Məhkəmə qərarları › İş №2(023)-496/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-496/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-496/2023 13.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X4 və X3 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh, X4 və X3 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 299,17 manat əsas, 0,96 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 300,13 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün illik 29 faiz olmaqla 60 ay müddətinə 10000 manatadək kredit limiti ayrılmışdır. Kreditin ilkin limiti 100 manat təyin edilir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə X2 vərəsələrinin Cavabdeh, X4 və X6 olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zamn qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik oğlduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarınınmənafelərimə alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Lakin cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 01 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan "xxxx" KB ASC ilə mərhum X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə illik faiz dərəcəsi 29 faiz olmaq şərtilə 60 ay müddətinə kredit limiti ayrılmışdır, kreditin ilkin limiti 100 manat təyin edilmişdir. İş materialında olan xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materialında olan Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə X2 vərəsələrinin Cavabdeh, X4 və X6 olduğu müəyyən edilmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" KB ASC tərəfindən mərhum X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 304.13 manat ödənilməmiş borcu qalmış və öhdəliklərinin icrası ilə əlaqədar hüquqi varislər Cavabdeh, X4 və X3 xəbərdarlıq edilmişdir. Cavabdehlər Cavabdeh, X4 və X3 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlərdən X4 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş вахт ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmiş, göstərilənlər nəticəsində cavabdehin iddiaçıya əsas borc üzrə 1049.11 manat borcu yarandığından, cavabdeh isə həmin pulu vaxtında ödəmədiyinə görə iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən müştərək qaydada kredit müqaviləsinə görə yaranmış əsas borc üzrə 299,17 manat əsas, 0,96 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 300,13 manat məbləğində borc alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X4 və X1 299,17 manat əsas, 0,96 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 300,13 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumu və xidmət haqqı üzrə 0,40 (qırx qəpik) manat pul müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar