Məhkəmə qərarları › İş №2(023)-393/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-393/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-393/2023 09.10.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki işə 09 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus 1500 manat dəyərində bir cüt brilyant qaşlı sırğanı, 1000 manat dəyərində bir ədəd brilyant qaşlı bilərziyi, 3300 manat dəyərində bir ədəd 33 qramlıq qızıl boyunbağını, 500 manat dəyərində bir cüt 8 qramlıq sırğanı, 500 manat dəyərində bir ədəd 10 qramlıq hörmə qızıl bilərziyn alınıb ona qaytarılması, qızıllar olmadığı təqdirdə qızıl-zinət əşyalarının dəyəri olan 6500 manat pulun və əldən çıxmış fayda kimi 2000 manat məbləğin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşayır. Evdə tək yaşadığına görə kimisə yanına almaq qərarına gəlmiş və bununla bağlı yaxın adamlara xəbər vermişdir ki, yaxın adam olsa, yalnız kommunal xərci ödəmək şərti ilə gəlib onun yanında yaşasın. Başqa heç bir tələbi yoxdur. 2021-ci ilin oktyabr ayında Qazax rayon Kəmərli kənd sakini Cavabdeh 7 uşağı ilə birlikdə onun evinə gəlmiş və o, onların qalmasına etiraz etməmişdir. Bundan sonra tanışlıqları başlamış, özünü səmimi, mehriban apardığına görə cavabdehə öz qızı kimi münasibət göstərmişdir. Noyabr ayında o gözlərini müayinə etdirmək üçün Bakı şəhərinə getmişdir. Həkimlər gözlərində katarakt (mirvari suyu) olduğunu və əməliyyat olunmağını məsləhət görmüşlər. O, gözlərini əməliyyat etdirmək üçün özünə məxsus qızılları satmaq məqsədilə rayona qayıtmışdır. Bunu bilən cavabdeh həmin qızılları satın almaq istədiyini bildirdi. Cavabdeh ondan bir cüt brilyant qaşlı sırğanı, bir ədəd brilyant qaşlı bilərziyi, bir ədəd 33 qramlıq qızıl boyunbağını, bir cüt 8 qramlıq sırğanı və bir ədəd 10 qramlıq hörmə qızıl bilərziyi götürüb qızılları yoxlatmağa aparmış, qayıtdıqda həmin qızıllara zərgərin 6500 manat qiymət qoyduğunu bildirmişdir. O cavabdehə inanmış və həmin qiymətə qızılları satmağa razılaşmışdır. Cavabdeh 5 günə qızılların pulunu verəcəyini bildirmişdir. Vaxt tamam olduqda cavabdeh müxtəliuf bəhanələr gətirərək pulu verməkdən yayınmış və Bakı şəhərinə getmək adı ilə evdən çıxmışdır. Cavabdeh ona Bakıdan pulunu göndərəcəyini vəd etsədə, bu günə kimi pulunu qaytarmamışdır. Pulunu və qızıllarını tələb edərkən əvvəllər şirin dillə onu aldatsada, artıq ona hədə-qorxu gəlməyə başlamışdır. Onu uşaqları ilə şantaj etmiş, müxtəlif bəhanələrlə təzyiq etməyə çalışmışdır. “Sarkazm.az” saytında “X2 adamları və Pentensiar Xidmətin əməkdaşı məni ölüm həddinə çatdırıblar” başlıqlı məqalədə onun qızının adını çəkmişdir. Guya onun qızı cavabdehə hədə-qorxu gəlir. Halbuki, onun qızının bütün bu hadisələrdən xəbəıri olmamışdır. O qızıllarını cavabdehə verəndə heç kimə məlumat verməmişdir. Uşaqlarının bundan çox sonra xəbəri olmuşdur. Cavabdeh onun yaşlı olmasından və etibarından sui-istifadə edərək qızıllarını almış, pulunu isə verməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və məhkəməyə göndərdiyi teleqramlarda üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh sonuncu dəfə məhkəməyə göndərdiyi teleqramda qeydiyyat ünvanının dəyişməsi ilə əlaqədar mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, məhkəməyə qeydiyyat ünvanı barədə heç bir sənəd təqdim etməmişdir. Cavabdehin qeydiyyat yeri barədə elektron informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh mülki işin Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti iş üzrə süründürməçiliyə səbəb olur. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş audio diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıya göndərdiyi səs yazılarında həqiqətən iddia ərizəsində qeyd olunan qızıl-zinət əşyalarını İddiaçı aldığını etiraf etmiş və həmin qızılların pulunu, yaxud qızıl-zinət əşyalarının özlərini tezliklə qaytaracağını bildirmişdir. Həmin diskdə həmçinin cavabdehin aldığı (iddia ərizəsində qeyd olunan) qızıl-zinət əşyalarının fotoşəkillərini də vardır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 iyun 2023-cü il tarixli 9/3430 nömrəli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8000,0 manat müəyyən edilir. Zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların qiymətlərini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də brilyant qaşlar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş qızıl-zinət əşyaları məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.1-ci maddəsinə əsasən alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 596.2-ci maddəsinə əsasən əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki mülki iş üzrə iddiaçının nisyə alqı-satqı müqaviləsi üzrə satılmış əşyanı cavabdehə verməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarına əlavə olunmuş audio diskə baxış keçirilərkən, hazırki işdə iddiaçının özünə məxsus qızıl-zinət əşyalarını cavabdehə 6500 manat pula satdığı, cavabdehin isə şərtlənmiş müddətdə borcundan heç bir ödəniş etmədiyi müəyyən edilmişdir. Odur ki, iddiaçı alqı-satqı müqaviləsinin tələbinə əsasən cavabdehdən borcunu tələb etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi məbləğ, ekspertiza rəyinə əsasən müəyyən olunmuş məbləğdən az olduğundan, iddia tələbi həcmində təmin edilməli, cavabdehdən qızıl-zinət əşyalarının özü, qızıllar olmadığı təqdirdə isə qızıl-zinət əşyalarının dəyəri olan 6500 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın – əldən çıxmış fayda kimi 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən əldən çıxmış faydaya görə 2000 manat məbləğində pul tələb etməsinə baxmayaraq, lakin bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab:AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3, 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat dəyərində bir cüt brilyant qaşlı sırğa, 1000 manat dəyərində bir ədəd brilyant qaşlı bilərzik, 3300 manat dəyərində bir ədəd 33 qramlıq qızıl boyunbağı, 500 manat dəyərində bir cüt 8 qram çəkidə sırğa, 500 manat dəyərində bir ədəd 10 qram çəkidə hörmə qızıl bilərzik, həmin qızıllar olmadığı təqdirdə qızıl-zinət əşyalarının dəyəri olan 6500 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar