Məhkəmə qərarları › İş №2(023)-383/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-383/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-383/2023 11.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qiyməti 1080 (bir min səksən) manat olan bir cüt 583 əyyarlı çəkisi 13.5 qram olan sırğanın, qiyməti 700 (yeddi yüz) manat olan 585 əyyarlı çəkisi 8.2 qram olan boyunbağı və qolbağı dəstinin və qiyməti 380 (üç yüz səksən) manat olan 1 ədəd 585 ǝyyarlı çəkisi 4.5 qram olan qadın üzüyünün, həmin qızıl-zinət əşyaları olmadıqda isə onların ümumi qiyməti olan 2160 (iki min yüz altımış) manat məbləğində pulun, 5112 (beş min yüz on iki) manat məbləğində verdikləri pulun vǝ 93 (doxsan üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7365 (yeddi min üç yüz altımış beş) manat məbləğində pulun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh 10 ildən artıqdır ki, tanıyırlar. Cavabdeh Qazax rayon İcra Hakimiyyətində üçüncü müavin vəzifəsində işlədiyi müddətdə, yəni 2019-cu ilin oktyabr ayında onunla görüşərək anasının Qarabağ müharibəsi əlili kimi sosial mənzil növbəsində olması barədə soruşmuş, o, anasının 2017-ci ildən ev növbəsinə yazıldığını bildirmişdir. Həmin vaxt Cavabdeh onun Sosial Müdafiə Nazirliyində yaxın adamı olduğunu bildirərək, “istəsəniz sizin ev növbənizi növbədən kənar edərik və tezliklə sizə sosial ev tikərlər” demişdir. O, Tahirdən həmin iş üçün nə qədər xərci olacağını soruşduqda, cavabdeh ona bildirdi ki, “elə də cox xərcin çıxmayacaq, ona görə ki, sənin anan birinci qrup Qarabağ müharibəsi əlilidir”. O, Tahirlə razılaşdıqdan bir neçə gün sonra Cavabdeh həmin iş üçün ondan bir cüt sırğa istəmişdir. O razılaşaraq həmin günü Tahirə bir cüt 583 əyyarlı, çəkisi 13.5 qram olan sırğanı vermişdir. Bundan sonra, yəni xx.xx.2019-cu il tarixində Cavabdeh nazirlikdə işləyən şəxsin ailəsi ilə Ağstafa rayonuna qonaq gəldiyini onun gəlişi üçün onun həyat yoldaşına hədiyyə üçün boyunbağı və qolbağı hədiyyə vermək istədiyini ona bildirmişdir. O, yenə Tahirlə razılaşmış və həyat yoldaşı Pərvanə Xankişiyevaya zəng edərək Cavabdeh boyunbağı və qolbağı dəsti verməsini ona bildirmişdir. Həmin günü Pərvanə Xankişiyeva, Cavabdeh 585 əyyarlı çəkisi 8.2 qram olan boyunbağı və qolbağı dəstini vermişdir. Bundan sonra Cavabdeh qızının toyu günü, qızının qaynanasına hədiyyə etmək üçün ona bir ədəd qızıl üzüyü nisyə verməsini xahiş etmiş, üzüyün pulunu toydan sonra verəcəyinə söz vermişdir. O yenidən Tahirə inanmış və ona 1 ədəd 585 ǝyyarlı çəkisi 4.5 qram olan qadın üzüyünü vermişdir. Bundan sonra, Cavabdeh bu iş üçün xx.xx.2020-ci il tarixində ondan 1100 (bir min yüz) manat məbləğində pul istəmişdir. Həmin vaxtı o, Cavabdeh pul kartına 1100 (bir min yüz) manat məbləğində pul göndərməsini oğlu İddiaçı2 xahiş etmişdir. İddiaçı2 həmin günü Cavabdeh kart hesabına 1100 (bir min yüz) manat məbləğində pul göndərmişdir. O, xx.xx.2020-ci il tarixində Bakı şəhərində olarkən adı gedən işlə bağlı Cavabdeh zəng vurmuş və işinin, yəni evin nə vaxt tikiləcəyini ondan soruşmuşdur. Həmin vaxt Cavabdeh ona bildirmişdir ki, “telefonla danışmaq olmaz, sən gəl mənimlə görüşək”. O, Tahirin dediyi ünvana gəldikdə, Tahir ona bildirmişdir ki, “bu iş üçün sonuncu olaraq 4000 (dörd min) manat məbləğində pul istəyirlər, əgər bu gün həmin pulu çatdırıb versək, bir neçə günə gəlib evi tikməyə başlayacaqlar”. O, çıxılmaz vəziyyətdə yenə də ona inanmış və 4000 (dörd min) manat məbləğində pulu ona verməyə razılaşmışdır. O, oğlu İddiaçı2 zəng edərək, yenidən Cavabdeh adına 4000 (dörd min) manat məbləğində pul göndərməsini ondan xahiş etmişdir. Təxminən bir saatdan sonra Tural “AccessBank” vasitəsi ilə Tahir Müsayevin adına 4000 (dörd min) manat məbləğində pul göndərdiyini və həmin pulun göndərilməsi üçün 12 (on iki) manat xidmət pulu ödədiyini bildirmişdir. Həmin vaxtdan bir neçə il keçməyinə baxmayaraq Tahir Müsayev nə onun anasına növbədən kənar ev tikdirməmiş, nə də ki, onların etibarından istifadə edərək ələ keçirdiyi qızıl-zinət əşyalarını və 5112 (beş min yüz on iki) manat məbləğində pullarını qaytarmamışdır. O və oğlu Tural dəfələrlə Cavabdehlə görüşmüşlər və telefon əlaqəsi saxlayaraq bildirmişlər ki, “əgər bizim işimiz düzəlmirsə onda bizdən aldığın qızıl-zinət əşyalarını və 5112 (beş min yüz on iki) manat məbləğində olan pulumuzu qaytar”. O isə hər dəfə onlara yalan vədlər verərək əməl etməmiş, onları aldatmış, qızıl-zinət əşyalarını və aldığı pulu qaytarmaqdan yayınmışdır. O, Cavabdeh barəsində Qazax RPŞ-nǝ müraciət etmişdir. Cavabdeh Qazax RPŞ-nə gəlməkdən yayınsa da, sonradan izahat yazaraq Qazax RPŞ-nə göndərmişdir. Bundan sonra o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iddianı müdafiə etdiyini, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qazax RPŞ-nin HK-1/1093 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş iş üzrə Cavabdeh Qazax RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı1 Qazax rayon İcra Hakimiyyətində işlədiyi müddətdə tanımışdır. İddiaçı1 qızıl alqı-satqısı ilə məşğul olmuş, eyni zamanda sələmə də pul vermişdir. 2019-cu ilin noyabr-dekabr ayları arasında o qızının toyu ərəfəsində ondan borca qızıl-zinyət əşyaları götürmüşdür. Sonradan həmin qızılın pulunu hissə-hissə qaytarmışdır. Lakin 800 manatdan artıq borcu hələ də qalır. 2020-ci ilin noyabr ayında İddiaçı1 Bakı şəhərində olan zaman ona yaxınlaşıb şəxsiyyət vəsiqəsinin yanında olmadığını, Qazax rayonundan oğlu tərəfindən ona oğlunun işə düzəlməsi məqsədi ilə 4000 (dörd min) manat pul gələcəyini, pulun onun adına göndərilməsini və bankdan götürməsini xahiş etmiş, o razılaşıb İddiaçı1lə birlikdə Tbilisi prospektdə yerləşən “Accessbanka” gedib pulu çəkib bankın içərisində onun özünə vermişdir. Əlavə olaraq ondan 1100 manat sələmə pul almışdır. İddiaçı1 onun barəsində qeyd etdiyi xüsusatlar hamısı şər və böhtan xarakterlidir. Qarabağ əlilləri, şəhid ailələri mənzil almaq üçün rayon icra hakimiyyətində mənzil növbəsinə dayanır və həmin siyahı ildə bir dəfə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilir. Fərdi ev tikintisinin aparılması üçün torpaq sahəsi rayon icra hakimiyyətləri tərəfindən təmin olunur, mənzillərin tikintisi isə ƏƏSMN tərəfindən əvvəlcədən təsdiq olunmuş növbəlilik əsasında tikilir. Ona görə də işdən çıxdıqdan sonra və ya işlədiyi dövrdə həmin siyahını dəyişmək və ya pozmaq səlahiyyəti daxilində olmadığından İddiaçı1 müraciəti tam yalandır. Onun ümumilikdə İddiaçı1 qızıllardan 850 manat və sələmə götürülən 1100 (min yüz) manat borcu var. Əvvəl ona borcunu hər ay hissə-hissə ödəmiş, lakin bir müddət sonra onun barəsində şikayət verdiyini öyrəndiyi üçün şikayətin əsasını öyrənmək üçün indiyədək qalıq borcunu ödəməmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pul köçürmələri - mədaxil orderindən görünür ki, İddiaçı2 4000 manat pulu AccessBankın Qazax filialı vasitəsi ilə Cavabdeh göndərmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pul köçürmələri- məxaric orderindən görünür ki, Cavabdeh 4000 manat pulu AccessBankın Mərkəzi filialından imza edərək götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli pul köçürmələri göndərmək üçün ərizədən görünür ki, İddiaçı2 4000 manat pulu Cavabdeh göndərmək üçün 12 manat komissiya ödəmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Cavabdeh İddiaçı1 nisyə olaraq qızıl-zinət əşyaları almış və ona 850 manat borcu qalmışdır. Həmçinin, Cavabdeh İddiaçı1 1100 manat məbləğində borc almış və həmin borcu qaytarmamışdır. Bundan başqa İddiaçı2 xx.xx.2020-ci il tarixdə 4000 manat pulu AccessBankın Qazax filialı vasitəsi ilə Cavabdeh göndərmiş, həmin vaxt əlavə 12 manat komissiya ödəmiş və Cavabdeh 4000 manat pulu AccessBankın Mərkəzi filialından imza edərək götürmüşdür. Hazırda Cavabdeh vədinə əməl etməmiş, qızıl-zinət əşyalarının dəyərini və aldığı pulu qaytarmamışdır. İddiaçılar dəfələrlə pulu tələb etsələr də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh onların etibarından istifadə edərək İddiaçı1 məxsus qızıl-zinət əşyalarını, 1100 manat pulu və İddiaçı2 məxsus 4000 manat məbləğində pulu ələ keçirdiyini göstərmiş olsalar da, iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla Cavabdeh iddiaçıların etibarından sui-istifadə edərək, onları aldatma yolu ilə iddiaçılara məxsus əmlakı mənimsəməsi deyil, qızıl-zinət əşyalarını və nağd pul vəsaitini borc kimi alması müəyyən edilmişdir. Yuxarıda göstərilənlər baxımından məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc müqaviləsindən və alqı-satqı müqaviləsindən yarandığından, həmin münasibətlərə də borc müqaviləsinin və alqı-satqı müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh nisyə alqı-satqı və borc müqavilələri üzrə öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı1 iddia tələbində cavabdehə ümumilikdə 2160 (iki min yüz altımış) manat dəyərində qızıl-zinət əşyaları verdiyini qeyd etsə də, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə Qazax RPŞ-də verdiyi izahatında iddiaçıdan nisyə olaraq qızıl-zinət əşyaları aldığını, həmin zinət əşyalarına görə 850 manat borcu qaldığını, həmçinin, iddiaçıdan 1100 manat məbləğində borc aldığını və həmin borcu qaytarmadığını bildirmişdir. Cavabdeh eyni zamanda izahatında 4000 manat pulu “Accessbank”dan götürüb, bankın içərisində İddiaçı1 verdiyini göstərsə də, pulun qaytarılması iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə, Cavabdeh iddiaçılara 4012 manat və 1100 manat olmaqla, ümumilikdə 5112 manat, həmçinin iddiaçıdan aldığı qızıl-zinət əşyalarına görə 850 manat borcunun olması məhkəmə iclasında araşdırılmış sübutlarla və cavabdehin Qazax RPŞ-də verdiyi izahatı ilə təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən, yəni Cavabdeh 4012 (dörd min on iki) manat pul alınaraq İddiaçı2 və 1100 (bir min yüz) manat pul və qızıl-zinət əşyalarının dəyəri olan 850 manat pulun alınaraq İddiaçı1 verilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, ödənilmiş 93 (doxsan üç) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4012 (dörd min on iki) manat pul alınıb İddiaçı2, 1100 (bir min yüz) manat pul və qızıl-zinət əşyalarının dəyəri olan 850 manat pul alınıb İddiaçı1 verilsin. Cavabdeh 93 (doxsan üç) manat dövlət rüsumu alınıb iddiaçılar İddiaçı2 və İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar