Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1475/2025 28.11.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Rzayeva Hicran Rza qızının katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkili Vəkil1 Fəxrəddin oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 28 noyabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45.000 manat məbləğində borcun və ödənilmiş 225 manat dövlət rüsumu olmaqla, cəmi 45.225 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi əvvəllərdən tanımışdır və münasibətləri həmişə normal olmuşdur. 2018-ci ilin payız ayında cavabdeh özünə məxsus olan "Claas Dominator 130" markalı, AZ 90 T-662 qeydiyyat nişanlı kombaynı (taxılyığan) satmaq istədiyini, sözügedən kombaynın Aqrolizinq ASC ilə Goranboy rayon sakini X14 arasında bağlanmış müvafiq lizinq müqaviləsi əsasında sonuncunun sahibliyinə və istifadəsinə verildiyini, lizinq müqaviləsinin 4.1 bəndində nəzərdə tutulmuş ödəniş qrafikinə uyğun olaraq bu kombayna görə 8 il müddətə hər ay 2437 manat məbləğində pulun Aqrolizinq ASC-yə ödənilməli olduğunu, 2018-ci ilin yaz aylarında X14 ilə danışığına əsasən həmin kombayna görə M.Əliyevə 40.000 manat və lizinq müqaviləsində nəzərdə tutulmuş aylıq ödənişləri ödəmək şərti ilə kombaynın onun mülkiyyətinə keçməsi barədə razılıq əldə etdiklərini, onun tərəfindən M.Əliyevə ümumilikdə 45000 manat məbləğində pul ödənildiyini, Aqrolizinq ASC tərəfindən kombaynla bağlı ona 1 il müddətinə etibarnamə də verildiyini, həmin kombayna görə nəğd şəkildə ilkin ödəniş olaraq 45.000 manat məbləğində pulu ona ödəyəcəyini və bundan sonrakı aylıq ödənişlərin onun tərəfindən Aqrolizinq ASC-yə ödəniləcəyi təqdirdə, sonunda kombaynın onun mülkiyyətinə veriləcəyini bildirib, ondan 45.000 manat məbləğində nəğd pul alaraq kombaynı ona təhvil vermişdir. Bundan sonra lizinq müqaviləsinin ödəniş qrafikinə uyğun olaraq ümumilikdə 17.000 manat məbləğində pulu Aqrolizinq ASC-nin hesabına ödəmişdir. 2023-cü ilin payız aylarında kombaynı tanışı, Qazax rayonu Aşağı Salahlı kənd sakini Mansır Pənahovun evinin həyətinə apararaq, orada saxlamışdır. 2023-cü ilin dekabr ayının əvvəlində Mansır Pənahov ona zəng edərək, onun həyətindən kombaynın X14 tərəfindən aparıldığını bildirmişdir. Bundan sonra Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, hadisə ilə bağlı məlumat vermişdir. Həmin vaxtdan indiyədək Qazax RPŞ-nin təhqiqat və istintaq bölmələrində araşdırmalar aparılmış, dəfələrlə təhqiqat və istintaq orqanının qəbul etdiyi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar Qazax rayon prokurorunun müvafiq qərarları əsasında ləğv edilmiş və əlavə araşdırmaların aparılması üçün materiallar Qazax RPŞ-nə qaytarılsa da, nəticədə Qazax RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru X16 xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə, cavabdeh tərəfindən ona 45.000 manat məbləğində maddi zərər dəymişdir. Hər dəfə ondan pulunu qaytarmasını tələb etdikdə, müxtəlif bəhanələrlə həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Cavabdeh ona qaytarmalı olduğu puldan öz tələbatlarını təmin edərək faydalanmış, həmin puldan istifadə edərək öz ehtiyacını və ya başqa cür tələbatlarını tam şəkildə ödəməklə, ondan gəlir və bəhər əldə etmişdir. Bu hal isə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, ondan faydalanmağı özündə ehtiva edir. İsin faktiki hallarından da görünür ki, cavabdeh ona qaytarmalı olduğu pul vəsaitini qanunsuz saxlamaqla ödənilməsindən boyun qaçırır. Onun bu hüquqa zidd təqsiri, hərəkətləri ilə formalaşan niyyətinin əsasında faydalanmaq və onu aldatmaq durur. Cavabdeh nümayəndəsi, Vəkil2 məhkəməyə göndərdiyi ərizədə və izahatında göstərmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı ibtidai istintaq zamanı vermiş olduğu şikayət ərizələrindən, eyni zamanda vermiş olduğu izahatlardan görünür ki, onun tələbi avtomobili ondan almış şəxs X5 olmuşdur. Lakin iş üzrə araşdırma zamanı iddiaçının ibtidai istintaq dövründə verdiyi ərizəsinə əsasən Müşfiq Əliyevin əməlində cinayət tərkibi olmadığından, iddiaçı məcbur qalıb hazırki iddia ərizəisi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və Cavabdeh sözgedən iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, İddiaçı ibtidai istintaq zamanı Qazax rayon Yuxarı Salahlı kənd sakıni Cavabdeh 3-4 il olar ki, tanıdığını, Əmiraslanın ona istifadə etmək üçün taxılbiçən “Dominator 130” Kombayn markalı texnikanı təklif etdiyini, Əmiraslanın ona bu kombaynı satmaq istəməsi və özünə TİR almaq istəməsini dediyini, texnikanın Goranboy rayonu Goranlı kənd sakini X6 adına lizinqə alındığını, bu texnikanı Əmiraslanın 2018-ci ildə yaz vaxtı Müşfiq Əliyevdən aldığını, özünün Əmiraslandan texnikanı 2018-ci ilin payız vaxtı aldığını, Əmiraslanın 2018-ci ilin lizinq ödənişini tamamilə ödəyib qurtardığını, Əmiraslanın bu kombaynı almaq üçün Müşfiq Əliyevə 40.000 manat pul ödədiyini, 2018-ci ildə özünün ödədiyi təxminən 5000 manat civarında pulu da həmin Müşfiqə ödədiyini, 40.000 manat pulun üstünə gələrək ondan maşını almaq üçün 45.000 manat pul istədiyini, Əmiraslanla razılaşdığını, 2018-ci ilin payız aylarında 45.000 manat pulu ödəyərək Əmiraslandan həmin texnikanı aldığını, həmin vaxt texnikanın ilk sahibi olan Müşfiq Əliyevi nə görmədiyini, nə də ki, onunla heç nə danışmadığını, sadəcə olaraq Əmiraslanın texnikanı ona satması barədə Müşfiqə məlumat verdiyini, bundan sonra həmin texnikadan 4 il istifadə etdiyini, ödəniş cədvəlinə uyğun olaraq 17.000 manat pul ödədiyini, 2023-cü ilin payız aylarında biçin mövsümü qurtarandan sonra həmin kombaynı Qazax rayon Aşağı Salahlı kəndində tanışı Mansır Pənahovun həyətində yerləşdirdiyini, 2023-cü ilin dekabr ayının əvvəllərində Mansırın ona zəng edərək Müşfiq Əliyevin onun qapısına gəlib texnikanı ondan geri tələb etdiyini, buna görə də texnika Müşfiq Əliyevin adına qeydiyyatda olduğu üçün kombaynın açarını Müşfiqə verdiyini və sonuncunun kombaynı Goranboy rayonuna apardığını, özünün həmin vaxt Bakı şəhərində olduğunu, Bakıdan qayıdandan sonra Müşfiqin arxasınca Goranboy rayonu Goranlı kəndinə getdiyini, Müşfiqi evdə tapa bilmədiyini, lakin kombaynı onun həyətində gördüyünü bildirmişdir. Bununla yanaşı ibtidai istintaq zamanı ifadəsi alınmış X7 istintaqa verdiyi izahatında Qazax rayon Aslanbəyli kənd sakini İddiaçı 2023-cü ilin avqust ayında özünün Kombayn markalı texnikasını onun yaşadığı Qazax rayon Aşağı Salahlı kəndinə təmir etdirmək üçün gətirdiyini, həm də bu texnikanı mövsümdə özünün işlətdiyini, buna görə də Sahibin sözü ilə razılaşaraq kombaynı həyətində saxladığını, 2023-cü ilin dekabr ayının əvvəllərində Goranboy rayonu Goranlı kənd sakini X6 onun evinə gəldiyini, ona məhkəmə kağızları göstərdiyini, ona görə də Sahiblə telefonla danışdığını, Sahibin həmin vaxt Bakı şəhərində olduğunu, telefon danışığı zamanı Sahibin ona aparır aparsın dediyini, buna görə də Müşfiqin kombaynı aparmasına narazılıq etmədiyini, Müşfiqin özünün kombayna oturaraq texnikanı idarə edib onun həyətindən çıxartdığını bildirmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən eyni zamanda, ödəniş qrafikindən görünür ki, İddiaçı ödəniş üzrə öhdəliyini icra etməmiş, nəticədə lizing müqaviləsi üzrə öhdəliyi icra etmədəyindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2018-ci il tarixli 384-GL/18 nömrəli müqavilə üzrə öhdəliyin icrasını tələb etmişdir. Yəni, iddiaçı qəbul etmiş olduğu öhdəliyi icra etmiş olsa idi, Aqrar Kredit və İnkişaf Agentliyi sözügedən tələb ilə məhkəməyə müraciət etməz, Müşfiq Əliyevdə sözügedən əmlakı geri tələb etməzdi. İddiaçı qərəzli olaraq öhdəliyi icra etmədiyindən iddiaçının təqsiri və yaxud bilərəkdən etmiş olduğu hərəkət nəticəsində əldə etmiş olduğu əmlak hüququndan məhrum olmuşdur. Bu halda isə cavabdehin heç bir təqsiri yoxdur. İddiaçı xx.xx.2023-cü ildə Qazax RPŞ-yə ərizə ilə müraciət edərək və izahat yazaraq bir neçə il bundan qabaq aldığı kombayn taxılbiçən traktorun Goranboy rayon sakini X6 adına olduğunu, Müşfiqin hazırda onun iştirakı ilə kombaynı lizinqə təhvil verməyə apardığını, bununla bağlı kombaynın lizinqə getməsinə heç bir narazılığının olmadığını bildirmis, xx.xx.2023-cü ildə X14 təkrar Qazax RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus olan Dominator 130 markalı kombaynı Sahibdən qəbul etdiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilən ərizələr ona dəlalət edir ki, iddiaçı kobaynın Müşfiqə və lizinq şirkətinə verilməsinə heç bir etirazının olmamasını bildirirək, cavabdehə qarşı qərəzli münasibət bəsləmiş, 2018-ci il tarixdə faktik olaraq əldə etmiş olduğu 5 il müddətində fasiləsiz kombaynı könüllü olaraq istifadə etmiş, ondan gəlir və qazanc əldə etmiş, sözügedən kombaynı istismar etmiş, bununla belə ödəmiş olduğu pulu hazırki halda cavabdehdən tələb etməkdədir. İş materiallarından və tərəflərin izahatlarından açıq şəkildə görünür ki, İddiaçı, lizinq götürən Müşfiq Əliyev və Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh və İddiaçı arasında bağlanmış şifahi müqaviləni bəyənmiş, 5 il müddətində susmaq və ödəniş etməklə icra etmişdir. Sonunda müqaviləni bəyənmiş şəxslərin birgə iştirakçılığı işin ən asan forması cavabdehdən pulu geri almaq qənaətinə gəlmişlər. Mülki işin hallarından görünür ki, mübahisəli kombayn 2018-ci ilin sentyabr-oktyabr ayından iddiaçıya satılmış, bu barədə Müşfiq Əliyev və Aqrar Kredit və İnkişaf Agentliyi əqdi bəyənərək 2023-cü il tarixədək hazırki İddiaçı tərəfindən kreditləri ödənilərək həmin vaxtdan etibarən kombayn iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Həmçinin 12 dekabr 2023-cü il tarixdə İddiaçı kombaynın Müşfiq Əliyev və lizinq şirkətinə təhvil verilməsinə etirazının olmamasına dair ərizə ilə Qazax RPŞ-nə müraciət etmişdir. İş üzrə bütün tərəflər hazırki müqaviləni bəyənmiş və icra etmişdir. Hazırki halda İddiaçı hüquqdan sui-istifadə edərək əsassız olaraq cavabdehdən 2018-ci il tarixdə ödəmiş olduğu pulu tələb edərək, əlavə gəlir əldə etməyə və əsassız varlanmağa yönəlmiş hərəkətlər edir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, lizinq Şirkəti və Müşfiq Əlliyevin kombaynı geri tələb etməsi bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Cavabdehin nümayəndəsi, Vəkil2 həmçinin tərəflər arasında yaranmış öhdəliyin alqı-satqı müqaviləsindən yarandığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Hesab edir ki, hazırki tələb üzrə iddia müddəti keçmişdir. Qeyd edilən halları nəzərə alaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi, Vəkil1 iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı 2018-ci ilin yaz aylarında lizinq müqaviləsinə əsasən X1 olan kombaynı, bundan sonrakı aylıq ödənişlərin onun tərəfindən Aqrolizinq ASC-yə ödəniləcəyi təqdirdə, sonunda onun mülkiyyətinə veriləcəyi şərti ilə Cavabdeh 45.000 manat pul ödəyərək Cavabdeh təhvil almışdır. Bir sözlə, iddiaçı cavabdehin bu barədə ona vermiş olduğu vədinə inanaraq, kombaynı cavabdehdən 45.000 manat verməklə almağa razılaşmışdır. Sözügedən kombayn 5 ilə yaxın müddətdə iddiaçının istifadəsində olmuş və həmin müddət ərzində iddiaçı ümumilikdə 17.000 manat məbləğində pulu Aqrolizinq ASC-nin hesabına ödəmişdir. Ödəniş qəbzlərinin əsilləri sübut növü kimi məhkəməyə təqdim olunmuşdur. Sonradan sistem üzərində problemlər yarandığına görə iddiaçı ödənişləri həyata keçirə bilməmiş, hətta bu barədə cavabdehə məlumat vermişdir. Biçin mövsümü bitdiyinə görə 2023-cü ilin payız aylarında iddiaçı kombaynı tanışı Mansır Pənahovun yaşadığı evin həyətində saxlamışdır. 2023-cü ilin dekabr ayının əvvəlində X3 Qazax rayon polis şöbəsinin əməkdaşlarının köməkliyi ilə Mansır Pənahovun həyətindən aparmışdir. Bundan sonra iddiaçı kombaynın Müşfiq Əliyevin razılığı olmadan cavabdehin ona satıldığı barədə məlumatı olmuş, bununla da cavabdeh tərəfindən aldadıldığını və hüquqlarının pozulduğunu bilmişdir. Bundan sonra iddiaçı Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, hadisə ilə bağlı məlumat vermişdir. Həmin vaxtdan araşdırmalar aparılmış, dəfələrlə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş, hər dəfə qeyd olunan qərarlar rayon prokuroru tərəfindən ləğv edilərək yenidən araşdırılması üçün Qazax RPŞ-nin təhqiqat və istintaq bölmələrinə qaytarılmışdır. Nəticədə 2025-ci ilin iyun ayının 5-də yenidən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarla iddiaçıya mülki qaydada iddia qaldsırmaq hüququ izah edilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya 45.000 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı hər dəfə cavabdehdən pulunu qaytarmasını tələb etdikdə, cavabdeh müxtəlif bəhanələrlə həmin pulu qaytarmaqdan boyun qaçırmışdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi, Vəkil2 məhkəməyə göndərdiyi ərizədə müdafiə çıxışını məhkəməyə təqdim etdiyini, təqdim etdiyi ərizənin onun ifadəsi kimi qəbul edərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 21 fevral 2018-ci il tarixli “384-GL/18” nömrəli Müqavilədən görünür ki, "xxxx" ASC-nin Goranboy rayonu Goranlı kənd sakini X14 ilə qarşılıqlı razılaşma əsasında bağladıqları müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 86.118,00 manat olan və Spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Texnikaya mülkiyyət hüququ Lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Azərbaycan Respublikası “Azərbaşdövləttexnəzarət” müfəttişliyinin 026779 nömrəli Qeydiyyat Şəhadətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə "xxxx" ASC tərəfindən X15 Goranboy rayonu Goranlı kənd sakini X8 lizinqə verildiyi üçün satıla bilməz. 21 fevral 2018-ci il tarixli “384-GL/18” nömrəli lizinq müqaviləsinin 4.1 bəndinin ödəniş qrafikindən görünür ki, Kombayn taxılyığan Class Dominator 130 üçün 2018-ci il tarixdən 2026-cı il tarixədək hər il ərzində (iyun və sentyabr aylarında olmaqla) ümumilikdə 4874,00 manat olmaqla ödəniş edilməlidir. xx.xx.2018-ci il tarixli ASC/3-62 saylı etibarnamədən görünür ki, "xxxx" ASC tərəfindən lizinq alan Goranboy rayonu Goranlı kənd sakini X6 "xxxx" ASC ilə bağladığı 384-GL/18 nömrəli xx.xx.2018-ci il tarixli “384-GL/18” nömrəli xx.xx.2018-ci il tarixli lizinq müqaviləşi üzrə lizinqə götürdüyü 1 (bir) ədəd Claas Dominator 130 markalı kombaynın (D/Qeydiyyat nişanı: AZ 90 T-662, Zavod №: 15611768, Mühərrik №:21960901Y) idarə olunmasını, müvafiq sürücülük vəsiqəsi olan Qazax rayonu, Yuxarı Salahlı kənd sakini Cavabdeh həvalə etmək səlahiyyəti verilmişdir. Bu lizinq alan X9 "xxxx" ASC ilə bağladığı üzrə öhdəliklərindən azad etmir. İddia ərizəsinə əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Aqrolizinq ASCnin hesabına xx.xx.2019-cu ildə 2437.0 manat, xx.xx.2019-cu ildə 200.0 manat, xx.xx.2019cu ildə 2237.0 manat, xx.xx.2019-cu il tarixdə 437.0 manat, xx.xx.2019-cu ildə 2000.0 manat, xx.xx.2019-cu ildə 384.0 manat, xx.xx.2021-ci ildə 2437.0 manat xx.xx.2021-ci ildə 2437.0 manat, xx.xx.2022-ci ildə 2437.0 manat ödənişlər etmişdir. Bu ödənişlərin ümumi məbləği 15000.0 manat təşkil edir. İddiaçının təqdim etdiyi digər 2 ədəd qəbzlər üzərindəki yazılar oxunmadığına görə həmin ödənişlərin məbləğini müəyyən etmək mümkün olmamışdır. X6 "xxxx" ASC ilə bağladığı 21 fevral 2018-ci il tarixli “384-GL/18” nömrəli lizinq müqaviləsi üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən görünür ki, 2022-ci ilin İİİ rübündən 2023-cü ilin İV rübü daxil olmaqla ümumilikdə 12.521,00 manat gecikdirilmiş borc və 913,02 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf X2 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 21 fevral 2018-ci il tarixli “384-GL/18” nömrəli lizinq müqavilə üzrə yaranmış 12.521,00 manat gecikdirilmiş borc və hesablanmış 913,02 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 200 manat mediasiya xərci, cəmi 14.134,02 manat pulun cavabdehdən tutulub Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus kombaynın Qazax rayon Aşağı Salahlı kəndində Mansır adlı şəxsin həyətində olduğunu, texnikanın qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Sonuncu polis şöbəsində verdiyi izahatında "xxxx" ASC ilə müqavilə əsasında kənd təsərrüfatı texnikasını bir müddət işlətdikdən sonra Əmiraslan adlı şəxsə icarəyə verdiyini, bir müddət sonra isə Əmiraslanın həmin texnikanı adını sonradan bildiyi Sahib adlı şəxsə ondan icazəsiz verdiyini bilmişdir. Təxminən iki mövsum kombaynın lizinq ödənişi edilmədiyindən "xxxx" ASC ona qarşı iddia qaldıraraq 24.000 manat pul tələb etmişdir. Dəfələrlə Sahib adlı şəxsdən texnikanın icarə haqqını ödəməsini tələb etsə də, sonuncu icarə haqqını ödəməmiş və texnikanı qaytarmamışdır. X14 xx.xx.2023-cü il tarixdə Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, Dominator 130 markalı kombaynı Sahib Əliyevdən qəbul etdiyini, heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, bir neçə il bundan əvvəl aldığı kombayn taxılbiçən traktor Goranboy kənd sakini X6 adınadır. Müşfiq hal-hazırda onun iştirakı ilə kombaynı lizinqə təhvil verməyə aparır, bununla bağlı kombaynın lizinqə getməsinə heç bir narazılığı yoxdur. İddiaçı sonradan Qazax rayon polis şöbəsinə verdiyi izahatında həmin ərizəsinə aydınlıq gətirərək göstərmişdir ki, polis şöbəsində ona kombaynın araşdırılma üçün lizinq şirkətinə aparıldığını bildirdiklərinə görə o, kombaynın aparılmasına razılaşmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, texnika Müşfiqə verilmişdir və texnikadan Müşfiq istifadə edir. O, texnikanı Müşfiqdən istədikdə ondan 23000 manat pul istəyir. Onun isə hazırda lizinqə 15500 manat borcu qalmışdır. Müşfiq isə 8000 manat artıq pul istəyir. O, həmin məbləği Müşfiqə verməyə razı olsa da sonuncu kombaynı onun adına sənədləşdirməyə razılıq vermir. Cavabdeh Qazax rayon polis şöbəsinə verdiyi izahatında göstərmişdir ki, 2018-ci ilin yaz aylarında Goranboy rayonu Goranlı kənd sakini X5 taxılbiçən Claas "Dominator 130" Kombayn markalı texnika almışdır. Müşfiq həmin kombaynı ona 40000 manata satmağa razlaşmışlar. Sonra Müşfiqlə Bakı şəhərində həmin kombaynın lizinqə verildiyi şirkətə getmişlər və orada o Müşfiqə 40000 manat pulun yarısını vermişdir. Bundan sonra Müşfiq ona "xxxx" ASC-də 2018-ci ilin mart ayının 9-da 1 il müddətinə kombaynın idarə olunması üçün etibarnamə vermişdir. Müşfiqdən aldığı texnikanın pulunun yarısını isə Goranboy rayonunda vermişdir. O, bu texnikanı 2018-ci ilin payız aylarına kimi özündə saxlamış, istifadə etmiş, sonra bu texnikanı satmaq fikrinə gəlmişdir. Sahib texnikanı almaq istədiyini bildirmiş, o, Sahiblə razılaşaraq, Müşfiqə ödədiyi 40000 manat pulu və 2018-ci ildə ödədiyi 5000 manat civarında lizinq ödənişini hesablayaraq, ondan 45000 manat pulu 2018-ci ilin payız aylarında almışdır. O, Sahibə kombayın X6 adına lizinqə verildiyini, kombaynın lizinqdə olduğunu, 2025-ci ildə ödənişi qurtaracağını bildirərək, ödəniş cədvəlini Sahibə vermişdir. 2023-cü ilin dekabr ayında isə Müşfiqin gəlib həmin texnikanı Sahibdən geri götürdüyün öyrənmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından X6 barəsində cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı müraciətində mülki xüsusatlar olduğu üçün lizinq verən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və material üzrə əlavə yoxlama aparılması barədə qərardan görünür ki, Qazax RPŞnin təhqiqat bölməsində toplanmış HK-1/125 nömrəli ilkin yoxlama materialı üzrə Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması Qazax RPŞ-nin Təhqiqat bölməsinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və material üzrə əlavə yoxlama aparılması barədə qərardan görünür ki, Qazax RPŞnin təhqiqat bölməsində toplanmış HK-1/125 nömrəli ilkin yoxlama materialı üzrə Qazax RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması Qazax RPŞ-nin Təhqiqat bölməsinə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, qeyd olunan fakt üzrə Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilmiş, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə və iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və material üzrə əlavə yoxlama aparılması barədə qərardan görünür ki, Qazax RPŞnin təhqiqat bölməsində toplanmış HK-1/125 nömrəli ilkin yoxlama materialı üzrə Qazax RPŞ-nin Təhqiqat bölməsinin sabiq müstəntiqi, polis kapitanı X17 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material üzrə əlavə araşdırma aparılması Qazax RPŞ-nin Təhqiqat bölməsinə həvalə edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, qeyd olunan fakt üzrə Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən (əməldə cinayət tərkibi olmadıqda) rədd edilmiş, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə, həmçinin X14 və Cavabdeh qarşı mülki iddia qaldıraraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2018-ci ilin payız aylarında lizinq müqaviləsinə əsasən X1 olan kombaynı, sonrakı aylıq ödənişlərin onun tərəfindən Aqrolizinq ASC-yə ödəniləcəyi, sonunda kombaynın onun mülkiyyətinə veriləcəyi şərti ilə Cavabdeh 45.000 manat pul ödəyərək sonuncudan almışdır. Kombayn 5 ilə yaxın müddətdə iddiaçının istifadəsində olmuşdur və həmin müddət ərzində Aqrolizinq ASC-nin hesabına təxminən 17000 manata yaxın ödənişlər etmişdir. Biçin mövsümü qurtardıqdan sonra İddiaçı texnikanı Qazax rayon Aşağı Salahlı kənd sakini Mansır Pənahovun yaşadığı evin həyətində saxlamışdır. 2023-cü ilin dekabr ayının əvvəlində X3 polis əməkdaşlarının köməkliyi ilə Mansır Pənahovun yaşadığı evin həyətindən aparmışdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 45.000 manat pulun alınıb ona verilməsini tələb etmişdir. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, iş materiallarına əlavə olunmuş İddiaçı və Cavabdeh polis şöbəsində araşdırma aparılarkən verdikləri izahatlarından görünür ki, Cavabdeh 2018-ci ilin yaz aylarında taxılbiçən Claas "Dominator 130" kombaynı X5 almış və 2018-ci ilin mart ayının 9da "xxxx" ASC-də ona 1 il müddətinə kombaynın idarə olunması üçün etibarnamə verilmişdir. 2018-ci ilin payız ayında texnikanı 45000 manata İddiaçı satmışdır. 2023-cü ilin dekabr ayında isə Müşfiq Əliyev həmin texnikanı geri götürmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 45.000 manat məbləğində pulun verilməsi tam sübuta yetirilir və məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qiymətləndirilir. Beləliklə, hazırkı vəziyyətdə cavabdeh qeydiyyata alınmalı olan və lizinq saxlayanın yüklülüyündə olan əmlakı özününkü kimi qanunsuz olaraq satmışdır. Hansı ki, bu zaman onun bu əmlak üzərində hüququ müəyyən edilməmiş və sərəncam vermək hüququ ümumiyyətlə olmamışdır. İddiaçı tərəf isə əmlakın cavabdehin olmasına və gələcəkdə onun mülkiyyətinə veriləcəyinə inanaraq, onunla bu razılaşmaya gəlməklə ona ilkin olaraq 45.000 manat pulu ödəmiş, sonra isə ödəniş qrafikinə uyğun olaraq Aqrolizinq ASC-nin hesabına ödənişləri etməyə başlamışdır. Nəticədə isə həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı 45.000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Bundan başqa tərəflərin izahatı ilə müəyyən olunur ki, sözügedən əmlak 5 il müddətində İddiaçı istifadəsində olmuşdur və bu illər ərzində həmin əmlakdan istifadə edərək gəlir əldə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324 maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Maddə 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. Maddə 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: Maddə 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; Maddə 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 573.1. Alğı-satqı müqaviləsi icra edilənədək əmələ gəlmiş əsaslar üzrə üçüncü şəxslər əşyanı alıcıdan geri aldıqda, satıcı, alıcının həmin əsasların mövcudluğunu bildiyini sübuta yetirməsə, alıcıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli X13 vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Cavabdeh nümayəndəsi, Vəkil2 məhkəməyə göndərdiyi ərizədən görünür ki, o həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin vəkilinin həmin ərizəsinə hüquqi qiymət verərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. «Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur. Avropa İnsan Hüquqları Məhkəməsi «Stanyo Belçikaya qarşı» işi üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunmuş iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarından görünür ki, hazırki iddia tələbi üzrə iddiaçı hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə Qazax rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtdan 2025-ci ilin iyun ayınadək polis şöbəsində araşdırmalar aparılmış, nəticədə də xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddia müddətinin axımının həmin tarixdən, yəni iddiaçının xx.xx.2024-cü il tarixdən polis şöbəsinə ərizə ilə müraciət etdiyi vaxtdan hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə 23 iyul 2025-ci il tarixdə məhkəməyə müraciət edərkən, qanunla müəyyən edilmiş iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli, cavabdehdən 30000 (otuz min) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbini qismən təmin etməkdə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən kombayndan təxminən 5 ilə yaxın istifadə olunması nəticəsində o, həmin müddət ərzində gəlir (qazanc) əldə etdiyindən, onun tərəfindən cavabdehə verilmiş 45.000 manat pulun cavabdehdən tutularaq ona veilməsi düzgün ola bilməz. Ona görə də iddiaçının 5 il müddət ərzində kombayndan istifadə etməklə gəlir əldə etdiyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, həmin gəlir 15.000 manat məbləğində qiymətləndirilməlidir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehdən 30.000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi daha obyektivdir, həmçinin ədalət və humanizm prinsipinə uyğundur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 225 manat dövlət rüsumunun 180 (bir yüz səksən) manatı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 30.000 (otuz min) manat pul və 180 (bir yüz səksən) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1475/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1475/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver