Məhkəmə qərarları › İş №2(023)-609/2024

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(023)-609/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(023)-609/2024 27.06.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2300 (iki min üç yüz) manat borcun, hüquqi yardımın göstərilməsi üçün ödədiyi 300 manatın, 20 manat marka pulunun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlunun dostu olan və Naxçıvan şəhərində yerləşən hərbi hissələrin birində xidmət edən Cavabdeh 22 may 2022-ci il tarixdə ondan 3000 manat borc pul götürmüşdür. Cavabdeh aldığı pulu ən geci 2022-ci ilin dekabr ayına kimi qaytaracağına söz vermişdir. Buna görə də şəxsiyyət vəsiqəsinin surətində borc alması və borcu qaytarması barədə yazmış, öz imzası ilə təsdiq edib ona vermişdir. Əlavə olaraq öz şəxsiyyət vəsiqəsini və pul kartını da ona vermişdir. O cavabdehin pul kartından bir dəfə əmək haqqından 700 manat pul çəkmişdir. Sonra Cavabdeh hərbi xidmətdən təxris olunduğundan onun maaş kartına pul köçürülməmişdir. O dəfələrlə cavabdehdən borc pulu istəməsinə baxmayaraq verdiyi pulu geri ala bilməmişdir. O məcbur qalaraq cavabdehin qeydiyyatda olduğu ünvana və ona məlum olan yaşayış yeri üzrə ünvana pretenziya məktubları göndərərək pulunu istəmiş və borcunu verməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini, bununla bağlı çəkəcəyi bütün xərcləri ondan alacağını bildirmişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan yayınır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı və onun vəkili Vəkil məhkəməyə göndərdikləri teleqramda üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd edərək, işə onların iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında bildirdi ki, İddiaçı faizlə 3000 manat pul götürmüşdür və bununla bağlı qəbz yazıb imzalamışdır. Lakin o, aldığı pulu tam olaraq iddiaçıya qaytarmışdır. Belə ki, iddiaçıdan pulu götürərkən əmək haqqı kartını iddiaçıya vermişdir. İddiaçı onun əmək haqqı kartından 6 ay 260 manat, 3 ay isə 400 manat pul çıxarmışdır. Onun hal-hazırda iddiaçıya pul borcu qalmamışdır. Odur ki, iddianı təmin edilməməsini xahiş edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh məxsus şəxsiyyət vəsiqəsinin surətində yazılmış müqavilədən görünür ki, mən Cavabdeh İddiaçı 3000 manat borc pul almışam. Aldığım pulu ən geci dekabr ayının axırında qaytaracam. Şəxsiyyət vəsiqəmi və pul kartımı pulun qarşılığında vermişəm. Pul kartımın nömrəsi: **********154045. 22 may 2022ci il imza Cavabdeh. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sorğu olunan dövrdə bankomatla aparılmış əməliyyatlara dair görüntülərin saxlanma müddəti bitdiyindən görüntülərin təqdim olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutları araşdırıb, müəyyən edir ki, Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti əks olunmuş vərəqədə İddiaçı 3000 manat borc alması barədə sadə yazılı formada qəbz yazaraq ona olan borcunu etiraf etmişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı 3000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edən sübutları, yəni cavabdeh tərəfindən yazılaraq imza edilmiş müqaviləni məhkəməyə təqdim etmişdir. İddiaçı iddia ərizəsində cavabdeh Amil Orucovun ona olan 3000 manat borcundan 700 manat pulu əmək haqqı kartından çəkdiyini, qalan borcunu isə dəfələrlə qaytarmasını tələb etsə də, cavabdehin borcunu qaytarmaqdan boyun qaçırdığını bildirmişdir. Bundan başqa iddiaçı məhkəməyə təqdim etdiyi “WhatsApp” sosial şəbəkəsində cavabdehlə aralarında olan yazışmada dəfələrlə cavabdehdən pulunu tələb etməsinə baxmayaraq, cavabdehin hər dəfə müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığı öz təsdiqini tapmışdır. Cavabdeh Amil Orucov isə məhkəmə iclasında verdiyi izahatında iddiaçının onun əmək haqqı kartından dəfələrlə pul çıxararaq, borcunu tam olaraq götürdüyünü, hazırda iddiaçıya borcunun olmadığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı Amil Orucova məxsus olmuş **********154045 nömrəli karta dair hesabdan çıxarışa baxış keçirilmiş, həmin məbləğlərin cavabdehə məxsus kartdan çıxarılması təsdiqini tapmamışdır. Eyni zamanda "xxxx" ASC tərəfindən sorğu olunan dövrdə bankomatla aparılmış əməliyyatlara dair görüntülərin təqdim olunması mümkün olmadığından iddiaçının cavabdehin əmək haqqı kartından hansı tarixlərdə və hansı məbləğdə pul çıxarmasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə, cavabdeh iddiaçıya olan borcunu qaytarmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı iltizamla müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan yazılı iltizam əsasında aldığı 3000 manat pulun ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Həmin puldan 700 manatı iddiaçıya ödənilmiş, cavabdeh qalan 2300 manat pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı qeyd edilən 2300 (iki min üç yüz) manat pul məbləğini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2300 (iki min üç yüz) manat pul alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən Naxçıvan MR-sı Vəkil Kollegiyasının hesabına 300 manat və Qazax Rayon Məhkəməsinin hesabına 47 manat pul köçürülmüşdür. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan hüquqi yardıma görə ödənilmiş rüsum, dövlət rüsumu və marka pulu da cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 300 manat vəkil xərci, 47 manat dövlət rüsumu və 20 manat marka pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat borc, vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində pul, 20 manat marka pulu və 47 (qırx yeddi) manat dövlət rüsumu alınıb İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar