Məhkəmə qərarları › İş №2(023)-60/2025

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-60/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-60/2025 07.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 07 yanvar 2025-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26320 manat pul və ödənilmiş 169 manat dövlət rüsumu olmaqla, cəmi 26489 (iyirmi altı min dörd yüz səksən doqquz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun yaxın dostu olmuşdur. O Rusiyadan qayıtdıqdan sonra sinif yoldaşları ilə görüşəndə bir daha rusiyaya getmək istəmədiyini, münasib bir iş olarsa burada qalıb işləmək istədiyini cavabdeh də daxil olmaqla digər uşaqlara bildirmişdir. Sonra cavabdeh ona yaxınlaşaraq ucuz bir ev satıldığını, təcili almaq lazım olduğunu dedikdə, cavabdehə həmin məbləğdə pulu olmadığını bildirmişdir. Həmin vaxt cavabdeh özündə də pul olduğunu, təxmini 30.000 (otuz min) manat lazım olduğunu bildirmişdir. O, cəmi 26000 manat pulunun olduğunu və həmin pulu bir həftəlik verə biləcəyini bildirmişdir. Çünki, burda işləri alınmadığından, yenidən Rusiya Federasiyasına getmək istəyirdi. Cavabdeh pulun qalanını özünün düzəldəcəyini, evi alıb tezdə ucuz qiymətə satıb onun pulunu qaytaracağını bildirmişdir. O cavabdehlə razılaşıb 26320 manat pulu Cavabdeh vermişdir. Cavabdehin vəd verdiyi vaxt çatanda cavabdehin yalan danışdığı, başqa borcunun olduğu, pulu ondan alıb digər borclarını ödədiyi məlum olmuşdur. O cavabdehdən pulunu istədikdə, başqa bir şəxsin ona borclu olduğunu, həmin pulu alıb ona verəcəyini bildirmişdir. Əlacsız qalıb borcla bağlı ərizə verməsini cavabdehdən tələb etmişdir. Bundan sonra Cavabdeh ona 26320 manat borcu olması barədə notarial qaydada ərizə vermişdir. Cavabdeh borcunu könüllü olaraq ödəmək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh iddiaçının yaxın dostu olmuşdur. Həmin pulu ev alıb-satmaq üçün iddiaçıdan qısa müddətdə qaytaracağını bildirərək borc almışdır. Sonradan borcunu qaytarmadığı üçün borcu barədə notarial qaydada ərizə vermişdir. Lakin buna baxmayaraq cavabdeh borcunu könüllü olaraq ödəmək istəmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclaslarına gəlməməsinin səbəbini üzrsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Qazax rayon notariat ofisində 25 aprel 2023-cü il tarixdə 8İ-2684 reyestr nömrə ilə təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh İddiaçı borc aldığı 26320 manat pulu 28 may 2023-cü il tarixədək qaytaracağı barədə öhdəlik götürmüşdür. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc münasibətləri olduğu üçün həmin münasibətlərə mülki qanunvericiliyin borc münasibətlərini tənzimləyən normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması- öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə,öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Göründüyü kimi Cavabdeh borc müqaviləsi üzrə öhdəliyi müəyyənləşdirilmiş vaxt ərzində icra etməyi öhdəsinə götürməsinə baxmayaraq, icra etməmişdir, halbuki, iddiaçı öz öhdəliklərini heç bir pozuntuya yol vermədən icra etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavbabdeh Cavabdeh iddiaçı qarşısında müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini pozduğundan cavabdehlik daşıyır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq 25 aprel 2023-cü il tarixli yazılı ərizə ilə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan yazılı ərizə əsasında aldığı, müvafiq olaraq 26320 (iyirmi altı min üç yüz iyirmi) manat pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən yazılı ərizə əsasında cavabdehə verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 26320 (iyirmi altı min üç yüz iyirmi) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 26320 (iyirmi altı min üç yüz iyirmi) manat pul və 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumu olmaqla, cəmi 26489 (iyirmi altı min dörd yüz səksən doqquz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar