Məhkəmə qərarları › İş №2(023)-2138/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-2138/2025

26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-2138/2025 26.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc olaraq aldığı 17050 manat pulun 325 manat vəkilə xidmət haqqı kimi ödənilmiş vəsaitin və 141 manat dövlət rüsumu üçün ödənilmiş məbləğin ondan alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh Qazax rayon sakini kimi tanıyır. Cavabdehlə onun yaxın dostu X2 tanış etmişdir. Belə ki, 2023-cü ilin əvvəlində o özünə məxsus evini satmış və əldə olunan pulu banka qoymaq istəyirdi. Həmin vaxt M.Alməmmədov dostu Cavabdehlə yəni, cavabdehlə onun yanına gəldilər. M.Alməmmədov cavabdelə pul lazım olduğunu bildirmişdir. O M.Alməmmədovu yaxından tanıdığı üçün cavabdehə onun istədiyi məbləğdə pul verməyə razılıq vermişdir. Aralarında olan razılaşmaya əsasən o cavabdehə 17050 manat borc olaraq pul vermişdir. Bununla bağlı 11 may 2023-cü il tarixdə Ağstafa rayon notariat ofisində aralarında kredit müqaviləsi imzalamışlar. Kredit müqaviləsinə əsasən cavabdeh borcu aldığı məbləği 11 noyabr 2025-ci il tarixdə tam olaraq ödəməlidir. Eyni zamanda cavabdehlə aralarında olan razılaşmaya əsasən o kredit müqaviləsinin icrada olduğu müddətdə ona bir neçə aydan bir borcun müəyyən hissəsini ödəməli idi. O da həmin hissəni qəbul etməli idi. Kredit müqaviləsinin başa çatmasından bir ay keçməsinə baxmayaraq cavabdeh aldığı borc məbləğindən heç bir ödəmə etməmişdir. O kredit müqaviləsinin icra müddətində cavabdehlə telefon əlaqəsi saxlayıb ona borcunun müəyyən hissəsini ödəməli olduğunu xatırlatmışdır. O yaxın müddətdə borcunun bir hissəsini ödəyəcəyini bildirmişdir. Ancaq sonradan o telefon zənglərinə cavab verməmişdir. Hazırda da cavabdeh əlaqə üçün verdiyi telefon nömrəsinə cavab vermir. Buna görə də o məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsii xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağstafa rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M-116 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh 17050 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh borcunu xx.xx.2025-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı hüquqi xidmət göstərməsi ilə əlaqədar Qazax rayon Vəkil bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və xidmət haqqı 325 manat təşkil edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı cəmi 17050 manat məbləğində borc pul vermiş, həmin pul vəsaitinə dair tərəflər arasında Ağstafa rayon notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 3M-116 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliklərini icra etməmiş və 17050 manat məbləğində pul vəsaitini hazırki tarixədək qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Məhəkmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 17050 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 141 manat və vəkilə ödənilən 325 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası təmin edilsin. Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 17050 manat, dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 141 (bir yüz qırx bir) manat və vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar