Məhkəmə qərarları › İş №2(023)-372/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-372/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-372/2023 14.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Qazax Rayon Məhkəməsinin binasında 14 mart 2023-cü il tarixdə baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT-nin məhkəmədə iddia qaldıraraq, Cavabdeh 985 manat əsas, 16,2 manat faiz borcu olmaqla, cəmi 1001,2 manat kredit borcunun və ödənilmiş 30,01 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bark olmayan Kredit Təşkilatının ("xxxx" QSC) Qazax filialı ilə Cavabdeh arasında 13 oktyabr 2020-ci il tarixli 184BB saylı "Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi" (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 985,0 manat vaxtı keçmiş kredit borcunun müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 5 (beş) il müddətində "xxxx" QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 985 manat əsas, 16,2 manat faiz borcu olmaqla, cəmi 1001,2 manat borcu təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,01 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 357-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 985 manat əsas, 16,2 manat faiz borcu olmaqla, cəmi 1001,2 manat kredit borcunun və ödənilmiş 30,01 dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nin xeyrinə ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar