Məhkəmə qərarları › İş №2(023)-149/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-149/2024

12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-149/2024 12.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan xırda buynuzlu heyvanların və ya onların dəyərinin alınıb verilməsi tələbinə dair mülki işə 12 mart 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz saxlanılan 26 baş xırda buynuzlu heyvanların və ya onların dəyəri olan 3380 manat pulun və 54 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2021-ci ilin yayında cavabdehə məxsus Ceyrançöl ərazisində yerləşən yatağa kürəkəni X2 yanında müvəqqəti saxlanılması üçün cavabdehə 6 baş keçi vermişdir. Bu neçə ildə həmin keçilərdən olan balaların sayı 20 ədəd olmuşdur. Kürəkəni cavabdehə məxsus fermada işləyirdi. Bundan xeyli vaxt sonra cavabdehin kürəkənini işdən azad etdiyini eşitmişdir. O cavabdehin yatağında olan heyvanlarını geri qaytarmasını bildirsə də, cavabdeh tərəfindən həmin heyvanların kürəkəninin ona olan borcu üçün saxladığını qeyd etmişdir. O cavabdehə kürəkəninin ona borcu olmadığını, onu qorxudaraq ifadələr almışlar ki, guya ona borcu olduğu qeyd edilmişdir. O cavabdehə ona məxsus heyvanların həmin borcun predmeti ola bilməyəcəyini bildirmişdir. Hətta cavabdehə həmin heyvanları vermək istəmirsə onların dəyəri olan 3380 manat pulu verməsini təklif etmişdir. Cavabdeh həmin borcu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ddiaçı İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, onun kürəkəni cavabdehin yanında ayı 200 manata çobanlıq etmişdir. O kürəkəni cavabdehin fermasında çobanlıq etməyə gedən zaman ona, 6 baş xırdabuynuzlu heyvan vermişdir ki, cavabdehin fermasında saxlasın. Kürəkəni 2 ilə yaxın müddətdə cavabdehin fermasında işləmişdir. Həmin müddət ərzində heç vaxt heyvanları ilə maraqlanmamışdır. Cavabdehlə kürəkəninin arasında mübahisələri olduğu üçün onu işdən çıxartmışdır. Bu müddət ərzində heyvanları fermada qalmışdır. O cavabdehdən həmin heyvanları qaytarmasını tələb etsə də, cavabdeh imtina etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, fermer təsərrüfatı ilə məşğul olur. İddiaçını tanımır, onunla heç bir əlaqəsi yoxdur. İddiaçının kürəkəni 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabr ayına kimi onun yanında çoban işləmiş və ayda ona 250 manat əmək haqqı vermişdir. İddiaçı kürəkəni onun yanına işləməyə gələn vaxt özü ilə heç bir heyvan gətirməmişdir. İddiaçının kürəkəni Mehman onun yanına gələndə Kəsəməndə işlədiyi yatağa 1000 manat borcu olmuşdur. Həmin borcu ödəyib Mehmanı yanına aparmışdır. İddiaçı kürəkəni qonşu yataqdan noyabr ayında Nizami adlı şəxsdən 5 baş keçini nisyə alaraq, süpürgə əkib həmin heyvanların pulunu verəcəyini demişdir. Daha sonra Mehman onun yatağında qaçıb getmişdir. O getdikdən sonra aldığı heyvanlarda onun yatağında qalmışdır. Lakin heyvanların pulunu vermədiyinə görə Nizami adlı şəxs həmin keçiləri gəlib aparmışdır. Mehman Osmanovun ona 2800 manat borcu olmuşdur ki, bununla bağlı Ağstafa Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. İddiaçı ona qarşı hazırki iddia tələbini qaldırmaqla Mehmanın ona olan borcu ilə əvəz etmək istəyir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, İddiaçı Mehmanın qohumu kimi tanımışdır. Mehman Osmanov cavabdehin fermasına çoban işləməyə gələrkən özü ilə hər hansı bir heyvan gətirməmişdir. Mehman yataqda işləyən vaxtı Nizami adlı şəxsdən nisyə keçi almışdır. Sonra Mehman işdən çıxmış, keçilər orada qalmışdır. Mehman keçilərin pulunu vermədiyinə görə Nizami gəlib keçiləri aparmışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, İddiaçı tanımır. İddiaçının ferması ilə qonşuluqda ferması vardır. Mehman Osmanov cavabdehin fermasına çoban işləməyə gələrkən özü ilə hər hansı bir heyvan gətirməmişdir. Mehman yataqda işləyən vaxtı ondan damazlıq üçün 5 baş keçini nisyə alaraq, süpürgə satıb pulunu verəcəyini bildirmişdir. Sonradan Mehmanın işdən çıxdığını eşitmiş, gedib fermadan keçiləri götürmüşdür. Ağstafa şəhər “Dostluq” firmasının verdiyi 11 sentyabr 2023-cü il tarixli arayışından görünür ki, 1 kiloqram keçi ətinin pərakəndə satış qiyməti 14-15 manatdır. Ağstafa Rayon Məhkəməsinin 2(015)-186/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnamənin surətindən görtünür ki, X1 2800 manat pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, iddiaçı 2021-ci ildə özünə məxsus 6 baş keçini cavabdehə məxsus yataqda çoban işləyən kürəkəni Mehman Osmanova müvəqqəti saxlanılması üçün vermişdir. Mehman Osmanov fermadan işdən çıxdıqdan sonra keçilərin orada qaldığını, keçən müddət ərzində həmin keçilərdən olan balaların sayının 20 ədəd olmasını, cavabdehin isə həmin heyvanları, yaxud onun dəyərini qaytarmadığını qeyd edərək, 26 baş xırda buynuzlu heyvanların və ya onların dəyəri olan 3380 manat pulun cavabdehdən tutulması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı müzakirə edərək belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri şifahi formada bağlanmış podrat və tapşırıq müqavilələrindən irəli gələn öhdəliklərin lazımınca yerinə yetirilməməsi nəticəsində iddiaçıya zərər vurulması ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin podrat və tapşırıq müqavilələrini, habelə mülki hüquq pozuntularından (deliktlərdən) irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində göstəilir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında zərərlə bağlı xüsusilə qeyd etmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında dindirilmiş tərəflərin izahatlarından və şahid ifadələrindən görünür ki, iddiaçı 2021-ci ildə özünə məxsus 6 baş keçini cavabdehə məxsus yataqda çoban işləyən kürəkəni Mehman Osmanova müvəqqəti saxlamaq üçün verdiyini, Mehman Osmanov işdən çıxdıqdan sonra keçilərin fermada qaldığını iddia etsə də, cavabdehin izahatı və şahidlərin ifadələri ilə müəyyən olunur ki, iddiaçının kürəkəni Mehman Osmanov cavabdehin fermasına çoban işləməyə gələrkən özü ilə hər hansı bir heyvan gətirməmişdir, lakin sonradan orada qonşu yataqda işləyən Nizami adlı şəxsdən 5 baş keçini nisyə almış, işdən çıxarkən aldığı heyvanların pulunu vermədiyinə görə Nizami keçiləri fermadan aparmışdır. Hazırkı iddia tələbi üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı sözügedən heyvaları cavabdehə verdiyini iddia etsə də, həmin heyvanları cavabdehə verməsini ilə bağlı hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehə məxsus fermaya 6 baş keçini göndərməsi barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən, eyni zamanda iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyündən, İddiaçı Cavabdeh qarşı qanunsuz saxlanılan xırda buynuzlu heyvanların və ya onların dəyərinin alınıb verilməsi barədə iddiası təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 54 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının PM-nin 213-214,216- 220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qanunsuz saxlanılan 26 baş xırda buynuzlu heyvanların və ya onların dəyəri olan 3380 manat pulun alınıb verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar