuncunun da onu aldatdığını gahda həmin qızıl-zinət əşyasını banka girov qoyaraq kredit götürdüyünü bildirmişdir. O ərizəsində göstərdiyi 900 manat dəyərində qızıl-zinət əşyasını Cavabdeh satmışdır və pulunu da ondan tələb edir. Odur ki, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, tanışı Nəzakət vasitəsi ilə iş yoldaşının uşağı xəstə olduğu üçün İddiaçı 1340 manat məbləğində 10-11 qramlıq boyunbağı və kitab formasında klon qızıl-zinət əşyası almışdır. Həmin qızıllar üçün ayda 50 manat ödəməli idi. Həmin qızıl-zinət əşyasını iş yoldaşı Günay Qədirovanın qızına vermiş, o da qızılları banka girov qoyaraq kredit götürmüşdür. Hər ay qızılın pulunu ödəyəcəyini bildirmişdir. X2 Məmmədovaya borcu olduğu üçün ona nisyə qızıl vermədiyindən, qızılı o götürərək Günay Qədirovaya vermişdir. İddiaçıya olan borcunu Nəzakət və Günay adlı iş yoldaşları vasitəsi ilə ödəmişdir. İddiaçıya olan borcundan 1000 manat pul ödəmişdir, onun cəmi 340 manat borcu qalmışdır. Dəfələrlə Günay vasitəsi ilə İddiaçı pul göndərmişdir. Özü şəxsən İddiaçı pul verməmişdir. Onun dediklərini şahidi Günay Qədirova da təsdiqləyə bilər. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, cavabdeh onun iş yoldaşıdır. Cavabdeh İddiaçı qızıl boyunbağı götürmüşdür. Həmin qızılın pulundan hər ay ödəniş edib, onun hazırda 340 manat borcu qalmışdır. O, İddiaçı qızıl almamış, nə də pul ödəməmişdir. Solmazın deməsinə görə 340 manat borcu qalmışdır. Cavabdeh İddiaçı vermək üçün ona pul verməmiş, o da İddiaçı heç bir məbləğdə pul verməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şahid ifadəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, “Solmaz Minayə xaladan 15 qramlıq sep-klon aldım. 200 manatını dekabr ayının 6-da verəcəm” məzmun qəbz yazmış və öz xətti və imzası ilə təsdiqləmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şahid ifadəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı 1350 manat dəyərində 15 qramlıq qızıl boyunbağı klon dəsti almışdır. Sözügedən qızıl-zinət əşyasını alması barədə borc alması öz xətti və imzası ilə yazmış olduğu qəbzlə və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iddiaçı cavabdehin ona olan borcundan müəyyən ödənişlər etdikdən sonra 900 manat borcunun qalmasını bildirmişdir. Cavabdeh məhkəmə iclasında onun iddiaçıya 340 manat borcunun olmasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa Cavabdeh 1350 manat dəyərində 15 qramlıq qızıl boyunbağı klon dəstini alması barədə yazılmış qəbzdəki imzanın və xəttin ona məxsus olmasını, həmin qəbzi özü yazmasını etiraf etmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasında şahid Günay Qədirova vasitəsi ilə İddiaçı hər ay pul göndərməsini bildirsə də, şahid Günay Qədirova məhkəmə iclasında İddiaçı pul vermədiyini bildirmişdir. Hazırkı halda cavabdehin iddiaçıya 900 manat borcunun olmamasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Odur ki, Cavabdeh 900 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.2-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki mülki iş üzrə iddiaçının nisyə alqı-satqı müqaviləsi üzrə satılmış əşyanı cavabdehə verməsi işin mübahisəsiz halıdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh 900 (doqquz yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar