Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1684/2025 11.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, bu günkü günü qiyməti 3500 manat məbləğində olan iri buynuzlu inəyin əvəzinin alınıb verilməsi, inəyin özünü almadıqda isə ona dəymiş 3500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh, yəni Cavabdeh uzun müddətdir ki, tanıyır. Onlar bir kənddə yaşayılar. Onların kənddə mal-qarasını daimi çoban olmadığından, mal-qarası olan şəxslər növbə ilə, səhər-səhər mal-qaranı yığır kəndin otlaq sahəsinə aparır, orada otarır və axşam olanda kəndə gətirir. Həmin günü, həmin şəxs bütün mal-qaranın sağlamlığına və itməməsinə cavabdeh olur. xx.xx.2025-ci il tarixində, mal-qaranın otarılması növbəsi Cavabdeh növbəsinə düşmüşdür. O, xx.xx.2025ci il tarixində, təxminən saat 03:30-da, 3 baş iri bıynuzlu mal-qaramı (inəklərini) cavabdehəh Cavabdeh təhvil vermişdir.Hənin günü təxminən 18:30-da qonşu Surxay ona bildirdi ki, Urfan ona dedi ki, Mahirə bildir ki, bir dənə inəyi otlaq sahəsində ölüb, tez bura gəlsin. O, bunu eşidən kimi həmin yerə getmiş və orada inəyinin olduğu görmüşdür.O və orada olan şəxslər bildirdilər ki, çoban mal- qaranı, kəndin zibil yeri olan əraziyə aparmış, mal-qara zibilliyə tökülmüş xarab kartofu yiyib və bu səbəbdəndə ölümüşdür. Onlar, cavabdehin razılığı ilə inəyin ölmə səbəbini bilmək üçün, ölmüş inəyin başını kəsdilər. Həmin vaxtı inəyin boğazından kartof töküldü. Onlar müəyyən etdik ki, inək kartof yediyinə görə kartof inəyin hava yolunu tutmuş və inək bu səbəbdən ölmüşdür. Həmin vaxtı Cavabdeh özü ona bildirmişdir ki, ona dəymiş ziyanı ödəyəcək, inəyinin dəyəri olan pulunu verərəcək, istəsə də əvəzinə başqa inək alıb verərəcəkdir. O da inanmış və onunla razılaşmışdır. Həmin vaxtı o, dedi ki, o getsin. Onla isə evlərinə getmişlər. İnəyin meyidi isə orada qaldı. İki gündən sonra Cavabdeh və onun atası, ona bildirdilər ki, onlar nə pul, nədə ki, inək alıb verməyəcəkdir. O, artıq Cavabdeh tərəfindən aldadıldığını başa düşdü. Bu səbəbdən də, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 3 baş iri buynuzlu heyvanı cavabdehə otlaq sahəsinə aparıb otarması üçün vermişdir. Lakin onun səhlənkarlığı ucbatından heyvan kəndin zibil tökülən yerində olan köhnəlmiş kartoflardan yeyərək nəticədə boğularaq ölmüşdür. Həmin heyvanın ölməsi nəticəsində ona 3500 manat maddi ziyan dəymişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçının mal-qarasını otlamaq üçün aparmışdır. Lakin aparan zaman heyvanlar zibil tökülən yerə getmişlər və köhnəlmiş kartoflar yemişlər. O heyvana qəsdən zərər yetirməmişdir. Bundan başqa iddiaçı tələb etdiyi pulu çox istəyir. Belə ki, bir baş iri buynuzlu heyvanın qiyməti 1500 manatdır. İddianı 1500 manat hissəsində qismən qəbul edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun həmkəndlisidir. Onun heyvanlarıda həmin sürünün içərisində olmuşdur. Ona heyvanların kartof yeyib ölməsi barədə zəng edərək məlumat vermişlər. Həmin vaxt hadisənin baş verdiyi yerə gedərək, İddiaçı iri buynuzlu heyvanın zibillikdə kartof yeyərək ölməsini görmüşdür. Həmin günü çoban heyvanları zibillik ərazisindən deyil başqa istiqamətdən apara bilərdi. Heyvanalrı otaran Cavabdeh olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iddiaçı və cavabdehlə həmkəndlidir. Qonşusu ona xəbər verdi ki, kəndin heyvanlarından ölmüşdür. Hadisə yerinə gedən zaman heyvanın öldüyünü görmüşdür. Həmin heyvanlar Cavabdeh tərəfindən otarılan zaman zibbilik ərazisində kartof yeməsi nəticəsində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, İddiaçı onun atasıdır. Cavabdeh onların heyvanlarını otlamaq üçün aparmışdır. Cavabdeh heyvanları nəzərətsiz qoyması nəticəsində heyvanlara zibillik ərazisinə daxil olub kartof yeyərək ölmüşdür. Hadisə yerinə gedən zaman heyvanın boğazında kartof qaldığını görmüşdür. Heyvanlardan iki inək kartof yemişdi, lakin birini vaxtında kəsdilər digər heyvan isə artıq ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli Qazax rayon Fərəhli kəndi icra nümayəndəliyinin məktubundan görünür ki, Qazax rayon X4 Bölməsinin əməkdaşları və baytar sahə həkimi tərəfindən baxış keçirilmişdir. Baxış keçirilərkən məlum olmuşdur ki, Fərəhli kənd sakini İddiaçı məxsus 1 baş iribuynuzlu mal-qara örüş sahəsinə atılmış yararsız kartofu yeyərək ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli, 161 saylı hesabatın məzmunundan görünür ki, bazar məlumatların etibar doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunaraq aparılmış monitorinqin nəticəsi qiymətləndirici tərəfindən təhlil edilərək belə nəticəyə gəlmişdir ki, 1 ədəd 6 yaşı olan yerli cins boğaz inəyin dəyəri 3200 manat təşkil edir. İşdə olan olan foto şəkillərdən görünür ki, bir baş iri buynuzlu heyvan ölmüşdür. İşdə olan 035005 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 777.1-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2 ci maddəsinə görə tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 777.4 ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.2-ci maddəsinə görə tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 778.3-ci maddəsinə görə əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh həmkəndlidirlər. Onların kənddə mal-qarasını daimi çoban olmadığından, mal-qarası olan şəxslər növbə ilə, səhər vaxtları mal-qaranı yığır kəndin otlaq sahəsinə aparır, orada otarır və axşam olanda kəndə gətirir. Mal-qaranı otlamağa aparan şəxs malqaranın sağlamlığına və itməməsinə cavabdeh olur. xx.xx.2025-ci il tarixdə, mal-qaranın otarılması növbəsi Cavabdeh olmuşdur. Lakin Cavabdeh mal-qaranı otlaq sahəsinə aparan zaman nəzarətsiz buraxması səbəbindən İddiaçı məxsus iri buynuzlu heyvanlardan biri kəndin zibil tökülən yerinə aid sahədə kartof yeyib boğulması nəticəsində ölmüşdür. 1 ədəd 6 yaşı olan yerli cins boğaz inəyin ölməsi nəticəsində İddiaçı 3200 manat maddi ziyan dəymişdir. Cavabdeh heyvanın ölməsində onun təqsirinin olmamasını hər hansı vasitə ilə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, iddia təmin edilməli, vurulmuş zərərin əvəzi qismində 3200 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 52 manat məbləğində pul vəsaiti cavabdehdən dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi qismində 3.200 (üç min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Cavabdeh ödənilməmiş dövlət rüsumunun əvəzi qismində 52 manat məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1684/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1684/2025
11.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver