Məhkəmə qərarları › İş №2(023)-279/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-279/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-279/2025 05.03.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 05 mart 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin beh şəklində aldığı puldan qalıq qalmış 2000 manat pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Qazax rayon sakini kimi tanımışdır. Onun yaşamaq üçün münasib mənzili olmadığından Qazax şəhərində fərdi yaşayış evi almaq qərarına gəlmişdir. O ev axtaran zaman 2016-cı ilin əvəllərində Qazax şəhərində ev alqı-satqısı ilə məşğul olan Nəriman adl şəxsin vasitəsi ilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ünvan 1 ünvanda yerləşən evini satmaq istədiyini bildirmişdir. O evin yerləşdiyi yerlə və evlə tanış olduqdan sonra həmin evi almaq istədiyini bildirmişdir və cavabdehlə 50000 manata razılaşmışlar. 2016-cı ilin yanvar ayının əvəllərində, əvvəlcədən olan razlaşmaya əsasən, cavabdehin oğlu Elçin onun evinə gələrək ailə üzvlərinin yanında, beh olaraq cavabdehə vermək üçün 1000 manat pul almışdır. Bundan bir neçə gün sonra makler Nəriman adlı şəxs ev sahibinin beh olaraq daha 4000 manat pul istədiyini ona demişdir. Bundan bir neçə gün sonra o həyat yoldaşı ilə birlikdə cavabdehin yaşadığı ünvana getmiş və cavabdehə ailə üzvlərinin yanında beh kimi əlavə olaraq 4000 manat pul vermişdir. Lakin ailə üzvlərinin yanında pulu arvadı Dilbərə vermiş, sonuncu da pulu sayıb oğlu Xançobana vermişdir. Cavabdeh 2016-cı ilin mart ayında Novruz bayramı ərəfəsində evi ona satmalı və o evə köçməli idi. Lakin aprel ayında onların sövdələşməsi pozulmuşdur. Belə ki, həmin vaxt cavabdeh oğlunun bankdan böyük məbləğdə kredit götürməsini bəhanə edib, evi satmaqdan imtina etmiş və iki-üç ay ərzində onun pulunu qaytaraçağını bildirmişdir. Aradan üç ay keçməsinə baxmayaraq cavabdeh ondan beh kimi aldığı pulu qaytarmamışdır. O bir neçə dəfə cavabdehdən pulunu istədikdə, gah avtomaşınını, gah da saxladığı arı ailələrini satıb pulu qaytarcağına söz versədə, 2018-ci ilədək pulu qaytarmamışdır. O 2016-cı ilin iyul ayının 13-də Cavabdehlə və makler Nərimanla əldqə saxlayıb onlarla görüşmüş, həmin vaxt beh kimi cavabdehə verqiyi 5000 manat pulin qaytarılması ilə bağlı söhbət edərkən, cavabdeh aldığı pulu tezliklə qaytaracağına söz vermişdir. Həmin gün onlarla olan danışıq telefona yazılmışdır və həmin danışığı sübut vasitəsi kimi işə əlavə etmişdir. 2018-ci ilin oktyabr ayında cavabdeh özünə məxsus fərdi yaşayış evini sataraq, ondan beh kimi aldığı 5000 manatdan 3000 manatını qaytarmış və bir aya qalan 2000 manatı da qaytaracağını bildirmişdir. Buna baxmayaraq cavabdeh halhazıradək 2000 manat pulu qaytarmamışdır. O hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmır. O keçən müddət ərzində cavabdehdən dəfələrlə pulunu qaytarmasını tələb etdikdə, o qalan 2000 manatı qaytaracağına söz versə də, bu günə kimi pulun qalığını qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, cavabdeh 2016-cı ildə yaşadığı evi satmaq istədiyini və oğlunun Bakı şəhərində aldığı evin kreditini ödəmək üçün 5000 manat beh verməsini istədiyini bildirmişdir. Sonradan həmin ev girovda olduğundan, cavabdeh evi satmaq istəmədiyini ona bildirmişdir. Bir müddət sonra o cavabdehin Bakı şəhərinə köçdüyünü eşitmişdir. Sonradan evi onlara təklif edən maklerin vasitəsilə pulunu istədikdə cavabdehin oğlu Xançobanın ailəsi Türkiyə Respublikasına işləməyə getdiyini və borcunu göndərəcəyini ona bildirmişdir. O tələb etdiyi pulu cavabdehin evində onun arvadı Dilbər və Xançobana vermişdir. Həmin şəxslər cavabdehin ailə üzvləridir, ailə üzvləri olduğuna görə hazırda iddianı Cavabdeh qarşı qaldırmışdır. Dəfələrlə cavabdehdən həmin pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, həmin pul cavabdehdən tutulub ona ödənilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının ona qarşı olan pul tələbinə dair iddiasının qəbul etmir. Belə ki, iddiaçının tələb etdiyi pul həmin məbləğdə olmamışdır. İddiaçı 2016-cı ildə 3000 manat pulu arvadı Dilbərə, o da oğlu Xançobana, 1000 manat pulu isə makler Nəriman adlı şəxsə vermişdir. Həmin pulun verilməsindən onun məlumatı olmamışdır. Həmin vaxt o evdə olmamışdır. Həmin pulun verilməsindən 9 il müddət keçmişdir. Hazırki vaxta qədər iddiaçı həmin pulu tələb etməmişdir. Onun iddiaçıya heç bir pul borcu yoxdur. İddiaçı həmin pulu ondan tələb edə bilməz. Odur ki, iddianı əsassız hesab edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iddia rədd edilməlidir əvvəla ona görə ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. Çünki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında evin alınması üçün behi ilkin olaraq 1000 manat cavabdehin oğlu Xançobana verdiyini, daha sonra isə cavabdehin yaşadığı evdə oğlu, qızı və arvadına 4000 manat pul verdiyini qeyd etsə də, hazırki iddia ərizəsi ilə Cavabdeh qarşı tələb irəli sürmüşdür. Göründüyü kimi, Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olduğundan, ona qarşı verilmiş iddia tələbi də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddia qəbul edilməmiş, cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Buna uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İşdən göründüyü kimi, hazırkı halda iddia cavbabdeh olmayan şəxsə qarşı verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360–cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar