Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1953/2025 19.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 19 dekabr 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada nisyə aldıqları 583 əyyarlı, ümumi çəkisi 14 qram olan qızıl boyunbağının, həmin qızıl-zinət əşyası özü olmadıqda isə onun bugünkü bazar satış qiymətinə uyğun 2520 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qazax şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi Kolxoz bazarının ətrafında yerləşən “Universam” ticarət mərkəzində özünə məxsus vitrində “qiymətli metalların və qiymətli daşların” alqı-satqısı və dövriyyəsi ilə məşğul olur. Cavabdehlər Cavabdeh1 və onun oğlu Cavabdeh2 uzun müddətdir ki, tanıyır. Cavabdehlər dəfələrlə ondan nisyə qızıl-zinət əşyaları almışlar və borclarını vaxtı-vaxtında ödəmişlər. Buna görə də bir-birlərinə hörmət və etibar yaranmışdır. Cavabdehlər X2 və Cavabdeh2 27 sentyabr 2023-cü il tarixdə onun yanına gələrək nisyə qızıl-zinət əşyaları almaq istədiklərini bildirmişlər. Cavabdehlərə etibarı olduğuna görə nisyə qızıl-zinət əşyası satmağa razılaşmışdır. O həmin tarixdə cavabdehlərə 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 18 qram olan qızıl boyunbağını, bir qramını həmin tarixə olan bazar satış qiymətinə uyğun qiymətə, yəni bir qıramını 75 manata hesablamış, ümumi dəyərini 1360 manata razılaşaraq, həmin ayın sonuna kimi nisyə satmış və həmin qızılı cavabdehlərə təhvil vermişdir. Həmin vaxt onlar öz aralarında əqd yazmışlar və cavabdehlər X2 və Cavabdeh2 əqdin doğruluğunu öz imzaları ilə təsdiqləmişlər. Cavabdehlər 1360 manat məbləğində borcdan ilkin ödəniş kimi 300 manat məbləğində pul ödəmişlər. Bundan sonra cavabdehlərin ona 14 qram qızılın pulu, yəni 1060 nanat məbləğində pul borcları yaranmışdır. Həmin tarixdən iki il vaxt keçməsinə baxmayaraq, cavabdehlər ona olan borclarından heç bir ödəniş etməmişlər. O dəfələrlə cavabdehlərdən aldıqları qızılın pulunu və ya qızıl-zinət əşyasının özünü qaytarmalarını xahiş etsə də, cavabdehlər onu aldadaraq nə ona olan pul borclarını, nə də nisyə aldıqları qızıl-zinət əşyasının özünü qaytarmırlar. O cavabdehlərə qızıl-zinət əşyasını satarkən 583 əyyarlı qızıl-zinət əşyalarının bir qramının bazar satış qiyməti 75 (yetmiş beş) manat olmuşdur. Hazırda isə 583 əyyarlı qızıl-zinət əşyasının bir qramının bazar satış qiyməti indeksasiya olunaraq 180 manat olmuşdur. Beləliklə, cavabdehlərin bugünə ona olan borcu 2520 (iki min beş yüz iyirmi) manat təşkil edir. Buna görədə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, Qazax şəhəri mərkəzi bazardakı univermaqda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. X2 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır. 27 sentyabr 2023-cü il tarixdə cavabdehlərə 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 18 qram olan qızıl boyunbağını, həmin tarixə olan bazar satış qiymətinə uyğun qiymətə, yəni bir qıramını 75 manat olmaqla 1360 manata satmışdır. Cavabdehlər 1360 manat borcdan 300 manat ilkin ödəniş etmişlər. Cavabdehlərlə bağladığı əqdə əsasən qalan 1060 manat borcu isə aprel ayının sonuna kimi qaytaracaqlarına dair öhdəlik götürmüşlər. Lakin cavabdehlər verdikləri sözə əməl etməyərək, bu günə qədər nə borcu, nə də qızıl-zinət əşyasının özünü qaytarmamışlar. Hər dəfə tələb etdikdə isə müxtəlif bəhanələr gətirmişlər. Həmin dövrdə qızılın bir qramının 75 manat olmasını, cavabdehin həmin vaxt ödədiyi 300 manatın 4 qram qızılın qiymətini təşkil etdiyini nəzərə alıb, hazırda cavabdehlərdən 14 qram çəkidə qızıl qızıl-zinət əşyası, özü olmadıqda isə onun bugünkü bazar satış qiymətinə uyğun dəyəriniu tələb edir. Hazırda isə 583 əyyarlı qızıl-zinət əşyasının bir qramının bazar satış qiyməti 180 manat olmuşdur. Beləliklə, cavabdehlərin bugünə ona olan borcu 2520 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı çəkisi 18,5 qram boyunbağını 1360 manata aldığını, 300 manat ödəniş etdiyini qeyd edərək, 1060 manat qalıq borcunu aprel ayının sonuna kimi ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 alqı-satqı qiyməti 1360 manat, çəkisi 18,5 qram olan boyunbağını bir ay müddətinə ödəmək şərti ilə satmışdır və bununla bağlı İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Həmin vaxt 1360 manat borcdan 300 manat ilkin ödəniş edilmişdir. Müqaviləyə əsasən cavabdeh bir ay müddətinə borcunu qaytaracağı barədə öhdəlik götürsə də, müqavilənin şərtlərinə əməl etməmişdir. Həmin dövrdə qızılın bir qramının 75 manat olmasını, cavabdehin həmin vaxt ödədiyi 300 manatın 4 qram qızılın qiymətini təşkil etdiyini nəzərə alıb, hazırda cavabdehlərdən 14 qram çəkidə qızıl qızıl-zinət əşyası, özü olmadıqda isə onun bugünkü bazar satış qiymətinə uyğun dəyərini tələb edir. Hazırda 583 əyyarlı qızıl-zinət əşyasının bir qramının bazar satış qiyməti 180 manat olmuşdur. İddiaçı 583 əyyarlı çəkisi 14 qram olan boyunbağını, həmin qızıl-zinət əşyası olmadıqda onun dəyəri olan 2520 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək olaraq alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə sübutetmə vəzifəsinin bölgüsü baxımından alqı-satqı müqaviləsi üzrə əşyanın alıcıya verilməsini satıcı (iddiaçı), satılan əşyanın dəyərinin ödənilməsini isə alıcı (cavabdeh) sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Hazırki mülki iş üzrə iddiaçının nisyə alqı-satqı müqaviləsi üzrə satılmış əşyanı Cavabdeh1 verməsi işin mübahisəsiz halıdır. Bununla belə iddiaçı cavabdehlərin müqavilə üzrə borcunu ödəmədiyini və ya qızıl-zinət əşyalarını qaytarmadığını iddia edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı Cavabdeh1 (alıcı) təhvil vermişdir. Cavabdeh1 (alıcı) isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişdir. Cavabdeh nisyə almış olduğu qızıl-zinət əşyasının dəyərini tam ödəmədiyindən, hazırda iddiaçı həmin əmlakı və ya dəyərini Cavabdeh1 tələb etməkdə haqlıdır. İddiaçı Cavabdeh2 qızıl-zinət əşyası verməsi barədə nə iddia ərizəsində hər hansı dəlil göstərməmiş, nə də bu barədə heç bir sübut təqdim etməmişdir. Əksinə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış müqavilədən belə məlum olur ki, iddiaçı qızıl-zinət əşyasını yalnız Cavabdeh1 vermişdir və müqaviləni də Cavabdeh1 ilə bağlamış və həmin müqavilə sonuncu tərəfindən imzalanmışdır. Belə olan halda iddiaçının Cavabdeh2 ümumiyyətlə heç bir əsas olmadan iddia irəli sürdüyü məlum olur. Belə olan halda iddia tələbi Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 nisyə aldığı 583 əyyarlı, ümumi çəkisi 14 qram olan qızıl boyunbağı, həmin qızıl-zinət əşyası özü olmadıqda isə onun bugünkü bazar satış qiymətinə uyğun 2520 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 583 əyyarlı, ümumi çəkisi 14 qram olan qızıl boyunbağı, həmin qızıl-zinət əşyası özü olmadıqda isə onun bugünkü bazar satış qiymətinə uyğun 2520 (iki min beş yüz iyirmi) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-1953/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1953/2025
19.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver