Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-606/2023 16.05.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şübet qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 (beş min) manat pulun və ödədiyi 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun atabir bacısıdır. Cavabdeh ev tikdirdiyi dövrdə ondan borc pul istəmişdir, o da yaxın qohumların iştirakı ilə ona 5000 (beş min) manat borc pul vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh borcunu evi tikib qutardıqdan sonra hissə-hissə qaytarmalı idi. Artıq iki ilə yaxındır ki, cavabdeh Ağstafa rayonunun Dağkəsəmən kəndində evi tam olaraq tikib qurtarmışdır. Lakin buna baxmayaraq hələ də onun borcunu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o bacısına pul verərkən yanında qohumları olmuşdur və həmin şəxsləri şahid qismində məhkəməyə gətirəcəkdir. Odur ki, qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır, o heç vaxt iddiaçıdan pul almamışdır. Həmçinin iddiaçının qeyd etdiyi evi 12 il olar ki, tikdirmişdir. Onun atasının Qazax şəhərində evi vardır, iddiaçı onu ata evindən qeydiyyatdan çıxarmaq istəyir. O, razı olmadığına görə, iddiaçı hazırki iddia tələbi ilə müraciət edərək ona böhtan atır. Həmçinin qardaşı yaşlı atasını öz evindən çölə atıb, atasına da o baxır. O, yaşadığı evi uzun illər işləyərək öz qazancı ilə tikdirmişdir. Ona görə də iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, şahid ifadələrini və iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı dayısı oğludur. Bəstinin Vuqardan pul aldığından xəbəri olmuşdur. Belə ki, onlar hər gün axşam saatlarında dostları ilə parka yığışırlar. Onlar parkdakı çayxanada olan zaman Vüqar fantanın yanında Bəstinin onu gözlədiyini deyib, çayxanadan çıxmış və qayıdanda Bəstiyə pul verdiyini demişdir. O, Vüqarın Bəstiyə pul verdiyini şəxsən görməmiş, eyni zamanda Vüqarın Bəstiyə hansı məbləğdə borc pul verməsindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 digər şahid Rasim Nəbiyevlə oxşar məzmunlu ifadə verərək, ifadəsində göstərmişdir ki, İddiaçı dayısı oğludur. O, dostları ilə çayxanada olan vaxt Vüqar onların yanına gəlmişdir. Vüqar Bəstinin ondan pul istədiyini, ona həmin pulu gətirdiyini demişdir. Vüqar Bəstinin gəldiyini deyib çayxanadan çıxmış, qayıdanda Bəstiyə pul verdiyini demişdir. O, Vüqarın Bəstiyə pul verdiyini şəxsən görməmiş, eyni zamanda Vüqarın Bəstiyə hansı məbləğdə borc pul verməsindən xəbəri yoxdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən sonuncuya ev tikdirdiyi üçün 5000 manat borc pul verdiyini, hazırda cavabdehin borcu qaytarmaqdan imtina etdiyini qeyd edərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində də nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlər baxımından məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər borc müqaviləsindən yarandığından, həmin münasibətlərə də borc müqaviləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də cavabdehin hüquqazidd əməli nəticəsində ona maddi ziyan dəyməsini sübutetmə yükü bütövlükdə iddiaçının üzərinə düşür. Beləliklə, işin müəyyən olunmuş halları ilə məhkəmə yekun nəticəyə gələrək qeyd edir ki, İddiaçı cavabdehin ona 5000 (beş min) manat borcunun olmasını qeyd etsə də, həmin borc məbləğinin cavabdehə verilməsini təsdiq edən hər hansı sübutu iş materiallarına əlavə etməmişdir. Eyni zamanda, məhkəmə iclasında dindirilmiş şahidlər X3 və X1 məhkəmə iclasında verdikləri ifadələrindən də müəyyən olunmuşdur ki, onlar Cavabdeh İddiaçı pul borcunun olmasını yalnız Vüqardan eşitmişlər. Belə ki, onlar Vüqarın Bəstiyə pul verdiyini şəxsən görməmişlər, eyni zamanda Vüqarın Bəstiyə hansı məbləğdə borc pul verməsindən xəbərləri yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı müqavilə ilə bağlı borc yaranması müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №2(023)-606/2023
Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-606/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver