Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-431/2024 08.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə 08 aprel 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh 14 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, habelə mediasiya xərcini təşkil edən 50 (əlli) manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə xx.xx.2017-ci ildə el adəti ilə evlənmişlər, xx.xx.2017-ci ildə nikahı rəsmiləşdirmişlər. Birgə nikahdan 14 sentyabr 2018-ci ildə Məsud adlı uşaq doğulmuşdur. Cavabdeh tərəfindən baş vermiş ziddiyyətlər ailənin dağılmasına səbəb olmuşdur. Cavabdehlə nikahı məhkəmə qaydasında pozulmuş və uşağının saxlanması üçün aliment təyin edilmişdir. Qazax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(023)-467/2022 saylı qətnaməsinə əsasən 14 sentyabr 2018-ci il təvəllüdlü Məsud adlı uşağın saxlanması üçün 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh təyin olunmuş alimentdən əlavə heç bir maddi yardım etmir. Uşaq böyüdükcə onun tələbatları da artır. Lakin təyin olunmuş aliment uşaqların maddi ehtiyaclarının təmin edilməsi üçün kifayət etmir. Cavabdeh Qazax Rayon Diaqnostika Mərkəzində işləyir və yüksək əmək haqqı alır. Həmçinin cavabdeh yüksək məbləğdə pensiya alır, Kosalar kəndində pay torpaq sahəsi var, həmin torpaq sahəsindən də kifayət qədər gəlir götürür. Odur ki, qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən Məsud adlı uşağın saxlanılması üçün 150 manat aliment müəyyən edilmişdir. "xxxx" MMC-də mühafizəçi işləyir, ayda 345 manat əmək haqqı alır, başqa heç bir gəliri yoxdur. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Belə ki, hazırda başqa qadınla evlənmişdir və həyat yoldaşı hamilədir. Torpaq sahəsini əkib-becərmir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2020-ci il tarixdə pozulmuşdur, bu barədə 52 saylı akt qeydi tərtib olunmuşdur. Nikah ləğv olunduqdan sonra qadına Vəliyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 14 sentyabr 2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(023)-467/2022 saylı qətnaməsindən görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(104)-2562/2020 saylı qətnaməsi ilə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılması, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin verdiyi 22 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən etibarən əmək müqaviləsi ilə "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir və onun orta aylıq əmək haqqı 380 manat təşkil edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2400 manat məbləğində təşkil etdiyindən 30+14 manat, cəmi 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya şəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq, mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli 2(023)-467/2022 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 14 sentyabr 2018-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiya xidməti üçün ödənilmiş xərcin yarısını təşkil edən 25 (iyirmi beş) manat alınaraq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-431/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-431/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver