Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qazax rayon İş № 2(023)-441/2023 04.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Təmiraz oğlunun iştirakı ilə, İddiaçı Təmiraz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Təmiraz oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Hüseynbəyli kəndi ərazisində fəaliyyət göstərən qəssab kimi tanımışdır. 29 yanvar 2023-cü ildə iri buynuzlu heyvanını balası ilə birlikdə Qazax rayonu ərazisində yerləşən “mal bazarında" satmağa aparmışdır. Həmin vaxt həmkəndlisi X1 da onun yanında olmuşdur. Həmin vaxt cavabdeh onlara yaxınlaşıb heyvanları almaq istədiyini bildirmişdir. O həmin heyvanları 1650 manata cavabdehə satmağı razılaşmışdır. Cavabdeh qonşuların yanında ona 50 manat beh verərək axşam saat 8 radələrində gəlib heyvanı aparmışdır. Qalan 1600 manatı isə fevral ayının 12-də verəcəyini bildirmişdir. Lakin həmin vaxtdan müəyyən müddət keçsə də, cavabdeh onun telefon zənglərinə cavab vermir və ona olan borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə baxışı iclasında İddiaçı Təmiraz oğlu iddia həcminin azaldılması barədə ərizə verərək göstərmişdir ki, o iddia ərizəsində cavabdehin ona 1600 manat borcu olduğunu qeyd etmişdir. Cavabdeh həmin borcdan 500 manat ödəmişdir, hazırda ona 1100 manat borcu qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 1100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı Təmiraz oğlu məhkəməyə ərizə verərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPMnin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 verdiyi ifadəsində göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır. İddiaçı 29 yanvar 2023-cü ildə iri buynuzlu heyvanlarını Qazax rayonu ərazisində yerləşən “mal bazarında" satmağa aparmışdır. Bazardan qayıtdıqda həmin heyvanları 1650 manata razılaşmışdır. Cavabdeh heyvanı aparanda 50 manat beh verdiyini ona demişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X1 verdiyi ifadəsində göstərdi ki, iddiaçı onun həmkəndlisidir. İddiaçı 29 yanvar 2023-cü ildə iri buynuzlu heyvanlarını Qazax rayonu ərazisində yerləşən “mal bazarında" satmağa aparan vaxt o da orada olmuşdur. İddiaçı bazarda həmin heyvanları 1650 manata Cavabdeh satmağa razılaşmışdır. Cavabdeh heyvanı aparmağa gələndə o qabağına çıxmışdır və aparmasına kömək etmişdir. Həmin vaxt Cavabdeh onun yanında iddiaçıya 50 manat beh vermişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Təmiraz oğlundan Cavabdeh 1650 manat dəyərində iri buynuzlu heyvanı nisyə almışdır. Hazırda həmin borcun bir hissəsini ödəsə də, 1100 manatını qaytarmamışdır. İddiaçı dəfələrlə pulu tələb etsə də, cavabdeh pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər malın nisyə alqı-satqısı ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin nisyə-alqı-satqı münasibətlərini və öhdəliyin icrası ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göründüyü kimi Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir. Halbuki, iddiaçı öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının izahatı və şahid ifadəsi iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozduğundan cavabdehlik daşıyır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, 1100 manat pul Cavabdeh alınıb İddiaçı Təmiraz oğluna verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat məbləğində pul alınıb İddiaçı Təmiraz oğluna verilsin. Qiyabi Qətnamədən rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Qazax Rayon Məhkəməsinə ərizə, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra isə 1 (bir) ay müddətində Qazax rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov İş №-2(023)-441/2023 QƏRARDAD QAZAX RAYON MƏHKƏMƏSİ 04 aprel 2023-cü il Qazax şəhəri Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi, İddiaçı Təmiraz oğlunun iştirakı ilə, İddiaçı Təmiraz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Təmiraz oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat pul alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İddiaçı Təmiraz oğlu ərizə ilə müraciət edərək Cavabdeh məhkəmə iclasına gəlməməsi ilə əlaqədar mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Bu Məcəllənin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə, İddiaçı Təmiraz oğlunun işə qiyabi baxılmasına yazılı razılığı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 238-ci maddəsinə əsasən İddiaçı Təmiraz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 238-244-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İddiaçı Təmiraz oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılsın. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-441/2023
Qazax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(023)-441/2023
04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver