Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-480/2025 04.04.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə 04 aprel 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1500 manat pulun və 35 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Qazax rayon Qazaxbəyli kənd sakini Cavabdeh1 qızı Cavabdeh2 ilə nəvəsi X1 2021-ci ildə nişanlamışlar. Həmin vaxtı qızın 18 yaşı tamam olmamışdır. Təxminən 7-8 ay bundan qabaq cavabdehlər nişanı qaytarmışdır. Nişanlı olan vaxt Cavabdeh2 Qazax rayonunda yerləşən Kollecdə oxumuşdur. Cavabdeh2 məktəb xərclərini ödəmək üçün ümumilikdə 900 manat pul və dolanışıqları üçün 1 ədədinin qiyməti 100 manat olmaqla, 6 baş keçi vermişdir. Onlara ümumilikdə 1500 manat dəyərində pul və heyvan vermişdir. Nişan qayıtdıqdan sonra cavabdehlərlə ona verəcəkləri 1500 manat pulu bir ay ərzində qaytarmaları barədə razılığa gəlmişlər. Həmin vaxt cavabdeh qızı azyaşlı olduğuna görə bu öhdəçiliyi boynuna götürmüşdür. Artıq cavabdehlər həmin pulu verməyəcəklərini bildirirlər. Hesab edir ki, cavabdehlər onun hesabına varlanmaq istəyirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh1 iddianı qəbul edərək verdiyi izahatında göstərmişdir ki, iddiaçının əri Mayılla atası dost olmuşlar. İddiaçının nəvəsi Turalla onun qızı Suqra nişanlanmışlar. Həmin vaxt qızı Kollecdə təhsil almışdır. İddiaçı qızı Suqranın təhsil xərcləri üçün 200 manat olmaqla 2 dəfə pul ödəmişdir. 50 manat isə ona borc vermişdir. Sonradan iddiaçının əri Mayıl 6 baş keçini ona pay vermişdir. Bir müddət sonra keçinin 1 başının pulunu vermişdir. Bir müddət sonra isə 5 baş keçini 45 manatdan satıb pulunu vermişdir. İddiaçı ilə aralarında borc məbləği əvvəllər 1000 manat olmuşdur. İndi isə 1500 manat tələb edirlər və həmin məbləği ödəməyə razıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq olaraq 185.5-ci maddəsinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsindən və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçının nəvəsi Cavabdeh2 ilə nişanlı olduğu müddətdə onun təhsil xərclərinə 900 manat məbləğində pul və 6 baş keçi vermişdir. Sonradan onların arasında olan ailə münasibətlər baş tutmamışdır və cavabdeh iddiaçının verdiyi ümumilıikdə 1500 manat pulu geri qaytarılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər hansı hüquqi əsas olmadan pul əldə etmişlər və əsassız olaraq varlanmışlar. Cavabdeh isə məhkəmə iclasında iddiaçıya borcu olduğunu etiraf etmiş və həmin pulu qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehlərdən 1500 (bir min beş yüz) manat pul müştərək qaydada tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1500 (bir min beş yüz) manat pul və 35 (otuz beş) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-480/2025
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-480/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver