Məhkəmə qərarları › İş №2(023)-338/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-338/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-338/2024 04.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 04 iyul 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-604/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 350 manat məbləğində müəyyən edilməsi, mediasıya sessiyası üçün ödədiyi 50 manat, etibarnamənin verilməsi üçün ödədiyi 11.50 manat, doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilməsi üçün ödədiyi 20 manatın, ümumilikdə 81.50 manat vəsaitin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə nikahı pozulmuş və Ayan onun himayəsindədir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-604/2020 saylı qətnaməsi ilə Ayan yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin məbləği artırılaraq ayda 130 manat müəyyən edilmişdir. Ayan “polirıevropatiya” diaqnozu ilə xəstədir, Bakı şəhəri 12 saylı Uşaq Poliknikasında qeydiyyatdadır, hətta ağırlaşdığı müddətdə X3 stasionar müalicədə olmuşdur. O hər ay onun saxlanılması ilə bərabər, həm də müayinə və müalicəsinə, dərman və preparatlarına xərc çəkir. Üstəlik Ayanın repetitor, digər təhsil, nəqliyyat və s. xərcləri də vardır. Ayanın təkcə aylıq xərcləri 600-650 manat civarındadır. Ayanın xəstəliyi və təhsili ilə bağlı o məcbur Bakı şəhərində yaşayır və kirayədə yaşayır. Onları anası saxlayır. Cavabdeh özü işləyir, qazancı həm sabitdir, həm də aylıq maaş və əlavə gəlirlidir. Hesab edir ki, qeyd etdiyi hallara və digər diqqətəlayiq hallara əsasən Ayanın saxlanılması üçün Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-604/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, aylıq 350 manat həddində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-604/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda 350 manat məbləğində müəyyən edilməsi, mediasıya sessiyası üçün ödədiyi 50 manat, etibarnamənin verilməsi üçün ödədiyi 11.50 manat, doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilməsi üçün ödədiyi 20 manatın, ümumilikdə 81.50 manat vəsaitin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində həmçinin himayəsində xəstə övladının olmasını, maddi imkanının olmadığını, yolun uzaqlığını və digər diqqətəlayiq hallara görə işə onun iştiirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə birgə nikahından Ayan adlı uşaq doğulmuşdur. Hazırda həmin uşaq iddiaçının yanındadır. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur. Belə ki, o "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir və aylıq əmək haqqı 466.0 manat təşkil edir. Başqa heç bir gəliri yoxdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi teleqramda əmək haqqını almadığına görə məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd edərək, xəstə, yaşlı valideynlərini və əmək haqqının az olmasını nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-604/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 130 manat sabit pul məbləğin aliment Cavabdeh alınaraq İddiaçı qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası TƏBİB PHŞ “X8” PHŞ-in xx.xx.2013-cü il təvəllüdlü X4 adına olan 78801 nömrəli xəstəlik tarixindən görünür ki, X1 Tibbi Mərkəz-də dəqiqləşdirilməmiş sarılıq diaqnozu ilə müayinə və müalicə olunmuşdur. Elektron sorğudan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində atıcı işləyir və aylıq əmək haqqı 466.0 manat təşkil edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının bir uşağa görə hər ay 350 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin iddiaçının da uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2640 manat məbləğində təşkil etdiyindən 30+16.40 manat, cəmi 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh X2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-604/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 02 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat tutularaq İddiaçı ödənilsin. Cavabdeh 46.40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar