Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2000/2025 30.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 30 yanvar 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 655 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkəndlisidir və onu tanıyır. Cavabdeh 2024-cü ildə onun evində təmizlik işləri görərkən ona müraciət edərək ondan 155 manat pul və 500 manat dəyərində 1 ədəd Samsung markalı A14 4/64 GB mobil telefon almışdır. Bununla bağlı Ağstafa rayon polis şöbəsinə müraciət etmişdir. Ərizəsi əsasında onun və cavabdehin izahatları alınmışdır. Cavabdeh verdiyi izahatında qeyd etdiklərini etiraf etmiş və həmin borcu işləməyi ilə əvəzləşdirdiyini bildirmişdir. O bununla razılaşmır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və bildirmişdir ki, Cavabdeh beş il bundan əvvəl bacısı ilə birlikdə onun evinə təmizlik işləri üçün gəlmişdir. Həmin vaxt onlara əmək haqqı olaraq ayda 300-350 manat pul vermişdir. Sonradan cavabdehin bacısı işə gəlmədiyinə görə onunla əlaqə saxlaya bilmədiyindən ona mobil telefon almışdır. Cavabdeh işləyib telefonun pulunu ödəyəcəyini bildirmişdir. Cavabdeh gündəlik təmizliyə gəlmiş və gördüyü işin pulunu da almışdır. Telefon aldıqdan təxminən bir ay sonra Cavabdeh işə gəlməmiş və onun zənglərinə cavab verməmişdir. Cavabdehin əri ilə telefon əlaqəsi saxladıqda sonuncu ona 100 manat göndərdiyini bildirmiş, lakin cavabdeh həmin pulu ona verməmişdir. O həmçinin cavabdehin ərinə mişar almaq üçün 155 manat pul vermişdir. Hazırda cavabdeh ona olan borcunu ödəməmişdir. Qeyd olunanlara əsasən, cavabdehdən 655 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli 16792049 nömrəli ödəmə çekindən görünür ki, İddiaçı tərəfindən “Soliton” mağazasına 500 manat ödənilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə Ağstafa rayon polis şöbəsinə verdiyi izahatından görünür ki, Cavabdeh İddiaçı evində işlədiyini, sonuncunun 155 manata onun ərinə “Drujba” alıb verdiyini, bundan başqa onunla əlaqə saxlamaq üçün öz adına kreditlə Samsung markalı telefon götürərək ona verdiyini, işlədiyi müddətdə telefonun pulunu ödədiyini, “Drujba”nın pulunu isə həftənin iki günü onun evini təmizləyib əvəzində əmək haqqının həmin 155 manata tutulması barədə İddiaçıla razılaşdığını bildirmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından müqavilə üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, cavabdehin ona 500 manat məbləğində pul borcu olduğunu təsdiq edən sübutü, yəni 500 manat ödəniş etməsi barədə qəbzi məhkəməyə təqdim etmişdir. Belə ki, həmin qəbzlə müəyyən olunur ki, iddiaçı “Soliton” mağazasına 500 manat ödəniş etmişdir. Həmçinin cavabdeh Ağstafa rayon polis şöbəsinə verdiyi izahatında da həqiqətən iddiaçının kreditlə ona mobil telefon almasını və ərinə mişar almaq üçün 155 manat verməsini etiraf etmişdir. Lakin, cavabdeh izahatında həmin məbləğləri ödədiyini qeyd etsə də, həmin pul məbləğinin iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlər baxımından məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc müqaviləsindən yarandığından, həmin münasibətlərə də borc müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan 155 manat pul məbləğini cavabdehə vermişdir. Həmçinin cavabdehə aldığı telefona dair 500 manat pul məbləğini özü ödəmişdir. Cavabdeh iddiaçıdan şifahi borc müqaviləsi əsasında aldığı 155 manat pulun və telefona görə ödənilmiş 500 manat pulun, ümumilikdə 655 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Cavabdeh ona olan 655 manat borcun ödənilməsini dəfələrlə tələb etsə də, bu günədək Cavabdeh borcunu ödəməkdən boyun qaçırmışdır. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh 655 manat pulu iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 655 (altı yüz əlli beş) manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 655 (altı yüz əlli beş) manat pul alınıb İddiaçı verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-2000/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2000/2025
30.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver