Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-1971/2025 29.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun və 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Bayramlı kəndində yaşayır və özlərinə məxsus təsərrüfatda heyvandarlıq və əkinçiliklə məşğul olurlar. Heyvanları otarmaq və onlara baxmaq üçün çoban lazım olur. Cavabdeh da çoban kimi tanımışdır. 2025-ci ilin may ayının sonlarında Cavabdeh ona məxsus fermaya gələrək, çobanlıq etdiyini, razı olarsa həmin fermada da çoban kimi işləyəcəyini bildirmişdir. Aralarındakı razılığa əsasən Cavabdeh ayı 500 manata fermada çoban işləməli idi. Cavabdeh ona borcu olduğunu bildirmişdir. O da Cavabdeh 2 aylıq əmək haqqını əvvəldən vermişdir. Cavabdeh fermada işləməyə başlamışdır. İşə başladıqdan bir müddət sonra cavabdeh borcu olduğunu bildirərək ondan 2400 manat borc pul istəmiş, hər ay əmək haqqı aldıqca hissə-hissə borcu qaytaracağını bildirmişdir. O isə cavabdehə inanaraq hissə-hissə 1000 və 1400 manat borc pul vermişdir. Bir neçə gün sonra isə cavabdeh evlərinə gedərkən borclu olduğu adamın evinə gəldiyini, təcili 1500 manat pul lazım olduğunu bildirmişdir. O yenə cavabdehə inanaraq 1500 manat borc pul vermişdir. Həmçinin, cavabdeh həmin ərəfədə ondan 1 baş 200 manat dəyərində nisyə quzu da almışdır. Daha sonra 2025-ci ilin iyun ayının sonlarında Cavabdeh oğlunun hərbi xidmətə getdiyini, qonaqlıq etmək üçün ona quzu lazım olduğunu bildirərək daha 2 baş quzunu nisyə almışdır. İki baş quzunun hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə 600 manat olmuşdur. 2025-ci ilin iyun ayında isə cavabdeh Bakı şəhərində yaşayan oğlu Babəkə qonaqlığa gəlmək üçün pul lazım olduğunu bildirmiş və ondan 100 manat borc pul alıb oğluna göndərmişdir. 08 avqust 2025-ci ildə isə cavabdeh ondan 200 manat da borc alıb oğlunun andiçməsinə getdiyini, bir neçə günə qayıdacağını bildirmişdir. Lakin, həmin gündən sonra fermaya qayıtmamışdır. O dəfələrlə cavabdehdən borclu olduğu 5000 manat pulu istəsə də qaytarmaqdan imtina etmiş, hər dəfə onu aldadaraq, tezliklə borcunu qaytaracağını bildirmişdir. O hətta cavabdehin oğullarına da müraciət etmişdir. Cavabdeh onlara da borcu qaytaracağına söz versə də pulu qaytarmamışdır. Nəticədə məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehə hissə-hissə ümumilikdə 5000 manat məbləğində borc pul vermişdir. Hazırda cavabdeh borcunu qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, o iddiaçıdan hissə hissə borc pul almışdır. Belə ki, onun arvadına pul lazım olmuş və o iddiaçıdan ümumilikdə 5000 manat borc pul almışdır. Maddi imkanı olmadığından borcunu qaytara bilməmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, tərəflərin izahatları ilə müəyyən edildi ki, Cavabdeh İddiaçı fermasında çoban işləmişdir. İddiaçı Cavabdeh hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul vəsaitini borc vermişdir. İddiaçı cavabdeh tərəfindən borc qaytarılmadığı üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edərək 5000 manat borcu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 5000 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 70 manat olmaqla, cəmi 5070 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov
Məhkəmə qərarları › İş №2(023)-1971/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-1971/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver