Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1417/2025 07.10.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Hünmətov Anar Fərmayıl oğlunun katibliyi, iddiaçı İsmaılov Raufun (X1) iştirakı ilə, İddiaçı İsmaılov Rauf (X1) Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İsmaılov Rauf (X2) Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 40.000 (qırx min ) manat pulun, əldən çıxmış faydaya görə 300 manat və dövlət rüsumu üçün ödədiyi 210 manat dövlət rüsumun alınıb ona verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmaılov Rauf (X2) iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun yaxın qohumudur. Aralarında olan razılaşmaya əsasən, kredit müqaviləsi əsasında cavabdehə pul verməli və cavabdeh də həmin pulla Tır deyilən yük maşınları almalı, yük avtomobillərindən gələn gəlirdən hər ay 4700 manat pul verməyi öhtəsinə götrmüşdür. Cavabdehlə aralarında bağlanmış olduğu kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə Ağstafa rayon Notariat ofisində imzalanmış, borc alan 10000 əlində, 30000 manat isə bank vasitəsi borc alana verilmişdir. Borc alan həmin krediti xx.xx.2025-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürməsinə baxmayaraq, indiyədək həmin borcdan heç bir ödəniş etməmişdir. Hətta o cavabdehərəsmi pritenziya məktubu göndərmiş, cavabdeh həmin məktuba da heç bir reaksiya verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmaılov Rauf (X2) iddianı müdafiə edərək, bildirdi ki, cavabdehə dəfələrlə borcun qaytarılmasını tələb etmiş, lakin cavabdeh borcunu ödəməmişdir.Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Vəkil Müşafiq oğlu məhkəməyə ərizə ünvanlayarq göstərmişdir ki, başqa məhkəmədə cinayət işi vardır. Ona görə də məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 10 iyun 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İsmaılov Rauf (X2) Cavabdeh 40000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 10 iyun 2022-ci il tarixli borc müqaviləsinə əsasən İsmaılov Rauf (X2) Cavabdeh 40.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh isə həmin borcu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək həmin borc müqavilə üzrə heç bir ödəniş etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı İsmaılov Rauf (X2) öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanmasını və 40.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc verməsini 10 iyun 2022-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş borc müqaviləsini təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin məbləğdə pul vəsaitinin borc alınmamasına, yaxud borc alınsa da qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 10 iyun 2022-ci il tarixli borc müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 40.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa İsmaılov Rauf (X2) əldən çıxmış faydaya görə 300 manat tələb etmiş, lakin ona dair hər hansı bir sübüt təqdim etməmiş, ona görə də, iddia həmin hissədə təmin edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 210 manat vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İsmaılov Raufun (X1) iddiası qismən təmin edilsin. Cavabdeh 40000 (qırx min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 210 (iki yüz on) manat, cəmi 40210 manat (qırx min iki yüz on) manat məbləğində pul vəsaiti İsmaılov Raufun (X1) xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1417/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1417/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver