Məhkəmə qərarları › İş №2(023)-1397/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1397/2024

23.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1397/2024 23.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə bir yerdə işləmişdir. Bir gün Cavabdeh2 ona bildirmiş ki,sənin səhətində problem var niyə pensiya almırsan.O da cavabdehə bildirmişdir ki, ağır ürək xəstəsi olsada pensiya almır.Cavid ona bildirmişdir ki, onun anası Cavabdeh1 Qazax mərkəzi xəstəxanasında həkim işləyir o, ona köməklik edər. Beləliklə onlar Qazax mərkəzi xəstəxanasına gediblər və cavabdeh olan Aləmzər həkimlə görüşümüşlər. Aləmzər həkim onu müayinə edib ona bildirmişdir ki, ona 3 ay ərzində pensiya düzələcəkdir. O, ondan bu işin qarşılığı olaraq 3000 manat pul istəmiş ,o isə inanaraq razılaşmışdır. Aləmzər həkim ona bildirmişdir ki, pulu oğluna yəni cavabdeh olan Cavabdeh2 versin, o da Aləmzər həkimə çatdırsın. O da 2022-ci ilin noyabr ayında Qazax rayon N.Nərmanov küçəsində yerləşən “MURAD” marketdə həmin 3000 manat pulu Cavabdeh2 vermişdir. Pulu “MURAD” marketdə verməyinin səbəbi cavabdehə verdiyi pulu marketin təhlükəsizlik kamerası vasitəsilə vidio qeydiyyata alınmışdır.İndiyədək onun nə işi düzəlib, nədəki pulu qayıdıb.Buna görədə o, məcbur olub Qazax rayon Polis Şöbəsinə rəsmi müraciət etmişdir. Polis şöbəsindən təhqiqatçı Anar müəllim həmin işi araşdırdı və araşdırma nəticəsiz qalmışdır. Məcbur qalıb Qazax rayon Prokurorluğuna müraciət etmiş və Qazax rayon Prokroru həmin işin dəqiq araşdırılması ilə əlaqədar göstəriş vermişdir. Lakin 2 ildir ki, heç bir nəticə yoxdur.Ona polisdən şifahi bildirdilər ki, mülki qaydada məhkəməyə müraciət etsin.İki ildir ki, pulunu ala bilməmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3000 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, pulu Cavabdeh2 verərkən kamera görüntüləri sadəcə Cavidi qeyd etmişdir. Digər Cavabdeh1 isə kameraya düşməmş, lakin həmin vaxt oda ordaydı.Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, o, İddiaçı hər hansı bir vəd verərək ondan pul vəsaiti almamış, hətta onu heç tanımamışdır.Onun iddiaçı ilə oğlu Cavabdeh2 arasında borcla bağlı nə münasibətləri olduğundan xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh2 iddiaçıdan 1300 manat pul almışdır. Hazırda oğlu Rusiya ərazisində olsada onun barəsində heç bir məlumatı yoxdur. Odur ki, iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan 05 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, toplanmış materialda Cavabdeh2 və Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cavabdeh2 Qazax Rayon Polis Şöbəsində verdiyi izahatının surətindən görünür ki, İddiaçı anası Aləmzəri tanımır. Onunla anası Aləmzərin hər hansı münasibəti olmamışdır.Eyni zamanda anası Afinaya hər hansı bir vəd verərək sonuncudan pul vəsaiti almamışdır.Sadəcə olaraq o, İddiaçı 2022-ci ilin dekabr ayında ümumilikdə 1300 (bir min üç yüz) manat pul almışdır. İşdə olan Cavabdeh1 Qazax Rayon Polis Şöbəsində verdiyi izahatının surətindən görünür ki, İddiaçı hər hansı bir vəd verərək ondan pul vəsaiti almamışdır.Onun bu barədə dedikləri həqiqəti əks etdirmir.Şər böhtan xarakterlidir. Onuda qeyd edib ki, soradan oğlu Cavabdeh2 İddiaçı yaranmış problemləri həll etmək üçün borc olaraq ümumilikdə 1300 manat pul aldığı ona məlum olmuşdur. İşdə olan video disk görüntüsündən görünür ki, İddiaçı Cavabdeh2 nağd şəkildə pul verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, işdə olan müşahidə kamerasından əldə olunmuş video görüntüdə iddiaçının pul əskinaslarını sayaraq Cavabdeh2 verdiyi görünsədə həmin pul əskinaslarının hansı məbləğdə olması müəyyən edilmir. İddiaçı Cavabdeh2 borc olaraq verdiyini iddia etdiyi 3000 manat borc pulun 1300 manatına aid hissədə öz təsdiqini tapmışdır. İddia qalan hissədə sübüt edilmir. Bundan başqa məhkəmə digər Cavabdeh1 aid hissədə onu qeyd edir ki, borc pul yalnız Cavabdeh2 verildiyindən iddiaçının digər cavabdehdən tələb etmək hüququ yoxdur. Odur ki, iddia tələbi Cavabdeh1 aid hissədə əsassızdır. 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, Cavabdeh2 İddiaçı 1300 manat məbləğində pul öhdəliyi vardır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumunun 33 manatı iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh2 1300 (min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 33 (otuz üç) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar