Məhkəmə qərarları › İş №2(023)-314/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-314/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-314/2024 02.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi, Vəkil Müşafiq oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 02 aprel 2024cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq, hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması, uşağın müayinə və müalicə xərcləri üçün aylıq 300 manat, uşağın təlim-tədris xərcləri üçün aylıq 300 manat, habelə məcburi həkim təyinatı ilə uşağın Naxçıvan Muxtar Respublikasında yerləşən “X1” ildə 2 dəfə 10 günlük müalicə alması üçün ildə 2400 manatın (yaz və payız aylarında – 1 kurs 1200 manat), uşağın 07-16 may 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “X1” keçirdiyi müalicəyə görə xərclənmiş 1200 manatın 700 manatının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax Rayon Məhkəməsinin 08.11.201ci il tarixli qətnaməsi ilə cavabdehlə olan nikahı pozulmuş, həmin nikahdan doğulan X3 onun himayəsinə verilmiş və həmin uşağın saxlanması üçün ayda 154 manat aliment müəyyən edilmişdir. Hazırda müəyyən olunmuş alimentin miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, 2 ildir uşağın səhhətindəı problemlər yaranmışdır və müntəzəm olaraq həkim nəzarətində və müalicədədir. Həkim tərəfindən uşağa xroniki bronxit asma (2-ci səviyyə) diaqnozu qoyulub, bu səbəbdən müntəzəm olaraq müayinələr, analizlər və davamlı müalicə alır. Lakin buna baxmayaraq cavabdeh uşağın müalicə xərcləri üçün heç bir əlavə köməklik göstərmir. Bundan başqa uşaq orta məktəbə başlamaq üçün hazırki sağlıq problərinə görə qayğı və diqqət tələb edən məktəbəqədər tədris kursunda hazırlıq keçir ki, onun da aylıq məsrəfi 300 manat təşkil edir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olur, bütün ehtiyaclarını, qayğısını təkbaşına çəkir. Hazırda uşağın tələbatı artmışdır, müəyyən olunmuş alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanlara əsasən iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği alimentin miqdarı artırılaraq, hər ay 300 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması, uşağın müayinə və müalicə xərcləri üçün aylıq 300 manat, uşağın təlim-tədris xərcləri üçün aylıq 300 manat, habelə məcburi həkim təyinatı ilə uşağın Naxçıvan Muxtar Respublikasında yerləşən “X1” ildə 2 dəfə 10 günlük müalicə alması üçün ildə 2400 manatın (yaz və payız aylarında – 1 kurs 1200 manat), uşağın 07-16 may 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “X1” keçirdiyi müalicəyə görə xərclənmiş 1200 manatın 700manatının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi teleqramda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan iddianı təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi, Vəkil iddianı qismən qəbul edərək, iddianın alimentə dair hissədə ayda 230 manat məbləğində təmin edilməsinə etiraz etmədiyini, müalicə xərci və hər hansı istirahət xərcinə dair hissədə qəbul etmədiyini bildirmişdir. Belə ki, iddiaçı iş materiallarına xərclərlə bağlı müəyyən qəbzlər əlavə etmiş olsa da, həmin qəbzlərin məhz uşağın müalicəsinə görə alınmış dərmanlara aid olmasına dair heç bir sənəd əlavə etməmişdir. Odur ki, iddianın alimentə dair hissədə 230 manat təmin olunması, qalan hissədə təmin olumaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 02 avqust 2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 2(023)-1479/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qazax rayon Qeydiyyat şöbəsində 08 sentyabr 2016-cı ildə bağlanmış və 304 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 02 avqust 2018-ci ildə anadan olmuş X3 İddiaçı himayəsində qalması, 02 avqust 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 10 sentyabr 2018-ci ildən başlayaraq ayda 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş tibbi sənəddən görünür ki, X3 tibbi müayinədən keçmiş və ona müalicə təyin edilmişdir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 300 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Lakin buna baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ayda 230 manat aliment ödəməyə etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin uşağın müayinə və müalicə xərcləri üçün aylıq 300 manat, uşağın təlim-tədris xərcləri üçün aylıq 300 manat, habelə məcburi həkim təyinatı ilə uşağın Naxçıvan Muxtar Respublikasında yerləşən “X1” ildə 2 dəfə 10 günlük müalicə alması üçün ildə 2400 manatın (yaz və payız aylarında – 1 kurs 1200 manat), uşağın 07-16 may 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikasında yerləşən “X1” keçirdiyi müalicəyə görə xərclənmiş 1200 manatın 700 manatının tutulması ilə bağlı hissəsinə dair qeyd edir ki, İddiaçı cavabdehdən ümumilikdə 3400 manat məbləğində müalicə xərcinin tutulmasını tələb etsə də, uşağın müalicəsi üçün qeyd olunan məbləğdə vəsait xərclənməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2820 manat məbləğində təşkil etdiyindən 30+18.20 manat, cəmi 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 2(023)-1479/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 02 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 48.20 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar