Məhkəmə qərarları › İş №2(023)-534/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-534/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-534/2023 25.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər X5, Cavabdeh1, X4 və X2 qarşı “borcunun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X4 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Niyazəliyev Vidadi İsmayıl oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X6 və X1 iddiaçının xeyrinə 1547,22 manat əsas, 15,82 manat faiz və 343,67 manat cərimə borcu olmaqla, cəmi 1906,69 manat pul vəsaitinin və 39,07 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Niyazəliyev Vidadi İsmayıl oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 016A********** saylı kredit müqaviləsinə əsasən, borcluya aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2168,69 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 621,49 manat ödəniş etmiş və onun iddiaçıya 1547,2 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh Niyazəliyev Vidadi İsmayıl oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 464 gün üçün hesablanmış faiz borcu 15.82 manat təşkil edir. Kredit razılaşmasının 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 464 gün üçün hesablanmış cərimə 343,67 manat təşkil edir. Ölüm haqqında şəhadətnamədən borclu Niyazəliyev Vidadi İsmayıl oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Cavabdehlər Cavabdeh1, X6 və X3 V.Niyazəliyevin faktiki vərəsələri olmaqla ondan miras qalmış Qazax rayonu, Orta Salahlı kəndində yerləşən 0,57 ha torpaq sahəsindən istifadə etməklə ondan qalmış mirası qəbul etmiş hesab olunurlar. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq Niyazəliyev Vidadi İsmayıl oğlunun İddiaçı QSC-yə olan borcu Cavabdeh1, X6 və X1 tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı QSCnin nümayəndəsi X9 məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, X6 və X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC (Bank) ilə Niyazəliyev Vidadi İsmayıl oğlu (borcalan) arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana aylıq 0.0833 faiz dərəcəsi ilə 60 ay müddətinə, 2168,69 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş kredit məbləğindən istifadə etməyi və kredit müqaviləsi üzrə aldığı kredit məbləğini, habelə kredit məbləğindən istifadəyə görə faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Niyazəliyev Vidadi İsmayıl oğlunun xx.xx.2023-cü il tarixə İddiaçı QSC-yə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1547,22 manat əsas, 15,82 manat faiz və 343,67 manat cərimə olmaqla, cəmi 1906,69 manat borcu yaranmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, Niyazəliyev Vidadi İsmayıl oğlu xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Qazax RİHB-nin Orta Salahlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-21/648 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qazax rayonu, Orta Salahlı kəndində Niyazəliyev Vidadi İsmayıl oğlunun təsərrüfatında hal-hazırda həyat yoldaşı Cavabdeh1, oğlu X6, gəliniu X3, nəvələri X10 və X7 qeydiyyatdadırlar və yaşayırlar. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə mərhum Niyazəliyev Vidadi İsmayıl oğlu arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona kredit verilmişdir. Lakin, Vidadi Niyazəliyev müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 1906,69 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Vidadi Niyazəliyev xx.xx.2021-ci il tarixdə ölmüşdür. Vidadi Niyazəliyev öldükdən sonra hazırki iş üzrə cavabdehlər onun ailə üzvləri – Cavabdeh1, X6 və X3 miras qoyanın qanun üzrə vərəsələri kimi ondan miras qalmış əmlakı faktiki qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum Niyazəliyev Vidadi İsmayıl oğlunun ölümündən sonra ondan qalmış mirası onun vərəsələri– həyat yoldaşı Cavabdeh1, oğlu X6, gəliniu X3 qəbul etdiyindən, cavabdehlər mərhumun öhdəliklərinə görə cavabdehlik daşıyırlar. Məhkəmə, eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 343,67 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən və beləliklə cavabdehin krediti vaxtında ödəməməsi iddiaçıya əhəmiyyətli zərər vurduğundan, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Niyazəliyev Vidadi İsmayıl oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016A********** saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, X6 və X1 1547,22 manat əsas, 15,82 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 1593,04 (bir min beş yüz doxsan üç manat dörd qəpik) manat borc alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 39,07 (otuz doqquz manat yeddi qəpik) manat dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Niyazəliyev Vidadi İsmayıl oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 016A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, X6 və X1 1547,22 manat əsas, 15,82 manat faiz və 30 manat cərimə borcu olmaqla, cəmi 1593,04 (bir min beş yüz doxsan üç manat dörd qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 39,07 (otuz doqquz manat yeddi qəpik) manat pul alınaraq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar