Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-51/2024 23.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə 23 yanvar 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş zərərə görə 600 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və qüsur aktına görə ödədiyi 50 manat, cəmi 680 manat pulun məcburi qaydada tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 17:24 radəllərində idarə etdiyi «RENAULT MEGANE» markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobillə üçüncü zolaqla Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən Statistika idarəsinin yanında işıqforun yaşıl işığında hərəkətə başlayan zaman ikinci zolaqla hərəkətdə olan moped anidən sola dönmək istəyən zaman idarə etdiyi avtomobilin arxa sağ hissəsinə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və 19 avqust 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla mopedin sürücüsü Cavabdeh əməlində inzibati xəta olması müəyyən edilmişdir və yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsi üçün qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. “RENAULT Servis Mərkəzi” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilinə 600 manat məbləğində ziyan vurulduğu müəyyən edilmişdir. Qüsur aktının alınmasına görə isə “RENAULT Servis Mərkəzi”nə 50 manat məbləğində ödəniş etmişdir. Cavabdehə dəfələrlə avtomobilinə vurduğu zərərin ödənilməsini tələb etsə də cavabdeh zərəri ödəmədiyindən məcburi qaydada ödənilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə göndərdiyi teleqramda iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, maddi imkanı olmadığından iddiaçının tələb etdiyi pulu birdəfəyə ödəyə bilmir. Hər ay 100 manat olmaqla, hissə-hissə ödəyə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsasən iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin HK- 1/942 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mopedin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 17:24-də Azərbaycan Respublikası İXM-nin 338.4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilən əməlinə görə Azərbaycan Respublikası İXM-in 338.4.3-cü maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. İş materiallarında olan . “RENAULT Servis Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, «RENAULT MEGANE» markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomobilə 600 manat məbləğində zərər dəymişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh mopedi idarə edərkən yol hərəkəti qaydasını pozması nəticəsində yol nəqliyyat hadisəsi törətmiş və bu hadisə nəticəsində İddiaçı idarə etdiyi «RENAULT MEGANE» markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşına 600 manat məbləğində maddi ziyan vurmuşdur. Səlahiyyətli orqanın müvafiq qərarına əsasən həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirli bilinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş zərər bilavasitə cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, avtomobilə dəymiş maddi zərərin məbləği - 600 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyidinən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və qüsur aktının alınmasına görə ödənilmiş 50 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və qüsur aktının alınmasına görə ödənilmiş 50 (əlli) manat, cəmi 680 (altı yüz səksən) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №2(023)-51/2024
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-51/2024
23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver