Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-172/2024 05.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi, Vəkil Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 05 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2600 manat pul və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2630 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağstafa rayonu Soyuqbulaq qəsəbəsində yaşayır, cavabdehi əvvəllər tanımamışdır, münasibətləri sonradan yaranmışdır. Belə ki, cavabdehlə 2021-ci ildə Qazax rayonu ərazisində yerləşən tikinti materialları satışı mağazasından yaşadığı evə tikinti materialları alarkən tanış olmuşdur. Cavabdeh həmin vaxt tikinti materialları mağazasında işləmişdir. Aralarında olan söhbət zamanı Rəşad laminat və digər tikinti materialları alıb-satmaqla əlavə gəlir götürmək mümkün olduğunu ona bildirmişdir. O, Rəşaddan bu işlə məşğul olmaq üçün nə qədər pul lazım olduğunu soruşduqda, təxmini 2000-3000 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra Rəşada 2600 manat pul verəcəyi, Rəşad isə laminat və digər tikinti materialları alıb-satmaqla, əldə etdiyi qazancdan onun da payını verəcəyi ilə bağlı aralarında razılaşmışlar. Ona görə də, təxminən 2021-ci ilin yayında o, Rəşadla Qazax şəhərində yerləşən “Yeddi Qaya” mağazasında görüşmüş və Rəşada 2600 manat pul vermişdir. Bundan bir neçə gün sonra Rəşadla əlaqə saxladıqda sonuncu dediyi malları alıb-satdıqdan sonra onun da pulunu verəcəyini bildirmişdir. Sonradan Rəşad onu hər dəfə aldadaraq yalan vədlər verməyə davam etmişdir. Nəhayət o, Rəşadın onu aldatdığını, satmaq üçün heç bir tikinti materialı gətirmədiyini araşdırıb müəyyən etmişdir. Ona görə də, Rəşaddan pulunu geri tələb etmiş, lakin Rəşad müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. Ona görə də, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, bu barədə məhkəmə bildirişi onun yaşadığı ünvana göndərilmiş buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəməyə göndərdiyi teleqramda iddianı qəbul etdiyini, hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin iddiaçıya borcunun mövcud olduğunu iddiaçı, borc kimi verilən pulun qaytarılmasını isə cavabdeh sübut etməlidir. İş materiallarına əlavə edilmiş 12 fevral 2024-cü il tarixli tarixli teleqramdan görünür ki, Cavabdeh İddiaçı borcu olduğunu etiraf etmiş və hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsində qeyd olunur ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2.-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı cavabdehə əvvəllər 2600 manat məbləğində pul vermişdir. Belə ki, cavabdeh məhkəməyə göndərdiyi teleqramda iddiaçıya borcu olduğunu etiraf etmiş və həmin borcu hər ay 100 manat qaytaracağını öhdəsinə götürmüşdür. Qeyd edilənlərə və Mülki Məcəllənin 385, 442, 448, 739 və 882-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən həmin pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 2600 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2630 (iki min altı yüz otuz) manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-172/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-172/2024
05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver