Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-514/2023 18.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh 22 mart 2010-cu ildə anadan olmuş X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 50 (əlli) manat müalicə xərcinin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2008-ci ildə el adəti ilə evlənmişlər. Birgə yaşadıqları dövrdə 22 mart 2010-cu il tarixdə Nurlan adlı uşaqları doğulmuşdur. Qazax Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə Nurlan adlı uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment və 20 manat müalicə xərci tutulması qət edilmişdir. Təyin olunmuş alimentlə uşağını saxlamaqda çətinlik çəkir. Uşağı böyüdükcə tələbatları artır, cavabdeh isə təyin olunmuş məbləğdən əlavə heç bir maddi yardım göstərmir. Bundan başqa uşağın sağ və sol aşağı ətrafın süst parezi, həmçinin beyin günəşi və ürək xəstəliklərindən əziyət çəkir. Özü hal-hazırda heç bir yerdə işləmir, uşağının tələbatlarını təkbaşına təmin edə bilmir. Məhkəmə qaydasında təyin olunmuş aliment uşağınını dərmanlarını ödəmir. Cavabdeh isə fərdi əməklə məşğuldur, kifayət qədər gəliri vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, heç bir yerdə işləmir və heç bir gəliri yoxdur, təyin olunmuş alimenti çətinliklə ödəyir. Həmçinin başqa qadınla evli olmaqla himayəsində üç uşağı var. Həmin uşaqları çətinliklə saxlayır. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 22 mart 2010-cu il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(023)-312/2020 saylı qətnamədən görünür ki, 22 mart 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 07 yanvar 2020-ci ildə başlayaraq ayda 100 (bir yüz) manat aliment və 20 (iyirmi) manat müalicə xərci alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin uşaqlar üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişdən görünür ki, X4 – 2013-cü ildən xəstədir. Ağır poliomielit xəstəliyi keçirmişdir. xx.xx.2013-cü ildə 5 №li xəstəxananın poliomielit şöbəsində müalicə alıb. Uşağın əvvəl sağ aşağı ətrafında süst iflic, sonra isə sol ayağında süst iflic əmələ gəlmişdir. Müalicə davam edir, vəziyyəti orta ağırdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nin Kəbirli kənd İƏD üzrə nümayəndəliyin verdiyi 27 fevral 2023-cü il tarixli, 55 saylı arayışdan görünür ki, Ağcabədi rayon Kəbirli kəndində yaşayan Cavabdeh hazırda heç bir yerdə işləmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından 22 mart 2010-cu il tarixdə Nurlan adlı uşaqları doğulmuşdur. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və Nurlan adlı uşaq iddiaçının yanında qalmışdır. Qazax rayon məhkəməsinin 25 fevral 2020-ci il tarixli qətnaməsi ilə Nurlan adlı uşağın saxlanması üçün 100 manat sabit pul məbləğində aliment və 20 manat müalicə xərci tutulması qət edilmişdir. Həmçinin həmin uşaq xəstədir və müalicəsi davam edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, tərəflərin ailə və maddi vəziyyətlərini, cavabdehin uşağa tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının, eyni zamanda uşağın müalicəsi üçün əlavə xərclərin ödənilməsi üçün zəruri vəsaitə malik olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını, lakin bununla belə iddiaçının heç bir yerdə işləmədiyini, himayəsində azyaşlı, eyni zamanda xəstə uşağınını olduğunu və bu səbəbdən işləmək imkanlarının məhdud olmasını, eyni zamanda cavabdehin də, rəsmi olaraq heç bir yerdə işləməməsini nəzərə alır və hesab edir ki, Cavabdeh 22 mart 2010-cu il tarixdə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına catanadək saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin, Nurlan adlı uşağın müalicəsi üçün 30 (otuz) manat sabit pul məbləğində vəsait tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən vaxtdan deyil, hazırki qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Bundan başqa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddialarda həmin Məcələnin 8.1.1-ci maddəsində iddia qiyməti 1.000 manatadək olduqda 30 manat ödənilməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, illik tutulacaq alimentin məbləği 2400 manat məbləğində təşkil etdiyindən 30+14 manat, cəmi 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 25 fevral 2020-ci il tarixli, 2(023)-312/2020 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 mart 2010-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-514/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-514/2023
18.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver