Məhkəmə qərarları › İş №2(023)-1859/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1859/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1859/2025 23.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 23 dekabr 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəldən tanışlığı oilmuşdur. 2024-cü ilin sentyabr ayında Cavabdeh ehtiyacı olduğunu bildirib, ondan 2000 manat borc pul istəmişdir. O həmin tarixdə cavabdehə 2000 manat borc pul vermişdir və sonuncu həmin pulu bir ay ərzində qaytaracağına söz vermişdir. Cavabdeh ondan borc pul aldığını təsdiq etmək üçün şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin əslini ona vermişdir. Lakin bir ay tamam olmasına baxmayaraq, indiyədək cavabdehdən pulunu ala bilməmişdir. Dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq, heç bir müsbət nəticəsi olmamışdır. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, cavabdehə 2023-cü ilin fevral ayında 1000 manat, həmin ilin iyul ayında isə 1000 manat borc pul vermişdir. Həmin vaxt cavabdeh özünə məxsus sənədləri ona vermişdir. Lakin hal-hazıradək borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qismən etiraf edərək, izahatında göstərmişdir ki, İddiaçı dəfələrlə sələmə pul almış və qaytarmışdır. Sonuncu dəfə təxminən 2024-cü ilin yanvar-fevral ayında 1000 manat borca pul almışdır, lakin imkanı olmadığına görə borcunu qaytara bilməmişdir. Bir müddət sonra həmin borcundan Gədəbəy rayonunda söhbətə baxan bir nəfər vasitəsi ilə iddiaçıya 200 manat pul qaytarmışdır. Onun əvvəldən iddiaçıya 460 manat sələm borcu olmuşdur. Bundan sonra 540 manat da almışdır, ümumilikdə iddiaçıya 1000 manat borcu olmuşdur. Qeyd etdiklərindən başqa iddiaçıdan pul almamışdır. İddiaçı onun borcuna sələm hesablayaraq 2000 manat pul tələb edir. İddiaçıya olan 1000 manat borcunu ödəmək istəsə də, iddiaçı onunla razılaşmamışdır. İddiaçıya olan borcundan 200 manat pul ödəməsinə baxmayaraq, hazırda 1000 manat pul ödəməkdən imtina etmir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, iddiaçı onun həmkəndlisidir. İddiaçılə yaylağa gedəndə hərbi postda onun hərbiçiyə pul sayıb verdiyini, həmin şəxsdən şəxsiyyət vəsiqəsini və maşının sənədlərini aldığını görmüşdür. Namiqdən soruşduqda ona 1000 manat borc verdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun dostudur, Məqsədi isə üzdən tanıyır. O İddiaçılə bir yerdə olarkən Namiq Məqsədə maşın almaq üçün 1000 manat pul vermişdir, sonuncu da sənədlərini Namiqə vermişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh 2000 (iki min) manat pul borc verdiyini, həmin puldan Cavabdeh heç bir ödəniş etmədiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 2000 manat məbləğində pulun cavabdehə verilməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd olunan məbləği 2024-cü ilin sentyabr ayında iddiaçıya verdiyini qeyd etsə də, məhkəmə hazırlıq iclasında təzadlı izahat verərək, həmin borcun 1000 manat 2023-cü ilin fevral ayında, 1000 manatını isə həmin ilin iyul ayında cavabdehə verdiyini bildirmişdir. Cavabdeh isə iddiaçıdan təxminən 2024-cü ilin yanvar-fevral ayında ümumilikdə 1000 manat pul aldığını, həmin borcu söz verdiyi vaxtda ödəyə bilmədiyini, həmin borcdan 200 manat tanışı vasitəsi ilə iddiaçıya qaytardığını, lakin buna baxmayaraq hazırda borcu qaytarmaqdan imtina etmədiyini bildirmişdir. Cavabdeh 200 manat pulu qaytarmasını qeyd etsə də, bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. İddiaçı 2000 manat məbləğində pulun cavabdehə verilməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıdan şifahi borc müqaviləsi əsasında ümumilikdə 1000 manat borc pul aldığını məhkəmədə etiraf etmişdir. Bu baxımdan iddia tələbi qismən, yəni 1000 manat pul hissəsində təsdiqini tapdığından həmin hissədə təmin edilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, cavabdeh X1 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar