Məhkəmə qərarları › İş №2(023)-601/2023

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-601/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-601/2023 15.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 28 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış №01 saylı Əlavəyə əsasən plastik kart üzrə 4499,10 manat məbləğində texniki overdraft borcunun və ödənilmiş 65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən 28 oktyabr 2021-ci il tarixli bank hesabının açılması və hesabın idarə edilməsi üçün plastik kartın verilməsi razılaşdırılmış və xx.xx.2021-ci il tarixində Cavabdeh plastik kart verilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə hesabda olan vəsaitdən 4499,10 manat artıq məbləğdə vəsaiti məxaric etməklə texniki overdrafta yol vermişdir. 10 fevral 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh müqavilə üzrə 4499,10 manat borcu vardır. Müqavilənin 10-cu paraqrafınını 4-cü hissəsinin 32-ci bəndində texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri geri qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək, eyni zamanda səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar edildikdə dərhal bankı məlumatlandırmaq müştərinin vəzifəsi kimi göstərilmişdir. Borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış №01 saylı Əlavədən görünür ki, Cavabdeh İddiaçı ASC-nin İdarə Heyətinin qərarı ilə təsdiqlənmiş və Bankın İnternet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxumuş, sənədin bütün müddəaları və tələbləri ilə razıdır və bu razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlərin gələcəkdə onunla Bank arasında yaranan münasibətlərə şamil edilməsinə razıdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən 28 oktyabr 2021-ci il tarixdə plastik kart verilmişdir. Cavabdeh 02 fevral 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ümumi borcu 4499,10 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən müqavilə üzrə yaranmış əsas borcun, faiz və cərimə məbləğlərinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 65 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-230, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 28 oktyabr 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtlər müqaviləsi üzrə bağlanmış №01 saylı Əlavəyə əsasən plastik kart üzrə 4499,10 (dörd min dörd yüz doxsan doqquz manat on qəpik) manat məbləğində texniki overdraft borcu və ödənilmiş 65 (altmış beş) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar