Məhkəmə qərarları › İş №2(023)-231/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-231/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-231/2023 11.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 Oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə qalan 11.070 manat pul və ödənilmiş 124 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə ilk tanışlığı onun işlətdiyi Ralelas kafesində olub. Həmin vaxt o, Fatimə adlı xanımla yeni gül məhsullarının satışı ilə məşğul olmaq üçün salon açırdı. Bir müddət sonra Fatimə ilə ortaqlıqları alınmadı və onlar ayrilası oldular. Rauf ona zəng edərək kafesinə dəvət etdi və orada ona Fatimə ilə qurduqları işin alınmadığından xəbəri olduğunu və bu işi davam etdirmək üçün ona ortaqlıq təklif etdi və o razılaşdı. 2021-ci ilin sentyabr ayının 21-də onlar dükanın açılışını etdilər. İşlərini böyütmək üçün onun adına 2021-ci ilin dekabr ayında Bank Respublikadan 2000 (iki min) manat kredit götürmüş və əlavə olaraq 8300 manat hissə-hissə pul qoymuşdur. Həmçinin öz yaşadığı evindən cavabdehlə birgə işlətdikləri obyektə qiyməti 450 manat olan kondisioner, qiyməti 200 manat olan çılçıraq və qiyməti 120 manat olan 8 ədəd stul aparmışdır. İşin bütün icrasını və satıcılığını o etmişdir. Lazım olan sübutları və şahidləri məhkəməyə özü gətirəcək. 2022-ci ilin mart ayının 25-də o cavabdehə “həm satıcı, həm xadimə işləyirəm, belə alınmır, lazımı malları almaq üçün Bakı şəhərinə tək gedib-gəlirəm, sənsə heç maraqlanmirsan, ya qoydugum pulu ver mən çıxım, yaxud da obyektə çəkdiyin xərci verim sən çix” demişdir. Anası da həmin vaxt onların yanında olmuşdur. Cavabdehlə belə razılığa gəlmişlər ki, o şəriklikdən cixsın və bir ay müddətinə Rauf onun çəkdiyi 8300 manat pulu Respublika Bankdan götürdüyü 2000 manat krediti ödəyəcəyinə və evindən gətirdiyi əşyaları (qiyməti 450 manat olan bir ədəd kondisioner, qiyməti 200 manat olan bir ədəd çilçıraq va qiyməti 120 manat olan 8 ədəd stul) özünə təhvil verəcək. O Raufa bir aydan sonra zəng etdi, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan və Bankdan götürdüyü 2000 manat ödəməkdən boyun qaçırdı. Bu günədək bankın kreditini o ödəmişdir (2022-ci ilin dekabr ayında sonuncu ödənişinin vaxtıdır və banka olan krediti bağlanacaq). Özü heç bir yerdə işləmir, tabeçiliyində azyaşlı övladı var və maddi sıxıntılar çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlə şərikli qurduqları işə görə hissə-hissə olmaqla ümumilikdə 11.070 manat pul xərcləmişdir. Həmçinin, müştərilərlə danışıqları da o aparmış, mağazada olan xonçaları özü hazırlamış, mağazada satıcı kimi də işləmişdir. Onun hazırladığı ağacları cavabdeh aparıb özünün digər mağazasında istifadə edir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında dindirilmiş Cavabdeh iddianı etiraf etməmiş, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə arasında ortaqlıq olmamışdır. Həmin gül mağazası ilə bağlı bütün xərcləri o özü çəkmişdir. Sadəcə İddiaçı əvvəldən bu sahədə işlədiyinə və həmin işi yaxşı bildiyinə görə onu mağazaya işçi kimi dəvət etmişdir. Belə ki, Səkinə həmin malların haradan və necə alınmasını da yaxşı bilmişdir. Çünki o əvvəl işlətdiyi mağazaya da malları özü almışdır. Səkinə sadəcə mağazanı işlətməkdə ona köməklik etmişdir. Həmçinin İddiaçı mağaza üçün hər hansı pul vəsaiti xərcləməmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etməmiş, verdiyi izahatında göstərmişdir ki, iddiaçının qeyd etdiyi gül mağazasına alınan bütün əşyaların pulunu cavabdeh özü vermişdir. İddiaçı cavabdehin onunla şərik və ortaq olduğunu qeyd etsə də, onlar arasında ortaqlıq ilə bağlı hər hansı bir şifahi və ya yazılı müqavilə olmamışdır. İddiaçı həmin mağazaya hər hansı pul vəsaiti xərcləməmiş, əvvəldən bu sahədə işlədiyinə və həmin işi yaxşı bildiyinə görə onu mağazaya cavabdeh işçi kimi dəvət etmişdir. İddiaçının təqdim etdiyi bütün sübutlar əsassızdır. Odur ki, iddianın təmin edilməməsinə dair qətnamə çıxatılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid Guseinova Khalida verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun qohumudur. Rauf onlarla heç bir yerə getməmişdir. Malları Bakı şəhərindən Sədərək ticarət mərkəzindən almışlar. Bir neçə dəfə Səkinə ilə birlikdə mal gətirməyə getmişdir. Rauf onun yanında Səkinəyə pul verməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı tələbində tərəflər aralarında şərikli biznes (gül mağazası) qurmaq üçün şifahi müqavilənin bağlandığını, həmin biznesi qurmaq üçün onun (iddiaçının) 2021-ci ilin dekabr ayında Bank Respublikadan 2000 (iki min) manat kredit götürdüyünü, əlavə olaraq 8300 manat hissə-hissə pul qoyduğunu, həmçinin öz evindən cavabdehlə birgə işlətdikləri obyektə qiyməti 450 manat olan kondisioner, qiyməti 200 manat olan çılçıraq və qiyməti 120 manat olan 8 ədəd stul apardığını bildirmişdir. Sonradan isə şərikli işləri alınmadığından şəriklikdən cixması və bir ay müddətinə Raufun onun çəkdiyi 8300 manat pulu, Respublika Bankdan götürdüyü 2000 manat krediti ödəyəcəyinə və evindən gətirdiyi əşyaları qaytaracağı barədə cavabdehlə razılığa gəlmişlər. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan və Bankdan götürdüyü 2000 manat ödəməkdən boyun qaçırdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Lakin, iş materialları ilə müəyyən olunur ki, İddiaçı şərikli biznes (gül mağazası) qurmaq üçün cavabdehlə aralarında şifahi müqavilənin bağlandığını, həmin biznesi qurmaq üçün 2021-ci ilin dekabr ayında Bank Respublikadan 2000 (iki min) manat kredit götürdüyünü, əlavə olaraq 8300 manat hissə-hissə pul qoyduğunu, həmçinin öz evindən cavabdehlə birgə işlətdikləri obyektə qiyməti 450 manat olan kondisioner, qiyməti 200 manat olan çılçıraq və qiyməti 120 manat olan 8 ədəd stul apardığını bildirsə də, cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının ərizəsində qeyd etdiyi gül mağazasına alınan bütün əşyaların pulunu cavabdehin özünün verdiyini və onun iddiaçıya hər hansı bir məbləğdə pul borcunun olmadığını, eyni zamanda tərəflərin arasında ortaqlıqla bağlı hər hansı razılaşmanın olmadığını bildirmişdir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında ortaqlıqla bağlı yazılı müqavilə də olmamışdır. Eyni zamanda iddiaçının iş materiallarına əlavə etdiyi və məhkəmə iclasında tədqiq olunan (CD disk, fotoşəkillər, “WhatsApp” sosial şəbəkəsindəki yazışmalar, qaimə fakturalar) sübutlarla da iddiaçının iddia ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hal-hazırda iddiaçıya 11.070 manat məbləğində borcunun olması və cavabdehlə birgə işlətdikləri obyektə qiyməti 450 manat olan kondisioner, qiyməti 200 manat olan çılçıraq və qiyməti 120 manat olan 8 ədəd stul aparması barədə lazımi sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından və beləliklə iddianın əsaslı olması məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 124 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar