Məhkəmə qərarları › İş №2(023)-395/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-395/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-395/2023 19.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ İ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şübet qızının katibliyi ilə, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara olan 800 (səkkiz yüz) manat pulun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən onları Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində muzdla işləməyə apararaq hər günə 16 manat pul ödəməli idi. Lakin cavabdeh 1130 manat ödəməli olduğu puldan 330 manat ödəmiş, qalan 800 manat borcunu ödəməmişdir. Bununla bağlı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər, araşdırma aparıldıqda cavabdeh onlara olan borcunu etiraf etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh onlara olan 800 (səkkiz yüz) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən onlar Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində muzdla işləməyə getmişlər. Nadirin bağında işi qurtarıb, əmək haqlarını aldıqdan sonra, sonuncu başqa bir bağda iş olduğunu demişdir. Onlar Nadiri tanıdıqlarına görə həmin bağın kimin olmasını soruşmadan 8-9 gün həmin bağda işləmişlər. Lakin Nadir orada gördükləri işin pulunu onlara verməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən onlar Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində muzdla işləməyə getmişlər. Həmin vaxt görüləcək işin qiymətini günü 16 manatdan olmaqla Nadirlə danışmışdır. O, əvvəl Nadirin bağında işləmiş və Nadir görülən işin pulunu ödəmişdir. Daha sonra o, Kamandar adlı şəxsə məxsus bağda işləməyə getmişdir. O, Kamandarın bağında işlədiyi vaxt onun pulu ödənilməmişdir. Belə olan halda o, pulun ödənilməsi ilə bağlı Nadirə müraciət etdikdə, Nadir pulunu Kamandardan tələb etməsini bildirmişdir. Həmin vaxt Nadirə işi onunla danışdığını, Kamandarı tanımadığını bildirmiş və bağa Nadirin vasitəsilə gedib işlədiyi üçün, hazırda pulu Nadirdən tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, ona bağında iş görmək üçün fəhlə lazım olmuş və bununla bağlı o, Şəmkir rayonu Zəyəm qəsəbəsinə gəlmişdir. O, ortaq tanışları vasitəsi ilə İddiaçı1 ilə tanış olmuş və onunla razılığa gəlmişdir. Elmidarın gətirdiyi fəhlələr onun bağında iki gün işləmişlər və o, həmin fəhlələrin pulunu vermişdir. Onun bağında iş qutarandan sonra tanışı Kamandar adlı şəxs fəhlələri onun bağında işləməyə çağırmışdır. Görüləcək işə görə əmək haqqını Elmidar Kamandarla danışıb razılaşmışdır. O, Kamandarın bağında işləyəcək fəhlələrin əmək haqları ilə bağlı Elmidarla heç bir danışıq aparmamışdır. Elmidar işin pulunu Kamandarla danışsa da, işi görüb qutarandan sonra ona zəng vurub Kamandarın onların pulunu vermədiyini bildirmişdir. O, Kamandarla danışmış, lakin Kamandarın onlara nə qədər pul verdiyindən xəbəri olmamışdır. Ona görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, şahid ifadələrini və iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı1 Nadirin vasitəsi ilə tanımışdır. Əvvəlcə fəhlələr Nadirin bağında işləmişlər. Sonradan onun bağında fəhlələrin işləməsi ilə bağlı Elmidar Nadirlə deyil, onunla razılığa gəlmişdir. O fəhlələrin pulunu ödəmiş, Elmidara hər hansı borcu qalmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN Şəmkir rayon PŞ X2 İddiaçı1 ünvanladığı 31 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, müraciəti polis orqanlarının səlahiyyətində olmadığından mülki qaydada məhkəmə orqanlarına müraciət etməkləri tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı1 Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncuya məxsus bağda işləməsi üçün günü 16 manata razılığa gəlmişlər. Sonradan Nadir onları başqa bir bağda işləməyə göndərmişdir. İddiaçı cavabdehin həmin bağda gördükləri isə görə əmək haqqını verməkdən imtina etdiyini qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hazırki mübahisə üzrə iddianın hüquqi əsası ilə bağlı mülki qanunvericiliyinin aşağıdakı müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Beləliklə, işin müəyyən olunmuş halları ilə məhkəmə yekun nəticəyə gələrək qeyd edir ki, İddiaçı1 Cavabdeh məxsus bağda işləməsi üçün onların arasında şifahi tapşırıq müqaviləsi olduğunu, cavabdehin ona 800 (səkkiz yüz) manat borcunun olduğunu qeyd etsə də, tərəflərin məhkəmə iclasında verdikləri izahatdan və şahid ifadəsindən görünür ki, tərəflər arasında hər hansı müqavilə ilə bağlı borc yaranması müəyyən edilmir. Belə ki, məhkəmə iclasında iddiaçının verdiyi izahatından görünür ki, o, əvvəl Nadirin bağında işləmiş və Nadir görülən işin pulunu ödəmişdir. Daha sonra o, Kamandar adlı şəxsə məxsus bağda işləmiş və Kamandarın bağında görülən işin pulu ödənilməmişdir. Lakin, məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində fəhlələrin onun bağında işləməsi ilə bağlı Elmidarın Nadirlə deyil, onunla razılığa gəldiyini, görülən işin pulunu ödədiyini və Elmidara hər hansı borcu qalmadığını bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar