Məhkəmə qərarları › İş №2(023)-35/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-35/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-35/2024 15.03.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 mart 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə borc olaraq verdiyi 10.000 (on min) manat pulun, ona vurduğu mənəvi zərərə görə 3000 (üç min) manat pul və ödədiyi 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdehla 2 il bundan qabaq tanış olmuşdur. Cavabdeh özünü ona iş adamı kimi təqdim etmiş, özünün şəxsi sexi olduğunu və bir çox şirkətlərdən dəmir-metal hissələri yığmaqla avadanlıqların hazırlanmasından xeyli gəlir əldə etdiyini bildirmişdir. Cavabdeh onun da bu işlə çalışması üçün maliyyə vəsaiti ayırmasını təklif etmişdir. O cavabdehin bu təklifinə aldanaraq 24 sentyabr 2020-ci ildə ona 14.500 (on dörd min beş yüz) manat məbləğində borc pul vermişdir. Bir il ərzində cavabdeh yalnız 4.500 (dörd min beş yüz) manat məbləğində pulu hissə-hissə ödəyərək qaytarmışdır. Bu günə kimi cavabdeh 10.000 (on min) manat məbləğində borc aldığı pulu qaytarmamışdır. Qeyd olunan borc pulu cavabdehə əlyazma qəbz şəklində təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh dələduzluq edərək özünü ona iş adamı kimi təqdim etmişdir. Əslində isə cavabdehin nə sexi olmamış, nə dəki rəsmi olaraq sahibkarlıqla məşğul olmamışdır. Borcunu qaytarması üçün cavabdehə müraciət etdikdə o, müxtəlif bəhanələr gətirərək borcun qaytarılmasını yubadır. Ona görə də hazırki, iddia ilə məhkəməyə müraciət etmişdir. Ona bəlli olmuşdur ki, cavabdehin həmin pul vəsaitini qaytarmaq niyyəti yoxdur və hüquq-mühafizə orqanlarının müdaxiləsi olmadan cavabdeh ona olan borcunu qaytarmayacaqdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində fiziki əzab-əziyyətlərlə bərabər, ölçüyə gəlməz dərəcədə mənəvi sarsıntı və iztirablara, əsəb sarsıntısına və gərginliyinə məruz qalmışdır. Cavabdehin ona qarşı bu gün də davam edən qanunsuz hərəkətləri nəticəsində ona ölçüyə gəlməz mənəvi ziyan da dəymişdir və dəyməkdə davam edir. Qeyd olunanların nəzərə alınaraq cavabdehdən 10.000 (on min) manat pulun, ona vurduğu mənəvi zərərə görə 3000 (üç min) manat pulun və ödədiyi 129 (bir yüz iyirmi doqquz) manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən 11.500 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə göndərdiyi ərizədə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş vərəqdə - mən Cavabdeh İddiaçı 14.500 AZN (on dörd min beş yüz) AZN pulu borc aldım. İmza Cavabdeh xx.xx.2020 sözləri qeyd olunmuşdur. Xətai RPŞ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardakı izahatından görünür ki, Cavabdeh İddiaçı 16000 manat pul aldığını və İddiaçı 15800 manat pul qaytardığını bildirmişdir. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1926 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 8-ci vərəqində olan Cavabdeh oğlunun Ceyhun Aydın oğlundan 14.500 AZN məbləğində pulu alması barədə xx.xx.2020-ci il tarixli qəbzin aşağı hissəsində “Cavabdeh” yazılarından aşağıdakı imzanın - Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, məhkəmə iş üzrə sübutları araşdırıb, müəyyən edir ki, Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş vərəqədə - mən Cavabdeh İddiaçı 14.500 AZN (on dörd min beş yüz) AZN pulu borc alması barədə sadə yazılı formada iddiaçıya qəbz yazaraq ona olan borcunu etiraf etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ona olan 14.500 pul borcundan 4500 manat pul qaytardığını, qalan borcunu isə dəfələrlə qaytamasını tələb etsə də, borcunu qaytarmaqdan boyun qaçırmışdır. Bundan başqa, Cavabdeh ekspertizaya təqdim etdiyi imzaları ekspert tərəfindən müəyyən etmək mümkün olmamışdır. Cavabdeh şəxsiyyət vəsiqəsindəki imzası ilə, ekspertizaya təqdim etdiyi imza nümunələri eynilik təşkil etmir. Cavabdeh Xətai RPŞ-nin TŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardakı izahatında İddiaçı 16000 manat pul aldığını və 15800 manat pul qaytardığını bildirsə də, həmin pulu qaytarmasını təsdiq edən sənədi təqdim etməmişdir. Odu ki, iddia qismən təmin edilməli Cavabdeh 10.000 (on min) manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa, məhkəmə iddianın – mənəvi zərərə görə 3000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən mənəvi zərərə görə 3000 manat məbləğində pul tələb etməsinə baxmayaraq, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 129 manat dövlət rüsumunun 120 manatı cavabdehdən tutulub iddiaçıya ödənilməli, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat pul və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat İddiaçı və Cavabdeh müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar