Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1721/2025 16.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 (beş min) manat borcun və 70 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Ağstafa rayon ərazisinə yaxın, Tovuz rayonu Cəlilli kəndi ətrafında, Tovuz rayonu, Əlibəyli kəndinə məxsus olan 233 ha torpaq sahəsinin gözətçisidir. Həmin ərazidə müvəqqəti yaşamaq və mal qara saxlamaq üçün tikintisi var. Göstərilən həmin tikintidə qoyun saxlayır. Yaxın tanışı Tovuz rayonu Cəlilli kənd sakini X1 ilə hər ikisin’ məxsus 59 baş qoyun saxlayırlar. 10 may 2024-cü il tarixdə əvvəllər tanıdığı Qazax rayonu, Çaylı kənd sakini Cavabdeh1 yanında 2 nəfər tanıdğı şəxs Namizəd və Afiyəddin adlı şəxslə gələrək qoyunlarının satılmasını təklif etmiş və 58 ədəd qoyunu ümumilikdə 15200 manata razılaşaraq satmışdır. Lakin, caavbdehlər həmin pulun 10200 manatını ödəmiş, qalan 5000 manatı qısa müddətdə verəcəklərini bildirmişlər. İddiaçı əvvəllər də onlara iri buynuzlu 3 ədəd Camış satmışdır. Bu səbəbdəndə onlara etibar edərək, heyvanları vermiş, 5000 manat pulu gətirəcəklərinə inanmışdır. Cavabdehlər ona qısa müddətdə pulu verəcəklərini bildirsələr də, heç bir ödəniş edilməmişdir. İddiaçı dəfələrlə onlara telefon ilə zəng etmiş və hətta İsmayıl Məmmədovun yaşadığı evə gedərək ona borcunu ödəməsini bildirmişdir. O, isə əvvəlki kimi söz vermiş, sahədə qarpız əkdiyini deyərək, həmin qarpızı satıb pulunu ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq cavabdehlər onun pulunu verməkdən boyun qaçırmışlar. Belə ki, onların birlikdə fermaları olduğundan, həmin pulu ödəmək üçün maddi imkanları mövcuddur. Lakin cavabdehlər həmin borcu ödəməkdən imtina edirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı “iddia ərizəsinin dəqiqləşdirilməsinə dair” ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5000 manat pulun və 70 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh1 arasında əvvəllər də alqı-satqı aparıldığından iddiaçı cavabdehin ödənişi edəcəyinə inanmış, mal-qaranı satmışdır. Cavabdeh alqı-satqı üzrə ödənişi hissə-hissə etmişdir və nəticədə onun İddiaçı 5000 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin təmin edilərək 5000 manat borcun və ödənilmiş dövlət rüsumu olaraq 70 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı ilə alqı-satqı barədə sövdələşən, mal-qaranı satın alan onun özü olmuşdur. Alqı-satqı üzrə fərqli vaxtlarda hissə-hissə ödənişlər etmişdir. Hazırda onun iddiaçıya 1200 manat borcu qalmışdır. Cavabdeh2 iddiaçı ilə heç bir sövdələşməsi olmamış, ondan mal-qara almamışdır. İddiaçıdan mal-qara alan zaman onun yanında sürücü kimi gəlmişdir, həmin işlə əlaqəsi yoxdur, sövdələşmədə iştirak etməmişdir. Sadəcə həmin gün sürücü kimi mal-qaranın daşınmasına kömək etmək üçün gəlmişdir. Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, o mal-qaranın alınmasına dair iddiaçı ilə sövdələşmədə iştirak etməmişdir. Sadəcə mal-qaranı daşımaq üçün Cavabdeh1 yanında sürücü kimi oraya getmişdir.İddiaçıdan mal-qara almamışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçı və cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Alqı-satqı zamanı o da həmin yerdə olmuş, onun Cavabdeh1 ilə sövdələşdiklərini görmüşdür. Cavabdeh heyvanı aldıqdan sonra ödənişin bir hissəsini etmişdir. Həmin anda pulun nə qədər hissəsinin ödənildiyini dəqiq bilməsə də qardaşının deməsinə görə 5 min qalıq qaldığını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun atasıdır. Belə ki, heyvan alqı-satqısı üçün atası ilə cavabdehlər zəngləşib danışaraq görüşmüşlər. Heyvanları alan Cavabdeh1 olmuşdur. Həmin vaxt Cavabdeh1 təxmini 3000 manat pul ödəmişdir, yerdə qalan pulu isə bir həftə sonra ödəyəcəyini bildirmişdir.Atasının deməsinə görə borc pul 5000 manat məbləğində qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun atasıdır. Alqı-satqı üçün atası ilə danışan Cavabdeh1 olmuşdur. Həmin vaxtda heyvanları daşımağa kömək etdiyi üçün ödəniş edilib edilmədiyini, əgər edilibsə də nə qədər ödənildiyini dəqiq görməmişdir. Atasının deməsinə görə təxmini 5000 manat borc qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh1 15200 manat dəyərində xırdabuynuzlu mal-qara satmışdır. Onların arasında şifahi qaydada sövdələşmə olmuşdur. Yazılı formada hər hansı bir əqd bağlanılmamışdır. Razılaşma əsasında müəyyən edilən ödəniş Cavabdeh1 tərəfindən hissə-hissə ödənilmişdir. Bundan başqa İddiaçı Cavabdeh1 5000 manat pul tələb etmiş, lakin Cavabdeh1 cəmi 1200 manat borc pulun qalmasını etiraf etmişdir. İddiaçı isə həmin borcun 5000 manat olmasına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş üzrə şahid qismində məhkəmədə işirak edən iddiaçının yaxın qohumları Cavabdeh1 iddiaçıya hansı məbləğdə borclu qalmasını bilavasitə bilmədiklərini, iddiaçının dediklərinə istinad edərək ifadə verdiklərini bildirmişlər. Ona görədə cavabdehin heyvan alqı-satqısından iddiaçıya 5000 manat borcunun qalması sübuta yetirilməmişdir. Bundan başqa məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 iddiaçı ilə Cavabdeh1 arasında aparılan heyvan alqı-satqı zamanı yalnız sürücü qismində iştirak etmişdir. Cavabdeh2 əsl cavabdeh olmadığı məhkəmə iclasında iştirak edən cavabdehin və şahidlərin ifadələri ilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq müəyyən etdi ki, sözügedən şəxs iş üzrə cavabdeh kimi çıxış etmir. Belə ki, iş üzrə tərəflərin izahatları və şahidlərin ifadələri İddiaçı ilə alqı-satqının Cavabdeh1 ilə olduğunu, Cavabdeh2 isə sövdələşmədə iştirak etmədiyini deməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edliməli, Cavabdeh1 1200 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 1200 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 32 manat, cəmi 1232 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1721/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1721/2025
16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver