Məhkəmə qərarları › İş №2(023)-1402/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1402/2024

20.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1402/2024 20.11.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı, Cavabdeh Relax Kredit MMC-nin direktoru X2 iştirakları ilə, İddiaçı cavabdeh Relax Kredit MMC-yə qarşı “qızıl” tələbinə dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Relax Kredit MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Relax Kredit MMC-dən onun boyunbağının və klonunun özünün, özləri olmadıqda dəyəri olan 931 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Relax Kredit MMC-dən 1.000 manat məbləğində kredit götürən zaman 931 manat məbləğində dəyərləndirilmiş (19.9 qramlıq, daşın çəkisi 0.5 qram, xalis çəkisi 19.4 qramlıq klonla birlikdə) boyunbağını girov qoymuşdur. Həmin kredit verilərkən ona heç bir müqavilə və sənədlər verlməmişdir. O kredit ödənişlərini vaxtı-vaxtında etdiyi zamanda MMC-də işçi və müdiriyyət arasında yaranmış problemlərə görə onun ödənişini etiraf etməmiş, kretini qəbul etməyərək bildirmişlər ki, “qızıllarını satmışıq”. O Əfqan müəllimə bildirmişdir ki, “əgər mən ödəməmişdimsə niyə mənə məlumat vermirdiniz, pulunuzu tələb etmirdiniz və qızıllarımı satışa çıxaranda niyə mənə deıməmisiniz və məhkəməyə verməmisiniz”. Bundan sonra o Qazax rayon Polis Şöbəsinə şikayət etmiş və şikayəti ilə tağlı bugünə kimi ona heç bir cavab verilməmişdir. Öyrəndiyinə görə Relax Kredit MMC və işçiləri barəsində Qazax RPŞ-də cinayət işi açılmışdır. Əfqan Eyubovdan dəfələrlə qızılı tələb etsədə, sonuncu qızılı və sənədləri verməkdən boyun qaçırmışdır. Ona verilmiş sənəd yalnız aktdır. O ağır xəstədir və 2023-ci ilin iyul ayında yenidən Əfqan Eyubova müraciət edəndə əsəbdən xəstələnmişdir və bununla bağlı müalicə alır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Relax Kredit MMC-dən 1.000 manat məbləğində kredit götürən zaman 19.9 qramlıq boyunbağını klonla birlikdə girov qoyaraq, 931 manat pul götürmüşdür. Həmin vaxt ona heç bir müqavilə və sənəd verilməmişdir. O kredit ödənişlərini vaxtı-vaxtında etsədə, onun ödənişlərini etiraf etməmişlər, sonradan kreditini qəbul etməyərək “qızılların satıldığını” bildirmişlər. O hazırda girov qoyduğu qızılı tələb edir. Məhkəmə iclasında cavabdeh Relax Kredit MMC-nin direktoru X4 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı ilə müqavilə bağlanarkən müqavilənin şərtləri ona izah edilmiş və borc öhdəliyini yerinə yetirməyəcəyi halda məhkəməyə müraciət edilmədən qızılın satılaraq borcun əvəzinə yönəldilməsi barədə iltizamı alınmışdır. İddiaçı öhdəliyini icra etmədiyinə görə girov qoyulmuş qızıllar satılaraq, borcun əvəzinə tutulmuşdur. Girov predmeti olan qızılları hərac vasitəsi ilə satılmasına dair xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib edilmiş və bu barədə İddiaçı məlumatlandırılmışdır.Odur ki, iddianı əsassız hesab edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştiralk edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X4 (lombard) ilə İddiaçı arasında bağlanmış 05 may 2021-ci il tarixli, 001/01/073 nömrəli kredit və girov müqailəsindən görünür ki, X1 Afiqə Mansur qızına 12 ay müddətinə aylıq 4,3% dərəcəsi ilə 1000 manat məbləğində anutet qrafik əsasında kredit vermişdir. Müqavilənin 4-cü bəndinə əsasən borclu-girov qoyan borc öhdəliyinin icrasını müqavilənin qüvvədə olduğu müddətdə bir aydan artıq gecikdirdikdə, kreditor girov saxlayan, müqavilənin 3.1-ci bəndində sadalanmış bütün xərclərin əvəzinin girov qoyana girov predmetinin məhkəmədənkənar satılaraq borcun ödənilməsinə dair bildiriş göndərir. Borclu-girov qoyan bildirişi aldıqdan 5 gün sonra girov predmetinin satılması barədə razılığa gəlmədikdə, girov qoyanın razılığı olmadan girov predmeti satış gününə olan bazar qiyməti ilə yenidən qiymətləndirilir və həmin qiymətə satılaraq borcun ödənilməsinə yönəldilir. 05 may 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, 1000 manat məbləğində kreditin 12 ay müddətində - 04 iyun 2021-ci il tarixdən 05 may 2022-ci il tarixədək 11 ay 109 manat, sonuncu ay 102 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Lombarda girov qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə aktından görünür ki, 1 ədəd sep(klon) likvid dəyəri 931 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı Relax Kredit MMC-yə verdiyi iltizamda Relax Kredit MMC ilə aralarında bağladıqları kredit müqaviləsinə əsasən ona məxsus girov qoyulmuş qiymətli metallara və qiymətli daşlara görə ödənişinin vaxtından 5 gün ərzində borc öhdəliyini yerinə yetirmədiyi halda, məhkəməyə müraciət etmədən həmin girov qızılın satılaraq borcun əvəzinə yönəldilməsinə razıdır. Relax Kredit MMC-yə girov qoyulmuş ona məxsus qızıl-zinət əşyaları satılıb borcun əvəzinə ödənildikdən sonra Relax Kredit MMC-yə qarşı heç bir iddiası və tələbi olmayacaqdır. Relax Kredit MMC-nin ƏİX 309135 nömrəli girov biletindən görünür ki, girov 05 may 2021-ci il tarixdə qəbul edilmişdir. Girovun qiyməti 931 manat müəyyən edilmişdir. Kredit məbləği 1000 manatdır. Girov verilən əşyalar sep klondan ibarətdir. İddiaçı girov verən qismində, Relax Kredit MMC isə girov qəbul edən qismində iştirak etmişdir. Girov bileti və müəyyənləşdirilmiş qaydalar iddiaçı tərəfindən qəbul edilmişdir. Relax Kredit MMC-nin xx.xx.2020-ci il tarixli 01 saylı əmrindən görünür ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 (VÖEN **********) Relax Kredit MMC-nin direktorudur. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus 585 əyarlı, 19.4 qram çəkidə boyunbağı və klon qızıl-zənət əşyası 1008,80 manata satılır. Azərbaycan Respublikası Mülki məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən girov, saxlanc; əşyanın lombardda girovu;hüquqların girovu;pul vəsaitinin girovu;sabit girov; dövriyyədəki malların girovu növlərində ola bilər. Həmin Məcəllənin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Həmin Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Girov Haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən girov öhdəliyin icrasını təmin etmək vasitəsidir. Borclu tərəfindən girovla təmin edilmiş öhdəlik icra edilmədikdə kreditor-girovsaxlayan, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, girov qoyulmuş əmlakın dəyərindən təminat almaqda başqa kreditorlar qarşısında üstünlük hüququna malikdir. Həmin Qanunun 3-cü maddəsinə əsasən mülkiyyət hüququ və ya tam təsərrüfatçılıq səlahiyyəti əsasında girovun obyektinə malik olan Azərbaycan Respublikasının və xarici dövlətlərin fiziki və hüquqi şəxsləri girovqoyan sayılırlar.Əmlak hüququna malik olan şəxs onu girov qoya bilər. Həmin Qanunun 4-cü maddəsinə əsasən borclu tərəfindən öhdəliklərin real icrasını təmin etmək məqsədi ilə borclunun mülkiyyətində və ya tam təsərrüfatçılıq səlahiyyətində olan əmlakı bu Qanunda müəyyən olunmuş şərtlərlə girov götürən Azərbaycan Respublikasının və xarici dövlətlərin fiziki və hüquqi şəxsləri girovsaxlayan (kreditor) sayılırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə və başqa səbəblərə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş istisnalarla girovqoyanın özgəninkiləşdirə bildiyi hər cür əşyalar, qiymətli kağızlar, maddi sərvətlər, xüsusi mülkiyyətdə olan torpaq sahəsi və əmlak hüququ girov predmeti ola bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən girov müqavilə və ya qanun əsasında yaranır. Müqavilə əsasında girov girovqoyanın və ya üçüncü şəxs ilə girovsaxlayan arasında qarşılıqlı razılaşmaya əsasən girov qoyularkən bağlanan müqavilə əsasında yaranır. Qanun əsasında girov qanunun özündə hansı öhdəliklər əsasında hansı əmlakın hansı müddətə girovda sayılması göstərildiyi halda yaranır. Həmin Qanunun 11-ci maddəsinə əsasən girov müqaviləsi müstəqil xarakter daşımır və icrasını təmin etdiyi, əsas müqavilə ilə əlaqədar olaraq bağlanır. Girov müqaviləsində tərəflərin adı və ünvanı, girov qoyulmuş əmlak, onun qiyməti və saxlandığı yer, girovla təmin olunmuş tələbin mahiyyəti, onun həcmi, öhdəliyin icra edilməsi müddəti, habelə tərəflər arasında razılaşdırılmalı olan bütün şərtlər nəzərdə tutulmalıdır. Girov müqaviləsi yazılı formada olmalıdır. Qanuna və ya tərəflərin razılaşmasına görə notariat qaydasında təsdiq olunmuş müqavilədən irəli kələn öhdəliyin təmin edilməsi üçün qoyulan girov haqqında müqaviləni də əsas müqaviləni təsdiq etmiş orqan təsdiq etməlidir. Girovun şərtləri girovla təmin edilmiş öhdəliyi yaradan müqavilədə nəzərdə tutula bilər. Bu halda müqavilə girov haqqında müqavilə üçün müəyyən edilmiş formada bağlanmalıdır.Tərəflərin razılaşması ilə başqa qayda müəyyən edilməyibsə, girov müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri girovqoyanın təsis olunduğu, yaşadığı və ya əsas fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Həmin Qanunun 55-ci maddəsinə əsasən girovqoyanın borclusu, girovla təmin olunmuş öhdəlik girovqoyan tərəfindən yerinə yetirilənədək öz öhdəliyini ödəyərsə, bunun nəticəsində girovqoyanın əldə etdiyi hər nə varsa Girovun obyektinə çevrilir və girovqoyanın bu barədə girovsaxlayana təcili məlumat verməlidir. Girovqoyan öz borclusundan öhdəliyin icrası hesabına pul aldıqda, girovqoyanın tələbi üzrə müvafiq məbləğ, müqavilədə başqa qayda müəyyən edilməyibsə, girovla təmin olunmuş öhdəliyin icrası hesabına ona verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Relax Kredit MMC-yə qarşı “qızıl” tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77,216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Relax Kredit MMC-yə qarşı “qızıl” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar